dini radikalizm və ekstremizmlə mübarizə

31 illik ayrılıq... və ya


Həssas ürək sahibi ilə 3 saat 10 dəqiqəlik görüş...

Bu yaxınlarda "facebuk" səhifəsində insanın yaşadığı və onu yaşadan xatirələrlə bağlı nostalji bir yazı paylaşmışdım. Statusuma xeyli maraqlı, bir-birindən rəngarəng rəylər yazılmışdı. Həmin xatirələr mənim yaşantılarımın bir hissəsidir. O yaşantıları özündə ehtiva edən xatirələrimin müəyyən hissəsi də uzun müddət qələm sahibi kimi əlaqə saxladığım “Zəhmətkeş” qəzeti ilə bağlıdır. “Zəhmətkeş” İsmayıllı rayon partiya komitəsinin orqanı idi, özünə görə bölgə rayonlarının qəzetləri arasında böyük hörməti və nüfuzu var idi. Çünki həmin dövrdə “Zəhmətkeş”in baş redaktoru sevimli şairimiz, nəhəng söz ustası, Xalq şairi mərhum Musa Yaqub idi. Çünki həmin nəhəng bu qəzetin ətrafına nəhəng jurnalistləri, yazarları toplaya bilmişdi. Bu gün artıq aramızda olmayan Musa müəllimi də, Saday Səmədovu da, Mustafa Səlimovu da, Bəybala Babayevi də, Novruz Haşımovu da (öz işinin ustası olan fotomüxbir), Solmaz Bədirovanı da hörmətlə anırıq. Onların hər birinin mənim yaradıcılığımda, bugünkü səviyyədə bərqərar olmağımda müstəsna əməyi və rolu olub.
Həmin qvardiyadan bu gün Məmmədmirzə Rzayev, Lətifə Əliyeva, Nüşabə Mirzəyeva, Xavər Abbasova hələ də müxtəlif vasitələrlə sözlərini deyir, qələmlərini bu gün də müxtəlif mətbuat orqanlarında, internet yayım vasitələrində sınayırlar. Bu ustadların da adlarını az qala 40 illik dostum Hacı İlqar Hüseynzadə ilə birlikdə olanda daim hörmətlə çəkir, onlarla bağlı şirin xatirələri yada salırıq.
Yaxşı yadımdadır, 1978-1982-ci illər arası olan dövrlər... Mənim jurnalistikada atdığım ilk addımlar... Hələ 1978-ci ildə o vaxtkı “Azərbaycan pioneri” qəzetində iki kiçik xəbərim çap edilmişdi. Bu yazılardan sonra Azərbaycanın və qonşu Gürcüstanın rayonlarından 200-ə qədər məktub almışdım. Məktublarda dərc edilmiş yazıların onların maraqlarına səbəb olduğu və həmyaşıdlarımla dostluq etməyim bildirilirdi. Məktubların müəyyəh hissəsinə cavablarımı yazdım, dostluq etdiyim həmyaşıdlarımla əlaqəni kəsmədim. Bütün bu addımlar məni eyni zamanda rayon qəzeti ilə də rabitə qurmağa, bu qəzetin də səhifələrində çıxış etməyə sövq etdi.
Elə oldu ki, rayon qəzetinin raykoma yaxın binasında “Məktublar” şöbəsinin yerləşdiyi otağa qədəm qoyanda ilk dəfə bu şöbənin əməkdaşı Nüşabə Mirzəyeva ilə rastlaşdım. Gənc yazar olduğumu bilib məni saxladı, əynindəki şubanı çıxarıb yerində əyləşdi, məni təmkinlə, səbirlə dinləməyə başladı. Zahiri görünüşcə ədalı təsiri bağışlayan Nüşabə Mirzəyeva əslində çox mülayim və mehriban xanım idi. Bu sahəyə həvəsimi görən Nüşabə xanım müxtəlif suallar ünvanladı, müsbət cavab aldıqdan sonra gözləməyimi bildirdi. Təxminən yarım saat otaqda söhbət etdik. Danışığımız o qədər maraqlı keçirdi ki, şöbə müdiri Bəybala müəllimin otağa nə vaxt daxil olduğunu hiss etməmişdim. Nüşabə xanımla özünəməxsus formada salamlaşanda hiss etdim ki, şöbənin müdiri bu kişi imiş. Onunla tanış edib haqqımda məlumat verdikdən sonra bu dəfə Bəybala müəllim məni sorğu-suala tutdu. Hətta arada “Neynirsən yazırsan? Sizinkilər ticarətlə, alış-verişlə məşğuldurlar. Sən də özünə fərli bir iş tap” deyə yolumdan çəkindirmək istədi. Amma güclü müqavimət gördükdən sonra müəyyən məsləhətlərini verdi, oxuduğum məktəbdə keçirilən tədbirlərdən kiçik xəbər, xülasə hazırlamağımı tapşırdı. Özümlə gətirdiyim yazını fürsətdən istifadə edib Bəybala müəllimə təqdim etdim. Elə yanımdaca həmin yazını oxumağa, redaktə etməyə başladı. Bu yazını elə hala saldı ki, ağ vərəqdə yazmağa, qeyd etməyə belə yer qalmamışdı. Düzü, özümü bir az məyus kimi hiss etdim, ürəyimdə özümü danlamağa başladım. Sən demə, Nüşabə xanım mənim kənardan düşdüyüm vəziyyəti müşahidə edirmiş. Bəybala müəllimlə sağollaşanda Nüşabə xanım da o biri otaqlara keçmək adıyla mənimlə yanaşı çıxdı. Redaksiyanın giriş qapısında sevincli çöhrəsini gördüm. O bildirdi ki, Bəybala müəllim ciddi və tələbkar jurnalistdir. O hələm-hələm gəncə yaxın durmur, heç yazılarını belə oxumur. Sən incimə, redaksiyanın iş prosesində belə vəziyyətlər olur, sən alışmalısan. Əlini çiynimə vurub uğurlar dilədi.
Üstündən bir həftə keçəndən sonra yenidən redaksiyaya getdim, bu dəfə Bəybala müəllimi gördüm. Nüşabə xanımı soruşanda “Olmaya qıza vurulmusan” deyə zarafatyana məni azacıq qızartdı. Əslində Nüşabə xanımı görüb daha da ürəklənəcəkdim. “Hə, nəyin var nömrəyə” – deyə soruşdu. Nömrəyə sözünü eşidəndə bir az çaşdım. Bildirdim ki, bir tədbirdən yazmışam. Təqdim etdim və yenə yazını elə hala saldı ki, öz xəttimi oxuya bilmədim. Redaktə zamanı məni sorğu-suala tuturdu ki, darıxmayım. Yazını makinaya verib qayıdanda durub getmək istəyirdim ki, qonşu otağa orta yaşlı bir kişi daxil oldu. Bəybala müəllim bildirdi ki, kənd təsərrüfatı şöbəsinin əməkdaşı Mustafa Səlimovdur, məni də onunla tanış etdi.
Bax, beləcə günlər bir-birini əvəz edir, həftələr həftələrə calanırdı. İç-içə otaqda yerləşən şöbələrin əməkdaşlarının işgüzarlıqlarını, işə olan həvəslərini, yaradıcılıq fəaliyyətlərini gördükcə mənim bu sahəyə maraq və istəyim daha da artır, həm də redaksiya əməkdaşları ilə dostluğumuz başlayırdı. Artıq Bəybala müəllimin redaktələrinə alışdığımdan təəccüblənmir, daha maraqla ona tamaşa edirdim. Tədricən yazılarımın əhatə dairəsini genişləndirir, qonşu şöbəyə də maraqlı təsərrüfat yazılarımı təqdim edirdim. Məmmədmirzə müəllim də tapşırıqlarını mütəmadi olaraq verirdi. Beləliklə, özümü sanki bir anlığa onların arasında təsəvvür edirdim. Amma bu, hələ ki, arzu idi, xatirələrdə yaşanan arzu...
Nüşabə xanım işə gəlməyəndə bilirdim ki, hansısa tapşırığın dalınca gedib. Bunu sonradan dostlaşdığım rəhmətlik Novruz Haşımov söyləyəndə bildim. Nüşabə xanım işə qayıdacana kimi düşürdüm Novruzun redaksiyanın birinci mərtəbəsində yerləşən otağına. Xeyli söhbət edib vaxtımızı öldürürdük. Həm də burada yerləşən kitabxanaçı, çapçılarla da dostlaşmağa başlayırdım. Gedəndə yenidən redaksiyaya, məktublar şöbəsinə baş vurub Nüşabə xanımla salamlaşdıqdan sonra özümdə rahatlıq tapır, bir növ ruhlanırdım. Nüşabə xanımın adını niyə tez-tez çəkirəm? Səbəbi var.
Özümü xoşbəxt hesab edirəm ki, Bəybala müəllimin, Məmmədmirzə müəllimin, Lətifə Əliyevanın rəhbərliyi altında işləmək mənə nəsib olub. Oların bütün fəaliyyətləri bizim üçün əsl məktəb olub. Bu öz yerində. Nüşabə xanım haqqında nəyə görə yazıram? Şöbənin müxbiri olsa da, elə bilmişəm ki, bir arxa-dayağım var. Yaşından, vəzifəsindən asılı olmayaraq redaksiyanın bu şöbəsinə müraciət edən hər bir şəxslə mehriban, səmimi rəftar edib. Özünə və başqalarına qarşı ciddi tələbkarlığı, incə qəlbi, duzlu söz-söhbəti onu hamıya sevdirib. Özünün insanlarla dil tapıb işləmək təcrübəsini həvəslə gənclərə öyrədib, onların hər addımını dəstəkləyib. Hər hərəkəti, hər sözü ilə qazandığı nüfuzu qoruyub saxlayıb. Qeyd etdiyim kimi, Nüşabə xanım ona tapşırılan bütün işləri yorulmaq bilmədən icra edib, rayonun onun sahəsinə aid olan obyektlərinə, eləcə də fəaliyyəti ilə bağlı kəndlərə gedib, sakinlərlə görüşüb onları narahat edən məsələləri çözməyə çalışıb. Hər yerdə onu mehribanlıqla, hərarətlə qarşılayıblar. İnsanlarla son dərəcə mədəni və səmimi davranışı, müdrik söhbətləri, kübarlığı ilə ətrafındakılarda inam oyadıb. Ona ürəkdən inanıb, etibar ediblər. Çünki özünə son dərəcə tələbkar olan Nüşabə xanım sözünün üstündə durmağı bacarıb, onun məsuliyyətini daşıyıb. Heç kəsi narahat etmədən, daxili nigarançılığını üzə vurmadan hamıya müsbət enerji bəxş edib. Onun zahiri sakitliyinin arxasında həssas bir ürək döyünüb. O, sadə, xeyirxah olduğu qədər də müdrik və təmkinli olub.
Deyirlər ki, insanların dəyərini onları itirəndən sonra anlayırlar. Əsl xoşbəxtlik ondadır ki, insan sağlığında öz qiymətini alsın. Bu mənada Nüşabə xanım Mirzəyeva bəxti gətirənlərdəndir. O, hələ sağlığında ikən onu tanıyanların qəlblərində layiqli qiymətini alıb. Uşaqlıq dostum, əqidə yoldaşım, həqiqi mömin, seyid nəslindən olan Hacı İlqar Hüseynzadə də vaxtilə “Zəhmətkeş”in fəal müxbirlərindən biri olub. Səmərəli fəaliyyəti ilə qəzetin “ştatdankənar müxbiri” kimi çalışdığı obyektdə görülən quruculuq, abadlıq işlərindən, müəyyən zəhmət adamlarından, eləcə də rayonun əmək qəhrəmanlarından, tanınmış ziyalılarından maraqlı oçerk və zarisovkaları ilə çıxış edib. Elə Nüşabə xanımı da mənim kimi, buradan tanıyıb.
Mən 1983-1985-ci illərdə keçmiş İttifaqın Moskva şəhərində hərbi xidmətdə olarkən də atam vasitəsilə bu gözəl qələm sahibləri, nurlu insanlar barədə xəbər tuturdum. Hərdbi xidməti başa vurduqdan sonra rayonda ilk qədəm basdığım məkan məhz “Zəhmətkeş” olub. Hamını yerində sağ-salamat, yerində gördükdən sonra Allaha şükür elədim. 1990-cı ilin qanlı 20 yanvarınadək rayonda çalışır, doğma “Zəhmətkeş”lə də əlaqə saxlayırdım. Bu qəzet yazılarımla bərabər haqqımda da oçerk dərc etmişdi. Yaxşı xatırlayıram, tələbə yoldaşım rəhmətlik Solmaz Bədirova 5 May Mətbuat günü ilə bağlı haqqımda yazmış, ürəyini dostyana “boşaltmışdı”. Məhz bu yazıdan sonra məni daha yaxından tanımağa başladılar. Bəli, həmin hadisədən sonra mən rayondan əbədi ayrıldım, Bakıda işə düzəldim. Milli Mətbuatın ilk qaranquşlarından olan “Ədalət” qəzetində çalışarkən “Zəhmətkeş”i və burada çalışan dostlarımı yaddan çıxarmırdım. Amma sonradan işimin çoxluğu, tapşırılmış vəzifə müəyyən fasilə yaratdı, dostlarla görüşməyə imkan vermədi. Hər dəfə də özümü danlayır, rayona gedəndə dostlarla görüşməyi qarşıma məqsəd qoyurdum. Amma mən saydığımı sayırdım, fələk isə başqa şeyi...
Hərdən aramızda o dövrləri xatırlamış, müxtəlif qələm sahiblərini yada salmışıq. Rayondan çıxdığımız 31 il ərzində bu gün də yaşayan “Zəhmətkeş”in sabit əməkdaşlarından Məmmədmirzə Rzayev, Lətifə Əliyeva, Xavər Abbasova haqqında müəyyən bilgilərimiz var idi. Təkcə Nüşabə Mirzəyevadan başqa. Nüşabə xanım haqqında bu ilin əvvəllərində Lətifə Əliyevanın qonağı olarkən onun vasitəsilə xəbər tutduq, əl telefonunun nömrəsini əldə etdik. Əvvəlcə Hacı İlqar onunla əlaqə yaratdı, sonra da mən. 31 illik intizardan sonra onunla görüşüb dərdləşmək, hal-əhval tutmaq, köhnə xatirələri çözələmək istəyində idik, amma belə fürsət ələ düşməmişdi. Buna görə özümü hətta qınayırdıq da.
Dekabrın 10-da Hacı İlqar telefonla bir şad xəbər vermək istəyini dilə gətirdi. Maraqlandıqda söylədi ki, Nüşabə xanım şəhərdədir. Çox sevindim, arzuladığımız məqamın yetişdiyini ona bildirdim. Dedi ki, indicə onunla əlaqə saxlayaram. Beləliklə, dekabrın 12-nə, bazar gününə görüş təyin etdik. Razılaşdığımız saatda “Əcəmi” metrostansiyasının “Makdonalds”
əyləncə mərkəzinə çıxan hissəsində görüşdük. Münasib bir yerdə oturub söhbətləşdik, ötənlərə 31 ildən sonra baş vurduq. Düzü, bu görüşü həyatımın ən maraqlı hissələrindən biri hiss etdim, yaddaşıma əbədi həkk olundu...
İsmayıllıda görüşənədək, hörmətli, dəyərli Nüşabə xanım. İnşəAllah!

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR