dini radikalizm və ekstremizmlə mübarizə

"AT ÖLƏR, NALI QALAR; İGİD ÖLƏR, NAMI QALAR!"......


Allahın 44 günlük sınağında

O günlərdə mərd də bilindi, namərd də. Müqəddəs torpağımız onun uğrunda vuruşan, döyüşən, çarpışan, öldürən, ölən, qan tökən və qanı tökülən övladlarını ağuşuna alaraq onları qucaqladı, bağrına basdı, öpdü və elə bağrına da gömdü. O gün şəhidlərimiz ilə yanaşı, neçə-neçə arzular, istəklər, sevgilər də gömüldü...... Ürək sızlamasın, göz yaşarmasın, dil danışmasın, bağır çatlamasın da, neyləsin?!

Vətən öz mübarək övladları ilə fəxr edir! Bu fəxarət hissi çox dərindir, özü də ki, olduqca çox... Təki vətən sağ olsun, dövlət var olsun, millət rahat yaşasın və üçrəngli müqəddəs bayraq səmalarda qürur ilə dalğalansın deyənə, özlərini fəda etdilər. Türk oğlunun bir nömrəli vəzifəsi məhz elə budur! "Vətən, Millət, Dövlət, Bayraq" prinsipləri və bu ali düşüncə naminə yaşamaq, mücadilələr aparmaq necə də xoş və gözəldir. Vətən unutmaz, millət yaddan çıxartmaz və dövlət mükafatsız buraxmaz.

Peyğəmbərinə qovuşan 2783 mömin indi Uca Rəbbin müqəddəs dərgahında özləri üçün ayrılmış ruzini yeməkdə və qardaşlarına dua etməkdədirlər.

Allahın sözü, vətənin taleyi, millətin rifahı və dövlətin şərəfi hər bir şeydən üstün olsun deyənə, cihad edərək əcdadlarımızın pak ruhlarını şad etdilər. Allah onlara əbədiyyən rəhmət etsin!

Şəhidinə də qurban, qazisinə də qurban!

Görəsən, Dədəm Qorqud bu mənzərələri görsəydi, nə deyərdi?! Qopuzunu sinəsinə basar, soy soylayar, boy boylayardı. Vətən, millət və dövlət üçün şəhadət şərbətini içən, üçrəngli bayrağa sarılan 2873 şəhidə dastan qoşardı, hərəsinə bir ad verərdi:

"Hey, igidim, hey!
İgid igid olsa, nə dərdim?!
O ağ alnından öpərdim! Ata-anana bunu deyərdim:
Var olasan, valideyin, üzün ağ olsun!
Gavurların ürəyi, qoy, bir dağ olsun!
Təki vətən, millət həmişə sağ olsun!
Şəhidlərin yeri güllük bağ olsun!"

Əzəmətli Allah şahid idi ki, o günlərdə hər kəs bir əsgər idi. Dövlət ümumi hərbi səfərbərlik əmri versəydi, sevə-sevə gedər, ya ölər və ya da ki, öldürərdik!

"Gərəkdir ki, bunu hər igid qana!
Dövlət atadır, Vətən də ana!
Hamımız səmimiyyətlə bağlıyıq ona!
Hər şeyimiz qurban Azərbaycana!"

Uca Allah-Təaladan(c.c) tərəddüd etmədən canından keçərək gəncliyini, arzularını vətənə qurban edən şəhidlərimizə sonsuz rəhmət və müqəddəs vətən adına sağlamlığını bağışlamış namı dəyər qazilərimizə isə şəfa arzu edirəm!

Ərtoğrul Mehdizadə

Oxunub: 706
Oxşar xəbərlər
SON XƏBƏRLƏR