dini radikalizm və ekstremizmlə mübarizə

ƏSƏD CAHANGİR İDEOLOGİYASI

Baxış Sayı:426


Təxminən 10 ilə yaxın olar bəlkə də... Onunla AYB-nin qarşısında görüşdük. Yanımda tanınmış yazarlardan kimsə var idi, adını unutmuşam. Onu mənə belə təqdim etdi; - Tanış olun gözəl yazıçımız, tənqidçimiz Əsəddir, “geroy Əsəd”. Bir az da gülüşdük. Qoltuğunda yeni sayı çıxan “Alatoran” jurnalı da vardı. Jurnalı varaqlaya-varaqlaya ordakı ədəbi yazılar barədə söhbət edərək, ümumi ədəbi aləmin də “qeybətini” etməyi unutmadı. Xarici və ölkə ədəbiyyatı arasındakı fərqliliyi, doğmalığı, onların arasındakı isti və ya soyuq münasibətin hansı dərəcədə olmasını bir az təhlil edərək, müasir ədəbi aləmdəkı giley-güzarını da qatdı ona. Haqqının gücünə, özünün güvəninə arxeyin olan bu insanı kəşf etdim. O gündən bir Əsəd Cahangir ocağı qalandı içimdə. Sonralar onu tədbir aparıcılığında daha yaxşı tanıdım və natiqliyinin vurğunu oldum. Elə istəyirdim ki, ona saatlarla qulaq asam. Elmi və bədii təfəkkürün ictimai və ədəbi forması onun təfəkkür nizamında, baxış bucağında mizana gələsi nə varsa bizim gördüyümüz və görə biləcəyimizdən də qat-qat artıq idi. Yəni o, sözün söz çəkisini, söz qədərini öz yaşı qədər deyil, sözün yaşı qədər ələməyi bacarırdı. Amma bu ələkdə mizanında yer ala biləcək tək-tük yazıçı və şair olsun ki, qala bilsin. Fəlsəfi uyarlıq, ədəbi baxışın sonsuzluğa gedən yolu, məntiqi düşüncə və fikrin həyatiliyi, bəşəri hisslərin dünyəviliyi və s. Əsəd Cahangir aləmində özünə yer tapa bilmişdir.
Hər birimiz bədii əsərlərin gücüylə həyat məktəbinin nədən ibarət olduğunu duymuşuq. Gündüzlər dərslik, gecələr bədii kitablar bizim aludə olduğumuz və çıxa bilmədiyimiz həyat eşqi idi. Biz orda hər şeyi tapmışdıq. Vətəni, ananı, insanı necə sevməyi və uğrunda mübarizə aparmağı, qalib olmağı əsərlərin sayəsində öyrənə bildik. Bir də qəhrəmanlığı, ədəb-ərkanı, dünyanı görmək, həyatı dərk etmək bacarığı...
Lakin zaman çox iti sürətlə dəyişdi. Bu dəyişmədə bizim vaxtı ilə eşidə biləcəyimiz, lakin tam dərk edə bilməyəcəyimiz bir həyat fəlsəfəsi göründü. Ədəbi, ictimai, siyasi sahədə hər şeyin sürətlə inkişafı və dəyişməsi bizim özünüdərk fəlsəfəsinə çox yaxın oldu. Burda müstəqillik dediyimiz zaman da rol oynadı. İllərlə bizim xəyallarımızla yoldaşlıq edən, bizimlə bir ömür yol gələn müstəqillik. Arzularımızda qönçələnən, əllərimzdə buxovlanan azadlıq, istəyimizin yolu olan müstəqillik... Çatdıq...Qanı bahasına əldə etdik...Siyasi tərəf bizlik deyil, onu qoyuram bir tərəfə. Ədəbiyyatımızın müstəqilliyində nələrin baş verdiyini analiz edən Əsəd bəy, bu kondeksdə çox şeyə toxundu...
Müstəqilliyin ədəbi axını güclü selə bənzədi. Onun çör-çöpü də, kötüyü də, iri və xırda daşları da oldu. Hətta bu qarışılıqda iri daşların, kötüklərin arxasınca hardansa qopub gələn və gizlənən, bitmək imkanı əldə etməyə canfəşanlıq edən alaqotu və digər ziyanlı bitkilər də oldu. Və deyəsən bitdilər də...Neyləyək, çəmən alaqotusuz olmaz ki....
Bəli, müstəqillik ədəbiyyatın yeniliyinə can atdı. Onun senzurasını əlindən alsa da, yeni-yeni ədəbi qurumların, ədəbi birliklərin yaranmasına təkan verdi. Hər şey gücləndi, əvəzində tənqid zəiflədi. Sovet dönəminin tənqidçilərindən fərqli olaraq müasir və müstəqil tənqidçilərin əlinə keçən səlahiyyət eyni olmadı. Orda deyilən fikir və düşüncələr həyati gerçəkliyin üzündə özünə yer tapırdı. Burda isə tənqidin arxasında dayanan bir qorxuluq, ümidsizlik və bir də müstəqilliyə sığınan qanun yolverməzliyi dayanırdı. Yəni müstəqil olsaq da, daxili azadlığımızı tam bərpa edə bilməmişdik. Hələ də daxili buxovlar bizimlə idi...Bir sözlə, Qaraca demişkən “Desəm öldürərlər, deməsəm ölləm” prinsipi artıq keçmirdi. Burda keçən dostluq, qohumbazlıq, xətir hörmətin aradan götürülməməsi prinsipi vardı. Bunlardan keçən heç bir yazararın dostu ola bilməzdi. Yaxud, çörəyindən, suyundan qalardı.
Lakin bütün bu hallarda qolunu çırmayıb oyuna girişən Ə.Cahangir öz rejiminin baxışı ilə yaxşı əsərlərin ortaya çıxmasına yol açdı, onların yaşamasına, təbliğinə və əsl ədəbiyyatımızın qorunub saxlanmasına çalışdı. Onun təbirincə desək, müstəqil ədəbiyyatımız sovet ədəbiyyatının köynəyindən çıxıb, daha güclü olmalıdır. Çünki müstəqilliyi qanı bahasına əldə edən bir ölkənin yarası təzə idi, qanı axırdı. Bu yaraların sağalmasına güclü qələm sahiblərinin yaratdığı tarixi, dəyərli əsərlər səbəb ola bilərdi.
Məhz tənqidi sahədə özünü yetərincə yetişdirə bilmək gücünə malik olan, özünü o sahədə bütövləşdirən və insanlıq kondeksindən hər şeyi olduğu kimi görmək gerçəkliyində tam olan tənqidçi ədəbi axarın suyunda bulanmamaq üçün özünün saflığını, vicdanın mizanında qoruyub saxlaya bildi. Yalançı təriflərə, saxta və ictimai qınağa səbəb olan hər şeyə baxışını tamam dəyişdi. Qoruduğu ədəbiyyatın özəyi oldu. Onun fəlsəfəsini ədəbiyyatın həyat qapısından içəri daxil olanda görmək olar.
Ə. Cahangir çox sevdiyi və haqqında kitab yazdığı görkəmli yazıçımız Elçin Əfəndiyevi və çoxlu sayda ədiblərimizi oxuya-oxuya böyük ədəbi məktəb keçib. Həm də həyat məktəbi. Lakin Elçinin əsərlərində özünü tam mənada tapması maraqlıdır. Axı, özü demişkən həmişə onun əsərlərindəki müsbət obrazlara özünü bənzətməklə, yaxud həmin obraz olmaq arzusuyla yaşamışdır. Bu da təbiidir...
İlyas Əfəndiyev və Elçin Əfəndiyev- bu ata-balanın- hər iki ədibin yaradıcılığındakı əsərlərin məzmun və qayəsini öz həyati baxışları ilə eyniləşdirən, fərqli cəhətlərinin və fkrinin nələrdən ibarət olduğunu tam izahı ilə şərh edən və Elçini oxuya-oxuya özü demişkən atasının təsiri altında ədəbiyyatın qapısından içəri üzüağ girmiş Əsəd...
Əsəd bəyin dediyinə görə onu Elçin yaradıcılığına bağlayan amillərdən biri “Mahmud və Məryəm” əsərindəki Mahmud obrazı olub. Mahmud və Məryəm əsərindəki Mahmuda bənzədib özünü. Mahmudun baxışlarını, düşüncələrini....Lakin bunları özündə tam bərpa edə bilməyən, içindəki yığılıb qalmış qat kəsmiş haqsızlıqlar, deyə bilmədiyi və içində boğduğu ədəbi psixoloji durumun haqq görüntüsü onu tənqidçi etdi. ...
Onun ədəbi baxışını qoca palıdın lap ucqar nəhəng budağında əyləşib bütün nəzərlərini təbiətin incəliklərinə, zərifliyinə və bir də öz nəhəngliyinə tamaşa edən, fikir və düşüncələri isə yaz yağışının dayanmadan yağıb əmələ gətirdiyi çayların bir rəssam lövhəsinə bənzədirəm. Niyə? Özüm də bilmirəm. Təkcə onu bilirəm ki, Əsəd Cahangiri oxuya-oxuya ədəbiyyaın varlığına yenidən qayıtdım. Ə. Cahangir içərimizi buruq-buruq tüstülənən tüstüdən və bağlayan qurumdan təmizlədi.
Əslində son illər ədəbiyyatın ölgünlüyünü hər birimiz hiss edirdik. Yaxşı şeirlər, nəsirlər yazılırdı. Amma onun dirçəlişi üçün heç nə yox idi... Məhz Ə.Cahangir bu ölgünlüyə dirilik gətirdi, onu yaşatdı. Mətbuatda və ədəbiyyatda yaranan axınların içərisində yazar adıyla çıxış edənlərin əksəriyyəti mənəvi əxlaq və zənginlikdən çox uzaq idilər. Bəli, bu gəlişin önündə və arxasında “qalib olmaq” və mənəm-mənəmlik iddiası dururdu. Ə.Cahangirin təbirincə müasir gəncləri 80-90-cı illərdə gələn nəsildən fərqli edən onların nizama-intizama düzgün riayət etməməsidir. Bu birmənalı doğrudur. Əslində yeri gəmişkən vurğulayım ki, gənclərin düzgün ədəbi yolunun getməsində əsas böyüklərin rolu qeyd olunmalıdır. Bəli, pəh-pəhlə tərif edib ədəbi mühitə gətiridiklərimiz də var, pəh-pəhsiz öz istedadıyla öz yolunu gedənlər də..
Realist və idealist düşüncələrinin ədəbi meyarı baxımından Ə. Cahangir idealizmin daşıyıcısı olmaqla bu yolun mayakı oldu. Sadə hissdən ədəbi zərurətə cığır aça bilmək hər kəsin işi deyil. Obrazlar ictimai, siyasi baxımdan idealogiyanın baxış bucağında o qədər durulmalıdır ki, onda bulanıq heç nə görünməsin. Acısın çəkdiyimiz dövrün ədəbi məkanında nələri görürük. Əslində kommunizm senzurasının vurub tutan vaxtında ən dəyərli ədiblər yetişdi, ən dəyərli əsərlər yazıldı. Bəs indi necə.. Əksinə müstəqilliyimizin ağrılı vəziyyətindən heç nə görünmədi...Ədəbi məkanı boş-boş sözlərlə doldu, yaxşı əsərlərin dayısı olmadı, “həvəskarlar” isə şairəm, yazıçıyam deyib, əlinə qələm alıb meydanda at oynatdı. Mənəm-mənəmlik iddiası, müştəbehlik, yaltaq və saxta “yaradıcılıq” yolu tutanlara ədəbi kürsüdə qol-qanad verildi.
Hörmətli yazıçımız Elçinin 2009-cu ildə dərc ounan yazısına-Ədəbi prosesdə nə baş verir sualına, tənqidçi Əsədin cavabı belə olub: -Karnavalizm. Özü demişkən 20 ildən artıq ədəbi tənqidlə məşğul olan Əsədin cavabı budursa, daha nə deyək? Burda aydınlıq gətirməyə ehtiyac yoxdu. Karnavalın təşkilatçıları və oyunçuları da tam aydındı.
Şekspirin “On ikinci gecə” komediyasından sonra “On üçüncü gecə” “komediya”sını ədəbi mühitə sürpriz edən tənqidçi ədəbi karnavalizmin nə olduğunu bizə çatdırdı. Yazarlar, şairlər əvvəlcə şeirlə, sonra nəsrlə davam edərək, xırda tənqidçi olmağa başlayırlar. Niyə, onları məcbur edən nədir? Ədəbi aləmdə gördüyü haqsızılıq, yoxsa bağışlanılmaz mənəm mənəmlik. 90-cı ilərdən sonra yaranan ədəbiyyata yazıçının, ədəbi tənqidçinin baxışı eynilik daşıyır. Mən isə bunların ardını publisist kimi tamamalamaq və son nöqtəni qoymaq istəyirəm. Müdriklərimizdən biri demişkən “Xalq ədəbiyyat yaratmır, ədəbiyyat xalqı yaradır”...

YARADILIŞIN MÜBARƏK, SÖZÜN ÖVLİYASI!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR