Ələddin adında bir adam tanıyıram. Onun hökmlü, ucadan və səlis danışmaq bacarığı var. Sadalamadığım bir çox keyfiyyətləri hələ demirəm. Özü də yaşda məndən bir neçə bayram kiçikdir. Böyük kimi, hər zaman mənə hörmətlə yanaşır və onu qoruyub saxlamağa çalışır. Bir yerdə olarkən heç vaxt artıq hərəkətlərə yol vermir, kobud ifadələri dilinin ucuna gətirmir. Davranışı ilə hər kəsin yanında hörmət qazanaraq münasibətlərdə müəyyən xətləri qoruyub saxlamağı bacarır. Amma, "hər gözəlin bir eybi "olduğu kimi, bu insanın da catışmayan bir cəhəti var. Bu da yaxın adam olaraq məni narahat edir. İllərdir, mən ona dostyana bu qəbahəti tərgitməyi dönə- dönə məsləhət görürəm. Ancaq nə olsun ki, bir faydası olmur. Sonda, belə qənaətə gəldim ki, bir insan ona xas olan mənfi xarakteri bu yaşa qədər dəyişə bilməyibsə, bundan sonra ondan nəsə yenilik gözləməyə inanmaq, məncə insanın özü- özünü aldatması kimi bir şeydir. Həyatda heç bir insan ideal deyil. Hər kəsin bir eybi var. Lap tanınmışlar, məhşur insanlar olsalar belə. Sadəcə, insan deyilən məxluq öz qəbahətini, qüsurunu özü görə bilmir. Kənardan isə, daha aydın görünür. Yaxşı dostun, ysxşı insanın sənin görə bilmədiyin səhvi qəlbə toxunmayacaq tərzdə özünə bildirməsi yaxşı mənada dəyərləndirməlidir.
Haqqında danışdığım Ələddinin yaxşı natiqliq qabiliyyəti, ona qulaq asanları inandırmaq bacarığı var. Bu keyfiyyət hər adamda olmur. O ucadan danışan zaman əl- qolunu havada yelləyir, jestlərlə söhbətin daha da maraqlı alınmasına çalışır. Çox vaxtlar da istəyinə nail olur. Bəzən söhbətin qızğın yerində dinləyənləri inandırmaq üçün əlini mənə tərəf uzadıb adımı çəkir. Nağıl etdiyi hadisənin məzmununa uyğun şahid kimi mənim də orada olduğumu söyləyir. Mən isə tərəddüt edirəm. Cavab verməkdə çətinlik çəkir, utanıb qızarıram. Onun dediklərini təsdiqlımək üçün bilmirəm "hə" , yoxsa "yox" deyim. İllərdir, hər zaman irad tutduğum, ona unutdurmaq istədiyim adına qəbahətmi deyək, qüsurmu deyək, fərq etməz. Hansı adla çağırırıqsa, çağıraq, bax budur. Amma təssüflər olsun ki, bu günə qədər hələ də istəyimə nail ola bilməmişəm. Yadımdan çıxmamış onu da deyim ki, söhbət zamanı Ələddinin şişirtmələri nə ciddi şəkildə hiss olunur, nə də heç kim bundan zərər görmür. Sadəcə, bunlar söhbətin daha da şirin və maraqlı alınmasına hesablanan bir üsuldur. O isə bu məsələlərdə həmişə özünü haqlı sayır. Məni də hər vəclə inandırmağa çalışır. Deyir ki, hər şeyi düzgün, olduğu kimi nağıl edəndə qulaq asanlar üçün maraqsız və yorucu olur. Həm də işlərim rəvan getmir. Amma danışdıqlarıma bir az bəzək- düzək verib, hisolunmaz şəkildə şişirtmələr edəndə hamı mənə maraqla qulaq asır. Həm də işlərim " xod" gedir. Mən isə Ələddinin söylədiklərini heç vaxt qəbul edə bilmirəm. O məni dediklərinə inandırmağa nə qədər çalışsa da , mən ' Ən böyük biclik- düzlükdür" prinsipinə həmişə olduğu kimi , yenə də sadiq olaraq qalıram.
Elxan Çıraxlı
Oxunub: 514