De necə inanım, de sənə dünya?!
Yenə gülə- gülə qolumdan tutub
Çəkirsən başıma sığal, a dünya!
Elə bil uşağam, aldadım məni
Tutmusan əlində qoğal, a dünya!
De necə inanım, de, sənə dünya?!
Seçmirsən kasıbı, heç də varlıdan
Hamını alırsan qoynuna, dünya!
Gəlişin hardandır, gedişin hardan
Fələk də mat qalıb oynuna, dünya!
De necə inanım, de sənə dünya?!
Bəs necə dözürsən bu ağırlığa?
Qamətin əyilmir, ey gidi dünya!
Artıq yük vermirsən nə sola, sağa
Bu da bir sirdimi, bəs nədi dünya?
De necə inanım, de, sənə dünya?!
Baş aça bilmirəm sənin felindən
Hamını almısan qoynuna dünya
Bəs niyə milyon sayda insanları
Amma tək- tək yola salırsan, dünya?!
De necə inanım, de sənə dünya?!
Budurmu etibar, budurmu vəfan?
Atamı almısan əlimdən, dünya!
Yaman qaralamısan deyəsən məni
Əlini çəkmirsən əlimdən, dünya!
De necə inanım, de, sənə dünya?!
De necə inanım, de, sənə dünya?!
Ana
Həyatda bir borc var o qaytarılmır,
Qaytara bilməzsən ana borcunu.
İnana bilmirəm kasıb ya varlı,
Bir kimsə tapıla dana borcunu.
İlk dəfə dünyaya mən göz açanda,
Beşiyim olubdur ana qucağı.
O məni oxşayıb layla çaldıqca,
Necə doğma gəlib ona qucağı.
İyi də getməyib hələ burnumdan,
O çağlar, o illər nə gözəl idi.
Anam oxuduğu şirin layladan,
Gözlərim də öz işini görərdi..
Anam qucağına götürüb məni,
Başımın üstündə dayanıb hər gün.
Analar dünyadan tez köçürlər ki,
Bizləri cənnətdə gözləmək üçün.
Dünyamız anasız qalarsa əgər,
Kainat məhv olar, yaşamaz cahan
Analar dünyadan köçənə qədər,
Odur dərdimizə şam kimi yanan.
Dərdlərin içində boğuluram mən
Dünyanı uşaq tək duymaq istərəm
Necə dil tapım mən aman fələklə
Ömrümü, günümü anama verəm.
Deyə bilmirəm ki sevən deyiləm
Qırdın qəlbimdəki istəklərimi
Eylədin sevgimin gödək dilini,
Sənki bacarmadın, gəl çək əlini
Deki mən buludam, əsən küləyəm
Səninlə sevilən, sevən deyiləm.
Yadıma salıram ötən günləri,
Sənsiz dözəmmirdim, sənsiz ey pəri!
Qoşa getdiyimiz yolda izləri,
Qayıt sil, demə ki həmin mələyəm
Səninlə sevilən, sevən deyiləm.
Biz daha dəyişdik, həyatsa eyni
Dilə gətirmədim ürək deyəni.
Demirəm ya öldür, ya da sev məni
İndi özüm boyda qüssəyəm, qəməm.
Yenə demirəm ki sevən deyiləm.
Gözəl
Tər gülləri mən sərərəm yollara,
İstəyirsən ayaqyalın gəl, gözəl.
Görməyəndə həyat hara, mən hara?!
Nazik bədən, incə bilək, əl gözəl.
Bir kimsə yox bu dərdimdən dadmamış,
Aləm yatıb, məhəbbətim yatmamış.
Gəl qadası, gəl yanıma çatmamış,
Bir ox tulla, lap sinəmi dəl gözəl!
SevgiliməSevgilim, heç kimə vermərəm əsla
Dərdini, qəmini özümlə bölləm.
Xöşbəxtlik deyərdim, bax elə budur
Səninlə yarandım, sən desən ölləm.
Göylər guruldaya, şimşəklər çaxa
Leysan yağış tökə, gur sellər axa.
Üstümə hər yandan alovlar yağa,
Yanımda olasan, sevinib gülləm.
Səni hər an gəzib hər an yoxlaram,
Sənə xain baxan gözü oxlaram.
Çəməndə hər gülü öpüb qoxlaram,
Desən ki çəməndə bir adsız güləm.
Ürək partlamasa, Elxan yaşarsa
Qəlbindən qəlbimə sevgi işarsa.
Həyatda nə zaman gözün yaşarsa,
Dəsmala çevrilib gözünü silləm.
Elxan Çıraxlı poeziyasının inciləri
Məmmədov Elxan Oqtay oğlu( Elxan Çıraxlı) Ağdam rayonunda anadan olub. N. Tusi adına ADPU - nun tarix əlavə dövlət hüququ fakultəsini bitirib. Müxtəlif mətbuat orqanlarında çalışıb. Bir sıra şer, hekayə və publisist yazıların müəllifidir.
Oxunub: 932