dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın maarifçi qadınlarından biri Lətifə Əliyeva haqqında dost sözü


Azərbaycanın maarifçi qadınlarından biri Lətifə Əliyeva haqqında dost sözü

ÖMRÜN SÖZ İŞIĞI

Bizim – yəni mənimlə həmyaş əlinə qələm alan jurnalistlərin çoxunun idealı, yaradıcılıq yolunun mənəvi bələdçisi olan Lətifə Əliyeva haqqında düşünəndə ağlıma gələn ilk söz məhz işıq olur. Çünki çoxumuz bu işığın nurundan bəhrələnmiş, məhz onun kimi jurnalist olmağa can atmışıq. Lətifə xanımın jurnalistikamızdakı xidmətləri həm onun istedadı, həm də nüfuzu, təmiz adı və mənəvi gözəlliyi ilə bağlıdır. Onda bu məziyyətlər bir-birini elə gözəl tamamlayır ki, onu təkcə sevmirik, həm də onun insanlıq xüsusiyyətlərinə, nurlu qələminə qibtə edirik. Uşaqlıq dostum Hacı İlqar Hüseynzadənin bu ustad söz sahibi barəsindəki bir fikri mənim də ürəyimdən keçənlərin sanki sədasına çevrildi: “Lətifə xanımın yaradıcılıq yolu insanların ürəyinə işıq saçmaq, bəşəri oyatmaq, qaranlıqları dağıtmaq qüdrətinə malikdir. Bu yaradıcı fəaliyyət insanların dünyaya açıq gözlə baxmasına kömək edir”. Bu fikirlər əsl bələdçim oldu, – desəm yanılmaram. İşıqlı söz, işıqlı adam, işıqlı qələm – bu ifadələr məhz maarifçiliyin rəmzidir. Maarifçi olmağın xüsusi zamanı və janrı yoxdur. Təbii ki, hər dövrün öz tələbi var, amma maarifçilik həmişə aktual və vacibdir. Lətifə xanımın ömür yolu da, yaradıcılığı da məhz mənəvi dünyamızın bu sarı simi üstündə köklənib.
Bu yaxınlarda çoxdan, daha dəqiq desək, düz 31 il üzünü görmədiyim bir həmkarım haqqında xatirələrimi bölüşmüşdüm. Xalq şairi mərhum Musa Yaqubun rəhbərliyi ilə çap olunmuş “Zəhmətkeş” qəzetinin şinelindən çıxmış jurnalist Nüşabə Mirzəyeva haqqında “feysbuk” səhifəsində paylaşdığım xatirə yazısı bu profilin oxucuları tərəfindən maraqla qarşılandı. Burada dostlar, hətta Nüşabə xanımı tanımayanlar belə xoş sözlərini bizimlə bölüşdü, yazdığım xatirəyə uyğun rəylər yazdılar. Mənim diqqətimi çəkən rəylərdən biri haqqında söz açdığım xanımların iş yoldaşı olmuş ustad yazarımız Məmmədmirzə Rzayevdən gəldi: “Memmedmirze Rzayev - Maraqla oxudum.Dilimizdə bir "qədirbilən" sözü var və bu ifadə çox nadir hallarda kimlərinsə ünvanına işlədilir. Çünki el qədri bilən insanların özü də azdır, nadir tapılandır. Daşdəmir müəllim məhz bu cür az təsadüf edilən əsl qədirbilən insanlardan biridir. Buna görə o, sevgiyə və təşəkkürə layiqdir!”. Elə bu rəy məni daha bir ustad yazarımız olan Lətifə Əliyeva haqqında yazmağa, xatirələrimi bölüşməyə, daha doğrusu, bu xanım barəsindəki xatirələrimin üzə çıxmasına təkan oldu, mənə müəyyən ruh, stimul verdi.
Ötən yazıda jurnalistikaya gəlişim, bu gəlişimdə müəyyən xidmətləri olmuş jurnalistlər haqqında ətraflı söz açmışdım. O xeyirxah və savab əməl sahiblərindən biri də Lətifə xanımdır. Üzügülər və nəcib qəlbli bu xanımı qeyd etdiyim kimi, vaxtilə əməkdaşlıq etdiyim “Zəhmətkeş” qəzetindən tanımışam. Lətifə xanım uzun müddət qəzetin məsul katibi vəzifəsində çalışıb. O vaxtlar ağlım elə də kəsmirdi ki, məsul katib nə olan şeydir, onun işi, vəzifəsi mənə aydın deyildi. Bilmirdim ki, qəzeti bəzəyib-düzən, xüsusi formatda tərtibat verən, “ətə-qana gətirən” məsul katib imiş. Nəinki qəzeti ət-cana gətirir, hətta çap olunacaq materialları birbəbir oxuyur, lazım gəldikdə redaktə belə edir. Sonradan onu da öyrəndim ki, redaktorun məsləhət gördüyü yazını məsul katib saxlaya da bilirmiş. Amma redaksiyaya gediş-gəlişim zamanı hiss etmişdim ki, bu vəzifənin sahibi qəzetdə əsl söz sahiblərindən biridir. Lətifə xanım da “Zəhmətkeş”in vuran arteriyası idi.
“Zəhmətkeş” mənim yaradııcılıq yoluma saçan işıq, həyatımda doğan günəş olduğu üçün çox şeyi buradan əxz etmişəm. Bu günün jurnalistikası ilə müqayisədə bəlkə də geridə qalırdı, amma o dövr rayon qəzetləri arasında orijinallığı, materiallarının səviyyəsi, oxunaqlığı, aktuallığı baxımından seçilirdi. Qəzetin oxucuların tələbinə uyğun formada çıxması redaktorla bərabər yaradıcı kollektivin də fəallığından, zəhmətindən, təşəbbüskarlığından çox asılıdır. Haqqında söz açdığım Lətifə xanım həm yazı tərzinə, üslubuna, yaradıcılıq manevrinə, həm özəl xüsusiyyətlərinə, həm də təşəbbüskarlığına görə kollektivdə fərqlənib. Bunu mənə kimsə deməyib, öz müşahidələrimdir.
Lətifə Əliyeva qəhrəmanlarını oxucularına böyük sevgi ilə tanıtmaqda həmişə ustad olub. Çalışıb ki, təqdim etdiyi şəxsiyyətlərin bütün mənəvi aləmi, xidməti, məziyyətləri bəlli olsun. Onu sadəcə oxumasınlar, örnək götürsünlər, öyrənsinlər. Maarifçiliyin bir istiqaməti də təbliğatın düzgün qurulmasından, onun həqiqətə söykənməsindən keçir. Onun bu mövzuda yazılarını zamanında məmnuniyyətlə oxumuşam və doymamışam. Maraqla qarşılanan yazılarında həmişə o insanların, qəhrəmanları olan mükəmməl şəxsiyyətlərin portretini çox dolğun yaradıb. Oxucuların bir çoxu yazdığı qəhrəmanlarına bənzəmək istədiklərini bildiriblər. Maarifçiliklə təbliğatın ünsiyyəti budur.
“...İnsan ömrü! Hər birimizə yalnız bir dəfə verilmiş əvəzsiz nemət! Hərə onu bir cür yaşayır, başa vurur. Onun mənasını hər kəs bir şeydə görür. Ustad yazar Lətifə Əliyeva üçün bu məna onu daim çalışmağa, irəli getməyə, axtarışlar aparmağa məcbur edən məsuliyyət hissindədir. Gözünü dünyaya açandan onun üçün məsuliyyət hissi - ünsiyyətdə olduğu adamların taleyi üçün, yüksək ziyalı adı üçün, layiqli övladlar böyütmək üçün məsuliyyət hissi hər şeydən üstün, hər şeydən əsas olub. Həyatda əldə etdiyi nə varsa, hamısı bu məsuliyyət hissinin məhsuludur. O, şəxsi həyatını da, rahatlığını da bu məsuliyyət hissinə tabe edə bilib...
Bu yazını yazarkən onu tanıyan bir neçə nəfərin fikrini öyrəndim (Sinif yoldaşı və həmkəndlisi mərhum Oqtay İsmayıllıdan söz ala bilmədiyimə görə çox təəssüflənirəm), amma özlərinə demədim ki, sizin fikirləriniz qəhrəmanım haqqında yazacağım xatiratın əsas mövzusu olacaq.
İsmayıllı rayon ziyalısı Tahir Rəcəbovun fikridir: “Lətifə xanım jurnalistikamızın təcrübəli, son dərəcə vicdanlı, son dərəcə halal söz sahibi olan yaradıcılarından biridir. Bu, çox az qələm sahibinə məxsus olan bir məziyyətdir ki, əvvəldən axıra kimi öz mövzularına, əqidəsinə sadiq qalsın. Çoxcəhətli yaradıcılığı ilə seçilən, həm jurnalist, həm də yazıçı kimi həyatını söz uğrunda fədakarlıqla ağır zəhmətlərə tuş edən Lətifə Əliyeva bütün yazılarında insan taleyinin fəsillərinə toxunub”. İnsanı ucaldan mənəvi aləmin və xarakterlərin formalaşmasında cəmiyyətdə mövcud olan münasibətlərin, problemlərin bədii cəhətdən təsvirini ustalıqla yaradıb. Həyatımızın elə bir sahəsi olmayıb ki, Lətifə xanım ora müraciət etməsin. Qəhrəmanlarının adını yazmaq istəsək, heç sonacan tamamlaya bilmərik. Ədəbiyyat, incəsənət, musiqi, səhiyyə, elm, təhsil, texnika... sahələrinin tanınmış nümayəndələri barəsində silsilə yazıların müəllifidir. Ağır zəhmətə qatlaşan, amma şərəfli ömür sahibi olan qadınlarımızı da unutmayıb. Vaxtilə əmək cəbhələrində qəhrəmanlıq göstərmiş İsmayıllı xanımlarının dolğun portretlərini də yaratmağa müvəffəq olub. Həmkarları dəfələrlə böyük məhəbbət və ehtiramla etiraf ediblər ki, Lətifə Əliyevanın jurnalistikada başlıca rolu onun gözəl, istedadlı qələmi ilə bütün qadın jurnalistlərə nümunə ola biləcək yüksək şəxsiyyətidir.
Rayonun daha bir ziyalısı Hacıməmməd Məmmədov da Lətifə xanımı belə səciyyələndirir: “Onun mövzu dairəsi çox geniş və əhatəli olub. O, nədən yazıbsa-yazsın üzdən getməyib, mövzunun dərinliyinə baş vurmağa çalışıb və çox zaman da buna nail olub. Qəhrəman üzümçü, sağıcı qadınların çətin əməyindən yazanda da, doğulub boya başa çatdığı Diyallı kəndinin, eləcə də rayonun digər yaşayış məskənlərinin əhatə olunduqları təbiətin mühafizəsi problemlərindən bəhs edəndə də, həkimlərin fədakar, təmənnasız işindən danışanda da, Böyük Vətən müharibəsinin odlu cəbhələrində misilsiz rəşadət göstərən İsmayıllı oğullarının ölməz surətini əks etdirəndə də Lətifə xanım publisistikanın təsvir üsullarından bacarıqla bəhrələnib, sevib-seçdiyi qəhrəmanları da oxuculara sevdirə bilib. O, özündən çox əvvəllər fəaliyyət göstərmiş, çətin şəraitdə yazıb-yaratmış həmkarlarının maarifçilik ənənələrini ləyaqətlə davam etdirib”.
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədovla da həmsöhbət olmuşuq. Lətifə xanım haqqında çox maraq və həvəslə danışdı: “Deyir, qardaşın necə adamdır? Deyir yol yoldaşı olmamışam. Biz Lətifə xanımla rayonda keçirilmiş müxtəlif tədbirlərdə iştirak etmişik. Elə olub ki, çıxışlarımız da olub. Dostluq münasibətlərimizə əsasən onu deyə bilərəm ki, o, elini, obasını sevən, canıyanan, qayğıkeş, əsl ziyalı xanımdır, həmişə böyüyə-kiçiyə qiymət verib. Basqallılara xüsusi hörməti var, tədbirlərimizdə özünün iştirakı ilə bizə şərəf gətirib, basqallılarda sevinc hissləri yaşadıb. Basqala hər gəlişində həmişə mərhum Miryavər müəllimi soruşub. Onlarda aparılan çəkilişi heş zaman unutmaram.
Elə anlar var ki, o, heç zaman yaddan çıxmır. Yaxşı xatırlayıram, ailə günü ilə bağlı TV kanallarından biri Basqalda çəkiliş aparırdı. Maraqlı ssenari üzrə çəkiliş aparılırdı, Lətifə xanım da dəvətli idi. Güclü yağış yağmasına baxmayaraq Lətifə xanım özünü bizə yetirdi, Miryavər müəllimlə görüşdü. Və görüşümüzün xoş sonluğu kimi xatirə şəkli çəkdirdik”.
Gözəl xüsusiyyətlərə malik xanəndəmiz Sahibə Abdullayeva ilə belə deyir: “Lətifə xanım belə xanımdır: xeyirxah və kövrək, ədalətli və mehriban, həm də lazım gələndə hədsiz dərəcədə ötkəm və sərt, tələbkar və prinsipial. Özündən həm yaşca, həm bilik və təcrübə, həm də vəzifəcə aşağıda olanlara (mən özümü nəzərdə tuturam) göstərdiyi nəvaziş, qayğı və mehribanlıq çox adamların həyat yoluna işıq salıb”.
Hacı İlqar Hüseynzadənin də fikirləri maraqlıdır: “Lətifə xanımı 40 ildən artıqdır tanıyıram. Gözəl, səmimi, sadə bir insan, eyni zamanda savadlı, tələbkar jurnalist kimi yaxşi yadimdadir. İlk dəfə onun yanına poçtalyon Əjdərdən hazırladığım yazı ilə getmişdim. Əjdər kişi rəhmətlik bibim Surə müəllimgilin, yəni o vaxt mən yaşadığım küçənin poçtalyonu idi, işini dəqiq bilən, abırlı zəhmət adamı idi. Lətifə xanım yazını diqqətlə oxuyub iradlarını, tövsiyələrini bildirdi, eyni zamanda mənə tapşırdı ki, yeni yazılarla redaksiyaya gəlim. Onun mehribanlığı, xoş münasibəti məni xeyli ruhlandırdı. Hər dəfə yeni yazılarımın çap olunması ümidi ilə redaksiyaya qədəm qoyanda bu ustad yazarımızdan xoş sözlər eşidirdim və bu məni, doğrusu, yazmağa ruhlandırır, şövqləndirirdi. Bakıya köçəndən sonar da onunla əlaqəni kəsmədim. İşimdən verilən hər yay məzuniyyəti zamanı İsmayıllıya yolum düşəndə hökmən Lətifə xanıma, eləcə də “Zəhmətkeş” qəzetində çalışan digər tanışlarıma baş çəkir, hal-əhval tuturdum”.
Dağlar oğlu şair dostum Şahməmməd müəllim də Lətifə xanım haqqında fikirlərini belə bölüşür: “Musa Yaqub, Saday Səmədov, Məmmədmirzə Rzayev, Mustafa Səlimov, Lətifə Əliyeva, Bəybala Babayev, Nüşabə Mirzəyeva, Xavər Abbasova, Solmaz Bədirova, Oqtay İsmayıllılı, Nazir Qasımov və başqaları öz yazıları ilə arzularımıza, istəklərimizə işıq salıblar. Hərdən ötənlərə boylananda fikirləşirsən, nə yaxşı ki, jurnalistikamızda bu gün də yazıb-yaradan Lətifə Əliyeva kimi abırlı, qələmə məsuliyyətlə yanaşan, mətbuatda öz möhürünü vuran, nümunəvi xanım həmkarlarımız olub və var. Biz onların işığını tutub bu sənətə gəlmişik. Beləliklə, Lətifə Əliyeva özünün də xəbəri olmadan çoxumuzun mənəvi müəlliminə çevrilib”. Bu fikrin davamı olaraq mən isə demək istəyirəm ki, maarifçiliyin bir qanadı da ardıcıllarını yetişdirməkdir, - desək yanılmarıq. Çünki sənin haradasa tamamlaya bilməyəcəyin işləri də məhz yolunu seçənlər başa çatdırmalı olurlar. Bu isə ənənələrin yaşaması, arzuların bir-birinə bağlanmasıdır.
Uzun müddət mətbuatda çalışmış Lətifə Əliyeva 1 yanvar 2011-ci ildən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorudur. O, burada da öz təşəbbüskarlığını əsirgəmir. Rayonda keçirilən müxtəlif səviyyəli maraqlı tədbirlərin təşkilatçısı və müəllifidir. Rayonda fəaliyyət göstərən yaradıcı təşkilatlarla sıx təmasda olur, xüsusi qayğıya ehtiyacı olanlara, əlillərə, imkansız ailələrə, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın, qazilərimizin ailələri ilə əlaqə saxlayıb onlara müxtəlif formada yardımlar göstərir, onlara həm də mənən dayaq olur. Eyni zamanda şəhidlərin ildönümləri mərasimlərində də yaxından iştirak edir. Məlum pandemiya dövründə tədbirlərini onlayn formatda həyata keçirən Lətifə xanımla söhbətlərimiz zamanı bundan məmnun qaldığını dilə gətirib.
Bu yazını mən yenə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə xanımın jurnalist fəaliyyəti ilə yekunlaşdırarkən demək istəyirəm: Bir-birindən maraqlı məqalə və müsahibələri ilə oxucu yaddaşında əbədi yer tutan Lətifə Əliyeva əlinə qələm aldığı gündən insan mənəviyyatını zənginləşdirməyin yollarını arayıb- axtarıb. Elə qəhrəmanlar seçib ki, oxucu üçün örnək olsun, elə mövzuları təhlil edib ki, maarifçilik missiyasını ləyaqət və məsuliyyətlə yerinə yetirə bilsin. Onunla çiyin-çiyinə işləyən həmkarları, imzasını daim izləyən pərəstişkarları, rayonun ziyalıları, müxtəlif peşə adamları həmişə bir fikri qətiyyətlə vurğulayıblar ki, Lətifə Əliyevanın jurnalist yaradıcılığı gənc həmkarları üçün bir məktəbdir. Həqiqətən də, işgüzarlığı, maarifçilik ideyalarına sadiqliyi, təvazökarlığı ilə seçilən, həmişə mənəvi zənginliyi ilə fərqlənən, etibarlılığı ilə sevilən bu qızıl qələmli maarifçi xanım ömrünün bu çağında da özünün ucalıq taxtında ləyaqətlə əyləşib. Ondan öyrənməli cəhətlər çoxdur. Təəssübkeş vətəndaş, xeyirxah insan və üstə gəl fədakar ana, sevimli nənə! Hünəri, qələmi ilə işığa dönüb yolumuza nur saçan Lətifə Əliyeva, biz sizi çox sevirik.

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 621
Oxşar xəbərlər
SON XƏBƏRLƏR