dini radikalizm və ekstremizmlə mübarizə

Xocavənddə şəhid Əfqan Yəhyayevin xatirəsi anılıb



Xocavənddə Birinci Qarabağ müharibəsi zamanı 19 yaşında şəhidlik zirvəsinə ucalan Əfqan Hacağa oğlu Yəhyayevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü münasibətilə təşkil olunan anım mərasimlərində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Xocavənd rayon Salakətin kənd tam orta məktəbində keçirilən anım tədbirində çıxış edənlər Əfqanın qısa və şərəfli ömür yolundan, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi şücaətdən və Vətən müharibəsində qazanılan şanlı Zəfərdən danışıblar.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi daim əziz tutulacaq.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Əfqan Yəhyayev Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanıb, özünümüdafiə batalyonlarına qoşulub. Xocavəndin yaşayış məntəqələri uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla savaşıb. Döyüş yoldaşları arasında “Malış” ləqəbi ilə tanınan Əfqan 1992-ci il oktyabrın 7-də Nərgiztəpə istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Həmin yerdə xatirə kompleksi yaradılıb. Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.

Tədbirdə şəhidin atası Hacağa Yəhyayev, Əfqan Yəhyayev adna Çiləgir kənd tam orta məktəbinin direktoru Anar Nəcməddinli, Salakətin kənd tam orta məktəbinin direktoru Rəmziyyə Aslanova, şəhidin döyüş yoldaşları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda can verən şəhidlərimizin daim yaddaşlarda qalacağını qeyd ediblər.

Bildirilib ki, oktyabrın 30-da əlli yaşı tamam olan Əfqan Yəhyayev həmişə 19 yaşlı gülərüz və cəsarətli qəhrəman kimi xatırlanacaq.

Tədbirin sonunda Əfqan Yəhyayevə həsr olunan film nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompozisiya təqdim ediblər.

Anım mərasimin iştirakçıları Əfqanın şəhid olduğu yerdə yaradılmış xatirə kompleksini ziyarət edib, abidə qarşısına əklil oyaraq şəhidin xatirəsini ehtiramla anıblar.

Keçmiş Xocavənd özünümüdafiə batalyonunun tağım komandiri Əbülfət Hüseynov Əfqan haqqında xatirələrini bölüşüb, tədbir iştirakçılarına onun son döyüşü barədə məlumat verib.

Daha sonra anım mərasimin iştirakçıları Xocavənd Şəhidlər xiyabanını ziyarət edib, burada uyuyan şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.















Oxunub: 999
Oxşar xəbərlər
SON XƏBƏRLƏR