dini radikalizm və ekstremizmlə mübarizə

“Bir tükənməz nağıl olsun Vətən torpağı”


Birinci Qarabağ savaşının veteranı, şəhid atası Hacı Əkbər Rüstəmovun “Vətən kitabı” haqqında düşüncələr

Keçmiş döyüşçü, müharibə veteranı haqqında nəsə demək, nəsə danışmaq çox çətin və məsuliyyətlidir. O döyüşçü ki, silahını qələmlə əvəzləsin. Döyüşçü-yazardan bəhs etmək üçün sözləri seçmək, cilalalamaq gərək. Özü boyda bir dünya olan Hacı Əkbər Rüstəmov. 74 ili arxada qoymuş bu kamil insan haqqında heç bir fərqli söz demədən, heç bir fərqli ifadə işlətmədən deyərdim : "Döyüş xatirələrini sətirlərə hopduran, o sətirlərlə də Vətəni mənə sevdirən adam..." Hər kəlməsindən Vətən nidaları səslənən döyüşçü-yazar. Tam cəsarətlə onu söz sərrafı da adlandırardım. Yazdığı xatirələrinin hər kəlməsi ilə Vətən eşqi, xalq məhəbbəti aşılayan Hacı Əkbər! Vətənin seçilməz olduğunu, bütün dünyanın gözəlliklərinin fövqündə duran Vətənin bir parçası Ağdamının əzəmətini, gücünü qəlblərə damla-damla, gilə-gilə axıdan söz sərrafı, -

Vətən, qəlbim, qibləgahım mənim!
Səni nə qədər vəsf etsəm də,
Sözün gücü buna çatmayacaq,

- deyir.

Və bu kiçilməməzlik üçün ürəyinin hənirtisini dilə gətirir. Hacı Əkbər bizim üçün dünyaya cığır açan, bizdən qabaqda yol gedən, qədəmindən nur yağan bir söz adamıdır. Onun yazdıqları başdan-başa fəlsəfədir, ana laylasıdır, içimizə sərinlik gətirən, bizə təskinlik verən müdrik fikirlərdir. Mənası və məzmunu isə çox dərindir. O, elin sərvətidir. Elin, yurdun dərdini, ağrı-acısını onun özündən də çox daşıyan bir ucalıqdır Hacı Əkbər Rüstəmov!

Vətən – elim, Vətən – qismətim,
Vətən – dərdim, Vətən dayağım mənim.
Vətən – dinim,imanım,
Vətən – babalarımızın, şəhidlərimiz
uyuduğu Ulu torpaq.
Vətən – dünənimiz, bugünümüz,
sabahımız olan doğma yurd!
Vətən – bizi biz eləyən ANAmız,
and yerimiz, güvənc yerimiz!

Bir tükənməz nağıl olsun Vətən torpağı

Ha yol gedim çatammayım sərhədlərinə - deyən qələm sahibi bölünməz, parçalanmaz, vaxtilə əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni, doğma Qarabağı, qoynunda göz açdığı Ağdamı üçün hayqırır, onu qaytarmaq hər bir vətən övladının müqəddəs borcudur, - deyərək mübarizlik və əzmkarlıq aşılayır.
Məşhur Braziliya yazıçısı və şairi Paulo Koeliyonun sözlərini xatırlayaq : " Ürəyini ram edə bilən kəs bütün dünyanı özünə tabe edə bilər". “Bir tükənməz nağıl olsun Vətən torpağı” deyən Hacı Əkbər Rüstəmov öz qəlbini və sevgisini xalqın ağrı-acısına ram edən və onun özü olan bir şəxsdir. Bəli, Hacı Əkbər bu gün eldir, elin naləsidir, fəryadıdır.
O, şair deyil, arada yazır, onu sevənlərin qəlbində özünə möhtəşəm abidə ucaldır. Özünü əsla şair hesab etmədiyini söyləyir. Bu bir Böyük adamın, bir böyük yazarın özünün də söylədiyi kimi, "təvazökarlığı deyil", səmimi etirafıdır.

Vətən ürəyimizin odu-alovu,
qolumuzun gücü, qüvvəti, qəlbimizin çırpıntısı,
taleyimiz olan doğma diyar!
Vətən hələ də murdar erməni tapdağı altında
inləyən Qarabağımız,
Xankəndimiz, Şuşamız, Xocavəndimiz, Laçınımız,
Kəlbəcərimiz, Ağdərəmiz, Xocalımız, Ağdamımız,
Füzulimiz, Qubadlımız, Cəbrayılımız, Zəngilanımız,
Vətən bu gün param-parça edilən bütöv
AZƏRBAYCANIMIZ!..

Hacı Əkbər bu misraları illər öncə yazıb. Ötən ilin bu vədələrinədək Qarabağ adlı məmləkətimiz, adları sadalanan torpaqlarımız ermənilərin əlində idi, Hacı Əkbər demişkən, onların murdar tapdağı altında inləyirdi. Ötən il sentyabrın 27-dən başlayan Zəfər yürüşü noyabrın 10-da böyük QƏLƏBƏ ilə başa çatdı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” və illərlə mətinləşmiş, cəsurlaşmış, böyük döyüş təcrübəsi toplamış Azərbaycan Ordusunun hünəri, rəşadəti ilə 44 günlük Vətən savaşında həmin torpaqlarımız qan bahasına geri qaytarıldı. Nə qədər gəncimiz şəhid oldu, nə qədəri sağlamlığını itirdi, nəticədə QARABAĞ bizim oldu. Bu QƏLƏBƏyə ən çox sevinənlərdən bəlkə də birincisi Hacı Əkbər Rüstəmov idi. Çünki illərlə arzusunda, həsrətində olduğu Ağdamına, bütövlükdə Qarabağına qovuşacaqdı! Bu dünyadan torpaq həsrəti, Vətən nisgili ilə getməyəcəyi üçün sevinirdi. Şəhid balası Sənanının qanının alındığına sevinirdi!..

Bu torpaq basılmazdır!

Yeri gəlmişkən, bu günlərdə “Vətən kitabı”nın təqdimat mərasimi keçirildi. Üzrlü səbəbdən bu tədbirdə iştirak edə bilmədim. Dostumuz, tanınmış qələm sahibi, Əməkdar jurnalist Elşən Əliyevin redaktoru və ön sözün müəllifi olduğu həmin kitabda müəllifin Birinci Qarabağ müharibəsi və doğma Ağdam rayonunun işğalda olduğu müddətdə yazdığı gündəlikdəki bəzi qeydlər, mətbuatda dərc etdirdiyi esseler, sosial şəbəkələrdə paylaşdığı mətnlər, həmçinin onun haqqında yazılmış məqalələr toplanıb.
Kitaba İkinci Qarabağ savaşında erməni faşizmi üzərində Qələbədən və Ağdamın işğaldan azad edilməsindən sonra yaşanan sevinc və qürur hissinin ifadəsi olan yazılar da daxil edilib.
Vətən dərdini öz dərdi qəbul edib, oxucusuna da bu böyük dərdin müqəddəs olduğunu sevdirən Hacı Əkbər “Vətən kitabı”nda toplanmış xatirələrin birində gözəl müraciət ünvanlamış, hələ 2001-ci ildə övladlarının timsalında bütün Azərbaycan gəncliyinə üz tutub söyləmişdi:
- Mənim igid balalarım! Bizim qismətimiz belə gətirib, başqa yolumuz yoxdur. Əliyalın olsaq da, düşmən qarşısından qaça bilmərik. Azad və vahid Azərbycanın gələcəyi üçün hər bir əzab-əziyyətə dözməyi bacarmalıyıq. Vətənin hər qarış torpağını qorumaq üçün ölməyə yox, öldürməyə hazır olaun. Sağ olun ki, bu dar gündə mənimlə birlikdə olmaq istəyirsiniz! Bu gün mən hesab etdim ki, Vətəni müdafiə edəcək oğullarımız var. Deməli, bu torpaq basılmazdır!
20 il əvvəl söylənilmiş bu sözləri Azərbaycan əsgəri sanki şüar eləyib sinəsindən asmış, müqəddəslik rəmzinə çevrilən Şəhidlərin söz ilə deyil, canı ilə Vətən yazdıqlarını dilə gətirmişdi...
Əkbər Rüstəmov bütöv bir elin, Qarabağ adlı məmləkətimizin söz adamıdır. Onu başa düşən və anlayan bir millətin. Çiynində bir millətin yükünü daşıya bilən bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir diyarın.
Adı məmləkətimizin müxtəlif yerlərində səsləndikcə qürur duyduğumuz döyüşçü-yazar - Azərbaycanın Ağdam adlı kiçik, əslində böyük yurdundan məlum səbəblərdən baş kəndimizə pənah gətirmiş söz adamı. Onun xatirələri müxtəlif KİV-də, elektron mətbuatda nəşr olunduqca, bu beyin məhsulları kitablara çevrildikcə ədəbiyyat zövqünün nə olduğunu, qələmin gücünün məkan və yer, millət və xalq tanımadığını, zövqlərin və qəlblərin dərinliklərinə hər millətin öz mənəvi fəlsəfəsinə görə hopduğunu göstərir.
Özü boyda olduğu hər yerdə Vətən ola bilən Ə.Rüstəmov təkcə söz sahibi deyil, həm də gözəl bir müəllimdir. Tələbələrinin sevdiyi bir pedaqoq, pedaqoji sahədə öz sözünü demiş bir öyrətmən.
Hacı Əkbərin yaradıcılığında Vətən, torpaq mövzusu daha qabarıq və dolğun şəkildə öz noetik əksini tapıb. Bu da səbəbsiz deyil. Çünki o öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəkətli zəmilərindən, coşqun sularından alıb. Doğulduğu məkandan başlanan Vətən sevdasının sərhədləri onun üçün müqəddəs qədim Türk torpaqlarından keçir. Hacı Əkbərin qəlbində Vətən sevdası gündən-günə alışıb yanan atəşin bir ocağa bənzəyir. O ocaq yetmiş dörd ildir ki, onun qəlbində sönmək bilməyir və inanıram ki, sönməyəcəkdir…
“…Artıq yaşayıram, bu neçə illəri yaşamırdım. Artıq ordumuzun bu qüdrətə sahib olmasına görə Prezidentə təşəkkür edirəm. Allah ordumuza qələbəmizi göstərməyi qismət eləsin. Mən də özümü əsgər bilirəm. Düzdür, getdim, müraciət etdim, amma yaşım çox olduğuna görə götürmədilər. Üç oğlumla döyüşmüş biri kimi yenə də özümü orada hiss edirəm. Nəhayət, Vətən müharivəsi ifadəsini səsləndirirlər, əvvəllər Qarabağ müharibəsi deyirdilər. Uzun illər buna görə mübarizə aparırdım ki, bu, Vətən müharibəsidir. Bu hadisələr hansı rayonda olursa-olsun, Vətən müharibəsi adlandırılmalıdır”.
8 may 2020-ci ildə bu fikirləri qürurla səsləndirən, ağ vərəqlərə şövqlə həkk edən Hacı Əkbər dəlilər kimi hayqıraraq qəlbindəki ağrı-acıları acı bir dillə ifadə edə-edə Vətən oğullarını Qarabağı yağı pəncəsindən qurtarmağa səslədi. Bu isə son dərəcə inandırıcı və təbiidir. Çünki Vətən sevdasıyla ürəyi köz-köz, söz-söz, sətir-sətir, bənd-bənd, şeir-şeir yanan bir şairdən bundan artıq nə gözləmək olardı ki?!. Və veteran döyüşçünü yaxından tanıyan yazar kimi, onu da qeyd edim ki, o bütün yazılarının sonunda imzasında “həmişə əsgər” ifadəsini fərəhlə işlədib. Odur ki, Qarabağ dərdindən, Vətən nisgilindən, torpaq həsrətindən, qövr etməkdə olan yaralarımızdan yana-yana, həsrətlə yazdığı kimi, gördüyü gözəlliklərdən, sevinc doğuran duyğulardan da ilhamla söz açıb, “mən vətənini, yurdunu sevən insanları sevirəm. Vətən duyğusu daxildən gəlməlidir, məcburi olmamalıdır” deyərək həmişə məni də ruhlandırıb, əzmimi, sabaha ümidimi, gələcəyə inamımı artırıb.
O, söhbətlərimiz zamanı yazıçının ürəyini narahat bir dənizə bənzədib. Onun dediyi kimi, “o dənizinsə öz aləmi vardır”….

Nəfsinə sahib Allah adamı

Hər insanın iki dünyası var: yaşadığı dünya və yaşatdığı dünya. İnsanın ağlı, zəkası, mənəvi fəzilətləri və özünü ifadə forması yaşadığı dünyada yeni bir dünya yaradır. Bu mənada, insan həm də mövcud olduğu zamanın, tarixin, mədəniyyətin məhsuludur. Göz açdığın yerdə həm də yaratmaq naminə yaşamaq, elə göz açdığın məkanı layiq olduğu səviyyədə şərəflə təmsil etmək, Qarabağ həqiqətlərini yaymaq, öz qələmi ilə düşmənlə vuruşmaq, Vətənin dərdinə yanmaq, bu günün və sabahın döyüşkən oğullarını yetişdirmək... 75 yaşlı həmişə əsgər, vütüran, şəhid atası, istedadlı qələm sahibi Hacı Əkbər Rüstəmovun ömür yolu bir örnəkdir.
Əkbər müəllimi bir yazar kimi xalqa sevdirən onun vətənpərvərliyi, milli ləyaqəti, torpaq təəssübkeşliyidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran isə fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, sədaqətli dost, ədalətli müəllim, nəfsinə sahib Allah adamı, sözübütöv, mərhəmətli, prinsipial, qayğıkeş, xeyirxah, qonaqpərvər insandır. Onu səciyyələndirən, xarakterizə edən bu xüsusiyyətləri təkcə həmvətənləri, görkəmli Azərbaycan ziyalıları, doğmaları və dostları, tələbələri, keçmiş döyüşçüləri yox, həm də fəaliyyət göstərdiyi kollektivin üzvləri də etiraf və təqdir edirlər.
Vətənə xidmət həm də, nümunəvi ailə yaratmaqdan başlayır. Bu aspektdən də Əkbər Rüstəmov xalqa, Vətənə xidmət nümunəsidir. Söhbətlərimizin birində Əkbər müəllimin qeyd etdiyi kimi, ailə dəyərləri onun həyatda qazandığı ən böyük mükafatıdır: “Əmək fəaliyyətimdə Ulu Tanrının nəsib etdiyi ən böyük mükafatım yetirmələrim, döyüşçü övladlarımdır. Həyatda böyük mükafatım isə ailə dəyərlərimdir. Ailəmizin baş tələbi Allaha bəndəlik etmək, Vətənə, el-obaya xidmət göstərməkdir. Həyat yoldaşım, övladlarımın anası həmişə mənə arxa-dayaq olub. Övladlarım arzularımı çiçəkləndiriblər, məni ümidsiz qoymayıblar. Nəvələrim mənə babalıq sevinci bəxş ediblər. Mən ailəmlə fəxr edirəm. Yerdə qalanlara qiymət vermək isə ətrafdakıların işidir”.
75-in də dizini böyük şövqlə, ilhamla qatlayan Hacı Əkbər Rüstəmov! Sənin daha çox yaşamağa haqqın var. Çünki sənin yazan qələmin, yaratmaq eşqiylə çarpan ürəyin hələ ki, durmaq bilmir. Çünki sən bizi söz verdiyin yerlərə aparacaqsan. Yuxularda gördüyüm yurd yerləri səni, məni, onu – hamımızı gözləyir. Deməyə bir söz qalır, əziz dostumuz: həyat eşqiniz, yaradıcılıq enerjiniz tükənməsin Ona görə də sizə öncə cansağlığı, böyük yaradıcılıq uğurları arzulayırıq.
Vətəndə görüşənədək!
Həmişə dostluğa və dostuna sadiq;

Daşdəmir ƏJDƏROĞLU








Oxunub: 772
Oxşar xəbərlər
SON XƏBƏRLƏR