dini radikalizm və ekstremizmlə mübarizə

QHT-nin “Qazilərə mənəvi dəstəyimiz davam edir” layihəsi gerçəkləşməkdədir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin dövlət tərəfindən daim qayğı ilə əhatə olunduqları xüsusilə vurğulanmışdır: “Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.
Təəssüf ki, bəzi hallarda Vətən müharibəsində sağlamlığını itirmiş və əlil olmuş qazilərin üzləşdiyi problemlərə laqeyd yanaşan, onların həllində süründürməçiliyə yol verən “unutqan” məmurlarla da rastlaşırıq. Qazi-məmur münasibətləri bəzən o həddə çatır ki, dünən düşmənlə savaşda ölümdən qurtulmuş hərbçi bu gün özünə qəsd etmək məcburiyyətində qalır. Vətəndaş cəmiyyəti bu cür hadisələrə biganə qalmamalı, haqqı pozulan, psixoloji sarsıntı keçirən və “unutqan” məmurla ünsiyyətdə yaranmış vəziyyətdən yeganə çıxış yolunu öz həyatına son qoymaqda görən hər bir kəsin yanında olmalı, onun üzləşdiyi problemin həllinə yardım göstərməli, onu bəd əməldən qorumalıdır.
Dövlət başçısının çağırışına qoşulan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi “Qazilərə mənəvi dəstəyimiz davam edir” layihəsinə başlamaqla haqqı tapdanan, ədalətsizliklə üzləşən və bu səbəbdən psixoloji və mənəvi gərginlik yaşayan qazilərə yardımçı olmaq, onları qayğılandıran problemlərin həllində yaxından iştirak etmək niyyətindədir.
Təşkilatın dəstək göstərdiyi qazilərdən biri müharibədə yaralanmış, amma bir ildən artıqdır ki, “müharibə veteranı” statusunu almaq üçün müvafiq qurumlara dəfələrlə etdiyi müraciətləri cavabsız qalmış, təltif edildiyi mükafatlara sahib çıxa bilməmiş və işsizlikdən əziyyət çəkən Səbuhi Məmmədovdur.
Qaziyə dayaq olmaq niyyəti ilə atılan ilk addım onun psixoloji gərginlikdən qurtulması məqsədilə paytaxtın "Orvita" Psixoloji Reabilitasiya Mərkəzində peşəkar mütəxəssis, təcrübəli psixoloq Könül Həsənova ilə görüşünün təşkili oldu. Sevindiricidir ki, psixoloji seans çərçivəsində pasientlə aparılmış söhbət, verilmiş məsləhətlər nəticəsiz qalmadı, Səbuhinin psixoloji durumunda müsbətə doğru dəyişikliklərin şahidi olduq. İctimai Birliyin adından Mərkəzin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə xanım Oktayqızına və həmkarı Könül xanıma təşəkkür etməyi özümə borc bilirəm.
Növbəti addımımız Səbuhi Məmmədovun mənəvi sarsıntı və maddi çətinliklə üzləşməsinə səbəb olan digər problemlərinin həlli ilə bağlıdır. Əminəm ki, onun hüquqlarının bərpası və işlə təmin olunmasına tez bir zamanda nail olacaq, bizə Qələbə sevincini yaşadanlar sırasında olan Vətən qazisini qəlbən sevindirə biləcəyik.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri


Oxunub: 1 222
Oxşar xəbərlər
SON XƏBƏRLƏR