dini radikalizm və ekstremizmlə mübarizə

Murad Qaflanovun söz inciləri



Bir dostum olmadı

Bir dostumuz olmadı ki,dərdimizi bölüşüb
Dərd ortağı adı qoyub,göstərək yad olana
Ayda-ildə neçə kərəm çay içməyə görüşüb
Şirin-şirin söhbətləşib, başımıza dolana

Bir dostumuz olmadı ki,başı qoyaq diz üstə
Uzun,incə hörükləri üzümüzə toxuna
Və gözlərə baxa-baxa, deyə məndən eşq istə
Sədaqəti, məhəbbəti üz-gözündən oxuna

Bir dostumuz olmadı ki,ona dəstə gül alaq
Bu dünyanın naz-nemətin ayaqı alta düzək
Məhəbbəti qoynumuzda daşıyıb qucaq-qucaq
Bir-birindən doymayaraq əl-ələ tutaq gəzək

Bir dostumuz olmadı ki, uzaq düşə qəm-qəhər
Sevinməkdən bezib biz,şənlənməkdən yorulaq
Bir dostumuz olmadı ki, gəzərək şəhər-şəhər
Hər elin, hər obanın əziz qonağı olaq.

Dəyərmi

Səni sevən ilə dost ol, sirdaş ol
Gedənin dalınca bir də ağlama.
Aldadıb özünü şirin yalanla,
Ağrımaz başına ləçək bağlama.

Kül olan sevgini üfürmə yazıq,
Onda közmü qalıb alışa,yana.
O kül gözlərinə sovrulacaqdır,
Dəyərmi boş olan bir eşqdən yana.

Götür bu yaylığı sil göz yaşını
İncitmə canını, inan ki, dəyməz.
Qədrini bilməyən insan şəninə,
Yüz qədir ağacı əksən də bitməz.

Çəkil qabağından, qoy çıxıb getsin
Zorla sevgi olmaz, məhəbbət olmaz.
Eşqin baxçasında süni çiçəklər,
Məhəbbət görərsə bir ömür solmaz.

Daha öz qayğını özünə saxla
Sənə səndən başqa kim qalacaq ki,.
Bu dərdi dərd bilmə, yadından ,
Demə bundan da betər dərd olacaq ki,?

Sən dərd görməmisən, qəm görməmisən
Dərd var ki, nə yanır, nə də ki, sönür.
Bəzən qüssələnən bir cüt ala göz,
Suyu qurumayan bulağa dönür.

Kasıb

Marketi gəzərsən boşu-boşuna,
Ala bilmədiyin gələr xoşuna.
Dostun yox,düşmənin taydı qoşuna,
Belə yaşamaqdan bezmədin kasıb?

Sülənib küçəni o baş, bu başa
Arzular az qalır həddini aşa.
Söykən bir divara, başı vur daşa,
Belə yaşamaqdan bezmədin kasıb?

Həsrətsən kababa, gələr qoxusu
Dərdini anlamaz heyf çoxusu.
Acından yatanmaz, gəlməz yuxusu,
Belə yaşamaqdan bezmədin kasıb?

Düşüb avtobusdan qaçıb gedirsən,
Bir göz qırpımında gözdən itirsən.
Yazdığım şeirdə yoxsul sətirsən,
Belə yaşamaqdan bezmədin kasıb?

Arvad da, uşaq da bezib üzündən
Səni vecə almır,çıxır sözündən.
Tanıyan kəslərin düşdün gözündən,
Belə yaşamaqdan bezmədin kasıb?

Toya çağırmırlar, yasdan qovurlar
Üzünü danlayıb,gözün ovurlar.
Lazımsız əşyatək kənar qoyurlar,
Belə yaşamaqdan bezmədin kasıb?

Mənə döz deyən qadın

Görən darıxırsanmı yadına düşəndə mən,
Hərdən heç kövrəlirsən, səni sıxırmı heç qəm?
Getmir gözüm önündən, getmir o xoşbəxt görkəm,
Hər gün qapı önündə məni gözləyən qadın.

Qucaqlardın boynumu, gözündən yaş axardı
Gözlərin məhəbbətlə gözlərimə baxardı.
O bəxtəvər günləri sanki yellər apardı,
Məni hər addımımda eşqlə izləyən qadın.

Düşünürdüm ki, bizi ölüm ayırar yalnız,
İndi sən orda təksən,mən isə burda yalqız.
Yoxsa nəzər toxundu, de görüm noldu ay qız,
Mənim üçün darıxan, məni özləyən qadın.

Zülmət, qaranlıq otaq, bu otaqda yanan şam
Artıq ölən ümidlər, yarı yolda qalan kam.
Sıxıb bərk-bərk əlimi, hər gün,hər səhər,axşam
Hardasan, bir cavab ver, mənə döz deyən qadın.


Mənim nə vecimə qonşu evdə ac,
Yeməyə yoxudur şor-pendir, qalac.
Ölsün lap acından,olsun yalavac.
Hacı olmaq üçün Hacca gedirəm.

Yetimin dalına vururam təpik,
Pis gündə olana çalıram çəpik.
Kimsəyə vermirəm bir qara qəpik,
Hacı olmaq üçün Hacca gedirəm.

Gedib gətirəcəm zər-ziba, xalat
Beləcə varlanır bütün camaat.
Şeytanı daşlayıb, edib salavat
Hacı olmaq üçün Hacca gedirəm.

Günahım azalsın, savab qazanım
Üzdə namaz qılım,dinim, azanım.
Xəlvətdə kafeyə,bara yan alım
Hacı olmaq üçün Hacca gedirəm.

Başıma qoyacam buxara papağ,
Adıma bir Hacı adı da calağ.
Gələcək təbrikə dost-aşna qonağ,
Hacı olmaq üçün Hacca gedirəm.

Oxunub: 196
Oxşar xəbərlər
SON XƏBƏRLƏR