dini radikalizm və ekstremizmlə mübarizə

Qaçaq Həbib kimdir?


Xalqımızın tarixində qaçaq adıyla tanınan elin, obanın qeyrətini çəkən, kasıblara əl tutan, ədalətsizliyə qarşı mübarizə aparan qəhrəman oğullarımız çox olub. Belə qəhrəmanlardan biri də Qaçaq Həbibdir.

Qaçaq Həbib( Həbib Hüseynov) 1898- ci ildə Ağdam rayonunun Əhmədağalı kəndində dünyaya göz açıb. Sovet hakimiyyətinə qarşı kəskin mübariz olub. 1936- cı ildə qətlə yetirilib.

Qonşu Mahrızlı kəndində Həbibin Bəylərbəyi adlı bir dostu olub. Hökumətə qarşı çıxdığına görə Bəylərbəyi həbs edilərək Sibirə sürgün olunub. Sürgün həyatını qalın meşəlikdə keçirən Bəylərbəyi əvvəllər heç yana çıxa bilməyib. Bir gün o meşədə donuz nəcisinə rast gəlir və donuzun birdə bura gələcəyini düşünür. Belə də olur. Donuzu minərək oradan uzaqlaşır.

Onu axtaran hökumət adamları Bəylərbəyinin yerini müəyyənləşdirə bilmirlər. "Onun yerini ancaq dostu Həbib bilər"- deyə Həbibə müraciət edirlər. Şura hökuməti Həbibə dostunun yerini deməsi və ələ keçirilməsi üçün kömək etməsi müqabilində ona müxtəlif vədlər verirdilər. O isə bu hökumətə olan sonsuz nifrətini açıq şəkildə ortaya qoyur: "Bu gündən mən də sizə qarşı mübarizə aparacağam"- deyb əlinə silah qaçaqlıq etməyə başlayır. Onun rejimə qarşı apardığı mübarizə tarixində çoxlu maraqlı hadisələr olub. Danışırlar ki, bir dəfə camışların belində evə gələn Həbibi silahlılar mühasirəyə alır. Silahlarını ona tərəf tuşlayıb təslim olmasını tələb edirlər. Həbib bir anın içərisində yaxınlıqdakı quyuya tullanır. Onun arxasınca çoxlu güllə atırlar və elə bilirlər artıq Həbib ölüb. Bir neçə dəqiqədən sonra isə Həbibin səsi kənddən gəlir.

Qonşu Mahrızlı kəndində "Ağabəy" deyilən bir yerdə güclü döyüş gedir. Burada Həbib tək olur və cəld tərpənərək bir silahdan tez- tez yerini dəyişərək müxtəlif istiqamətlərdən onu tutmaq istəyənlərə qarşı atəş açır. Qarşı tərəf Həbibin tərəfdarlarının sayının çox olduğun, döyüşməyin mənasız olduğunu düşünərək çıxıb gedirlər.

O təbiətcə mərd bir insan olub. Sadə camaat onu çox istəyirmiş. Kolxoz quruculuğu illərində o kəndliləri kolxozda işləməməyə çağırıb. Həbibin həm də gözəl səsi olub. Ailəsi uzaqdan onun məlahətli oxumasını eşidəndə Həbibin sağ olduğunu bilirdilər. Bir dəfə qonşu kəndin məclislərinin birini mərhum sənətkar Xan Şuşiniski feyziyab edirmiş. Burada olan Həbib Xan Əminin əlindən qavalı alıb " Qarabağ Şikəstəsi"- ni gözəl avazla oxuyur. Deyilənə görə, Xan Əmi Həbibin bu ifasından sonra bir daha şikəstə oxumayacağını söyləyib.

Atlılar Həbibi diri tutmağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Bu məqsədlə pusqu qurmaqlarının heç bir nəticə vermədiyini görüb başqa vasitəyə əl atırlar. Həbibin yaxın dostlarından biri ilə onun gizləndiyi yerə gəlirlər. Dostu Həbibdən silahı yerə qoyub üzə çıxması və təslim olmasını bildirir. Söz qurtaran kimi, Həbib beşatlandan atəş açaraq dostunun atını vurur. "Atı kişi minər, sən isə kişi deyilsən" söyləyir.

Həbib həm də sərrast atıcı olub. Bir dəfə onu tutmaq istəyən milis işçiləri taxıl zəmisində gizlənirlər. Zəmidə sünbül tərpənən kimi, Həbib o yeri atəşə tutur. Bu "plan" da bir nəticə vermir.

O vaxt qaçaqlıq edənlər bir neçə dəstəyə bölünürmüşlər və bəzən onlar arasında da atışmalar olurdu.Bir dəfə Qaçaq Həbib laçınlı kürd Hüseynin papağını güllə ilə vurub yerə salır. Qaçaqlar onun güllə səsini yaxşı tanıyırdılar. Belə bir hadisə danışırlar ki, bir dəfə Həbib öz qohumu ilə yol gedərkən onların ayaqların altını gülləyə tuturlar. Həbib isə cəld tərpənərək qoşalülə ilə havaya bir neçə dəfə atəş açır. Qarşı tərəf gedənin Həbib olduğunu bilib atəşi dayandırır.

Həbibi diri tuta bilməyən hökumət adamları həmişə vahimə içərisində olurlar. Bir dəfə evini silahlılar mühasirəyə alır. O isə əsgərlərin gözünə ot, alaf tullayaraq aradan çıxa bilir.Özlərini itirmiş əsgərlər yerində donub qalır, yalnız havaya güllə atmaqla kifayətlənirlər.

Bir nəfərin əlində aciz qalan hökumət adamları nəhayət, Həbibin ailə üzvlərinə təzyiq etməyə başlayırlar. Qardaşını həbs edib Bayıla, ( o vaxtdan ondan xəbər- ətər yoxdur) ailənin digər üzvlərini isə Şuşa türməsinə salırlar. Hökumət Həbibin üzə çıxıb təslim olacağı təqdirdə onları azad edəcəyini bildirir.

1936- cı ildə Həbib naməlum şəraitdə qətlə yetirilir. Hökumət öldürülənin Həbib olduğuna hələ də inana bilmir. Onun meyidini türmədə saxlanılan ailə üzvlərinin yanına gətirirlər. "Bu, sənin oğlundurmu?"- deyə anası Qaratel arvaddan soruşurlar. Ana isə təmkinini pozmadan ağayana formada "Xeyir, bu mənim oğlum deyil, siz mənim oğlumun heç meyidinə də yaxın gələ bilməzsiniz"- deyə cavab verərək gələnləri məyus edir. Buna da inana bilməyən hökumət adamları kameranın ağzına gözətçi qoyurlar. Belə ki, içəridə əgər ağlaşma səsi gəlsə, deməli öldürülən Həbibdir. Lakin ailə üzvləri başlarını dik tutub qürurunu sındırmırlar.

Həbibin öldürülməsi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söylənilir. Bəziləri onu bir çoban tərəfindən, digərləri isə bərbər dostu tərəfindən üzünü qırxan zaman ələ verildiyi söylənilir.

Elxan Çıraxlı

Oxunub: 381
Oxşar xəbərlər
SON XƏBƏRLƏR