Universitetdə oxuduğum illərdə bir qızla tanış olmuşdum. Adı Aynur idi. Aramızda olan yaş fərqinə gəldikdə məndən iki- üç bayram kiçik olardı. Bizim münasibətlərimiz dostluq səviyyəsindən o tərəfə keçmirdi. Aynur savadlı, mədəni və yüksək dünyagörüşə malik sadə bir qız idi. Sözü yerində deməyi bacaran, oturuşuna- duruşuna fikir vermək kimi yüksək əxlaqi dəyərləri ilə sadaladığım müsbət keyfiyyətləri daha da zənginləşdirirdi. Hər dəfə onunla söhbət edərkən kübar insanlara xas olan dəyərlərin qızın təbiətində cəməşməsinə əminliyin daha da artırdı. Danışdığımız mövzulara yanaşma tərzi mənim maraq dairəmi daha da genişləndirirdi. Dünya tarixindən, ədəbiyyatdan, incəsənətdən həvəslə danışır və sitatlar gətirirdi. Elə bir sahə tapa bilməzdin ki, o haqda məlumatlı olmasın. Onun dolğun məlumata, hərtərəfli biliyə və natiqliq qabiliyyətinə qibtə edirdim. Ali məktəbdə dərslərimi ysxşı oxusam da, Aynurla tanışlıqdan sonra elmim, savadım düşündüyüm səviyyədə olmadığım qənaətinə gəlirdim.
O Əhmədli metrosunun yaxınlığında yaşayırdı. Biz söhbət edə- edə onun yaşadığı binaya çatmağa az qalmış geri qayıtmağımı xahiş edirdi. "Qohumlar, qonşular bizi bir yerdə görməsinlər, başqa şey başa düşərlər" deyirdi. Təbii ki, mən də onu başa düşüb dediklərinə sözsüz əməl edirdim. Birlikdə addımlayarkən geri dönmək " işarəsi" - nə çatanda ixtiyari olaraq dayanır və sağollaşıb ayrılırdım. Bu hərəkət məndə artıq vərdiş halını almışdı. Bu minvalla günlərimiz çox maraqlı keçirdi
Günlər keçdikcə qəlbimdə Aynura qarşı başqa hislər baş qaldırmağa başlayırdı. Bunu dostluq münasibətlərinin daha da möhkəmlənməsi, yoxsa ürəyimdə sevgi duyğularının cücərtisi olduğunu ayırd edə bilmirdim. Özüm də bilmədən qəlbimdə o qıza qarşı bir istək oyanmışdı. Son vaxtlar isə Aynurla söhbətdən doymur, ayrılıb evə də getmək istəmirdim. Ayaqlarım sözümə baxmırdı. Ürəyimlə ayaqlarım arasında vəhdət pozulmuşdu. Nəsə sehrli bir qüvvə getməyimə mane olurdu. Növbəti görüş gününü səbrsizliklə gözləyirdim.
Görüş saatlarını gözləmək mənə üzücü gəlirdi. Həmin saatlar mənə sovet əsgərlik xidmətində olan " Sto dnevkanı" xatırladırdı. Uzun müddət götür- qoydan sonra bir gün sevgimi o qıza mütləq bildirəcəyimə özümə söz verdim. Ancaq, məhəbbətimi necə və hansı yolla bildirməyim müşkül məsələyə çevrildi. " Sevirəm" sözünü Aynura deməyə cəsarət etmirdim. Düşünürdüm ki, bu kəlməni ona desəm məndən küsər və bununla da onun üzünə birdəfəlik həsrət qala bilərəm. Bu haqda düşünərkən yadıma uşaqlıq illərindən qalan bir əhvalat düşdü. Əhvalat belə idi:" Bir oğlan bir qızı dəlicəsinə sevir. Amma sevgisini qıza bildirməkdə özündə cəsarət tapa bilmir. Nəhayət, bir gün oğlan özünü toparlayaraq qıza deyir:
- Əzizim, məndən sənə bir söz deməyiblər ki?
Əvvəlcə qız heç nə başa düşmür. Təccüblü halda başını yırğalayaraq "yox" deyir. Fürsəti əldən verməyən oğlan qayıdıb deyir:
- Bəs, sənə deməyiblər ki, mən səni sevirəm.
Yadımda qalan sevgi əhvalatından mən də yararlanmaq qərarına gəldim. Bu mənim köməyimə gəldi. Əhvalatı olduğu kimi Aynura danışdım. O uğunub özündən getdi və nə demək istədiyimi başa düşdü. Amma özünü o yerə qoymadı.
O gündən sonra biz tez- tez görüşməyə başladıq. Sevgi ilə yaşanan hər anın nə qədər şirin və mənalı olduğunu mən o zaman duydum. Ancaq bizim sevgi münasibətlərinin ömrü çox uzun çəkmədi. Atalar demişkən, " Sən saydığını say, gör fələk nə sayır".
Gözlənilmədən qarşılaşdığım xırda bir məsələ münasibətlərimizi alt- üst etdi. Bir dəfə görüşə gedərkən bir az gecikməyim onun bərk xətrinə dəydi. O məndən küsdü və çıxıb getdi. Bir daha onun üzünü görmədim. Onun əksər keyfiyyətlərinə yaxından bələd olsam da, belə dəymə- düşər olmağı ağlıma da gəlməzdi. Bu barədə dostlarımla söhbətləşərkən hamı təccüblə çiynini çəkdi. Yəni, xırda bir məsələ üstündə münasibətlərə son qoymaq çoxlarına inandırıcı gəlmədi.
Aradan on beş il zaman ötüb. Taleh elə gətirdi ki, mən də yaşayış yerimi dəyişib Əhmədliyə köçməli oldum. Ürəyimdən Aynuru yenidən görmək arzusu keçdi. Bu vaxta qədər onun taleyindən xəbərsiz idim. Amma inanırdım ki, şəhərdə nə vaxtsa onunla üz- üzə gələcəyik.
Bir gün oğlumu bağçadan evə aparırdım. Birdən qulağıma tanış qadın səsi gəldi. Ani olaraq dayandım. Bağça həyətinin giriş qapısında sarısaçlı bir qadınla bağça müəlliməsi söhbət edirdi. Həmin qadın bağça müəlliməsiylə qarşı- qarşıya dayandığından üzünü görə bilmirdim. Qadının yanında isə kök, topuş bir oğlan uşağı var idi. Oğlum həmin uşaqla salamlaşdı. Bu zaman qadın ixtiyari olaraq bizə tərəf dönməyə məcbur oldu. Baxışlarımız qarşılaşdı. Bir anlıq mən də ona nəzər yetirdim. Gözlərindən və sifət quruluşundan tanıdlm. Yaddaşım məni aldatmamışdı. Bu, o idi.. On beş il bundan qabaq itirdiyim və nə qədər axtarsam da, bu günə qədər tapa bilmədiyim Aynur. Qəlbimdən silinməyən siması yenidən qarşımda idi. Çox dəyişilmişdi. Arııqlamış, yumru gözləri bir az da kiçilmişdi. Ani olaraq fikrə getdim. Gözlərimin önündə Aynurun o vaxtki cəlbedici baxışları canlandı. Onun bu qədər dəyişilməsində bir göz qırpımında ötən illərin təsiri də az olmamışdı. Xəyalımdan o illər kino lenti kimi bir anlıq ptüb keçdi.
- Ata, niyə dayandın, gedək də... Oğlumun qolumdan tutub məni silkələməsi məni xəyal dünyasından ayırdı
Biz yolumuza davam etdik. Aynur isə müəllimə ilə söhbətini davam etdirirdi. Yol gedərkən oğlumdan bayaq salamlaşdığı uşağın kim olduğunu soruşdum. " Bağça yoldaşımdır" - deyərək uşaq şıltağlığı başını yırğaladı. Özümdən asılı olmadan:
- Bəs, o uşağın anasının adının nə olduğunu bilirsənmi? - deyib oğlumun başını sığalladım. Oğlum isə -" yox, bilmirəm cavabını verdi.
Üç il ötüb keçdi. Kiçik yaş qrupunda olan balacalar bağça həyatı ilə vidalaşırdılar. Onlar birinci sinifə getməyə hazırlaşırdılar. Bununla bağlı bağçada tədbir keçirilirdi. Bağça həyatından xatirə olaraq hər uşağa disk də hədiyyə verdilər.
Bir gün evdə həmin diskə baxırdıq. Ekranda bir- bir qrup uşaqların göstərirdilər. Növbə Aynurun oğluna çatanda gözləmədiyim halda oğlum mənə tərəf dönüb ucadan dedi:
- Ata, sən o uşağın anasının adını məndən soruşurdun, hə?
Ortaya sükut çökdü. Utandım. Bilmədim uşağın sualına nə cavab verim? Bundan sonra evdə nələrin baş verdiyini təsəvvür etmək çox çətin deyil idi. Mənə təsəlli olaraq isə , üç il bundan qabaq oğluma verdiyim sualı hələ də unutmadığına görə onun hafizəsinə həsəd aparmaq qaldı...
Oxunub: 651