Onları unutmayaq ki, bir vaxt qum saatı bizim üçün tərsinə sayanda, bizi də unutmasınlar!...
Yaşar Qaraxan oğlu Abdulov-75.
01 iyul 2021-cı il onun xatirə günü, ömür vəfa etsəydi, unudulmaz ziyalımızın 75 yaşı!
Rayonumuz təşkil edildiyi tarixdən bəri Yardımlı əsilli dörd nəfər rayon rəhbərindən biri kimi, ictimai xadim, yaddaşlarda həm də gözəl müəllim kimi qalan, ləyaqətli ziyalı, təmkinli və alicənab məmur kimi camaatımızın xoş xatirələrindən silinməyən Yaşar Qaraxan oğlu Abdulovun sabah 75 yaşı tamam olacaqdı!.
Aşağıdakı məqalə unudulmaz ziyalımızın həyat səlnaməsindən bir parça, əlbəttə, oxucularımız üçün...
"Xatirələrdə əbədi yaşayacaq Yaşar müəllim"
Mən onun haqqında köhnə muzey işçisi kimi danışacağam.Çünki unudulmaz ziyalımızın həyatının ən əlamətdar illəri: istər pedaqoji fəaliyyəti, istərsə də sürətlə zirvəyə gedən məmur karyerası gözümün qabağında baş vermişdir.Muzey sahəsində aldığım biliklər onun həyat cığırında yaşanan hadisələri ömürlük hafizəmə həkk edib.
Rəhmətlik Yaşar Qaraxan oğlu Abdulov mənim də nəsli-şəcərəmin daxil olduğu Yardımlı kəndinin məşhur Sultanəlilər tayfasına mənsubdur.Məlumat verim, təxminən 300-350 il bundan əvvəl indiki Yardımlı kəndinin əzəli bünövrəsini qoyan üç qardaş-üç tayfadan biri olub Sultanəlilər.Bu tayfa bu gün əzəli sakinlərin ən böyüyüdür.Həmin tayfa içərisindən çoxlu tanınmış adamlar: adları tarixdə qalan atıcı-tətikci, icma ağsaqqalları, çar və ya Sovetlərin gəlişi dövründə yüksək postu zəbt edən məmurlar, ilk dünyəvi təhsil alan savadlı adamlar, din xadimləri, bir sözlə bu tayfa tanınmış simalırı ilə tarix yazmışlar.Yaşar Qaraxan oğlu Abdulov elə bu tayfanın “Məşədililər” tirəsinə mənsubdurlar.Onun atası Qaraxan da, Qaraxanın atası Abdul da, hətta Abdulun atası Məşədi Xankişi də dövrünə görə el-obada tanınmış adamlar olub. Müdrik qocaların dilindən “yaxşı adam” kimi düşməz olan Qaraxan Abdul oğlu Əsədov da Yardımlı rayonu təşkil edildiyi dövrdə ilk ziyalı məmurlarımızdan olub.Həm qocaların dediyindən, həm də araşdırmadan məlum olur ki, Qaraxan Əsədov 1929-cu ildə Yardımlı kəndində ilk dəfə təşkil olunan “Komsomol naminə” kolxozona 30-cu illərin əvvəllərində rəhbərlik edən məşhur kolxoz sədrlərindən olmuşdur.Onun sədr olduğu dövrdə Masallı-Yardımlı avtomobil yolunun indiki “Qəsəbə məzarlığı”ndan “Kiloğori”ya qədər məsafənin yol çəkilişində Yardımlı kənd kolxozçularının da çoxlu əməyi olmuşdur.Hətta buna görə sədr Qaraxan Əsədov o zaman rayon rəhbərliyinin təşəkkürünü də qazanmışdır.Elə bu yüksək təşkilatçılıq və bacarığına görə Qaraxan Əsədovu sonradan Sovet işinə irəli çəkilərək Vərgədüz, Vəlixanlı və bir çox kəndlərdə kənd soveti sədri, kolxoz sədri vəziflərində ləyaqətlə işləmişdir.Lakin Yaşarın iki yaşı olanda -1948-ci ildə atası Qaraxan Əsədov qəfil ürək tutmasından vəfat etdmişdir.
Məlumat verim, Yaşar Qaraxan oğlu Abdulov 1946-cı iln iyul ayının 1-də Yardımlı kəndində qulluqçu ailəsində dünyaya göz açmışdı. 1963-cü ildə orta məktəbi, 1968-ci ildə Azərbaycan Pedaqoji inistitutunun(APİ) riyaziyyat fakultəsini bitirmişdi. 1968-1971-ci illərdə Əsədabad kənd səkkiz illik və 2№-li Yardımlı şəhər məktəblərində riyaziyyat müəllimi işləmişdi. 1971-1972-ci illərdə Azərbaycan Komsomolunun Yardımlı rayon komitəsində şöbə müdiri vəzifəsində çalışmışdı. 1972-1973-cü illərdə Sovet ordusu sıralarında xidmət etmişdi. Ordudan təlxis olunandan sonra yenidən pedaqoji fəaliyyətə qayıdaraq, 1973-cü ildən 1982-ci illədək öz ixtisası üzrə müəllim işləmişdi. 1982-ci ilin iyun ayından 1990-cı ilin oktyabr ayınadək Yardımlı qəsəbə XDS İK-nin sədri, 1990-cı ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək Yardımlı rayon XDS-nin sədr müavini vəzifəsində çalışıb. Eyni zamanda Bakı Sosialidarəetmə və Politalogiya inistitutunda ikinci ali təhsil alıb.(1991-1994). 1994-cü ilin may ayından 2001-ci ilin fevral ayınadək Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-ci ilin fevral ayından 2005-ci ilin may ayınadək Yardımlı rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
Əvvəlcə onu deyim, rəhmətlik Yaşar müəllim mənim orta məktəbdə müəllimim olub.Özü də yaxşı oxuyan şagirdlərin uğuruna sevinən, öz bilik və təcrübəsini hər zaman bu şagirdlərindən əsigəməyən əsl Vətəndaş müəllim olub.Əmək fəaliyyətinə orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan Yaşar müəllim qısa zamanda məşhurlaşmışdı.Məktəbdə çox zabitəli idi.Bütün şagirdlər ondan bu xarakterinə görə çəkinməklə bərabər həm də ona böyük ehtiram göstərirdi.Şagirlərdən yaxşı oxuyanlara onun sayqısının çox olması ona bu hörməti qazandırmışdı.Rəhmətlik direktorumuz adlı-sanlı Fəzail müəllim Əkbərov də Yaşarı çox istəyirdi və onun sevimli müəllimlərindən biri idi.Yaşar müəllim həm tələbkar, həm də yüksək məsuliyyətli müəllim idi.Yaşlı nəsil yaxşı xatırlayar ki, keçən əsrin 70-ci illərinin ortalarında pedaqoji fəaliyyətə başlayan Yaşar müəllim qısa zamanda ayrıca riyaziyyat fənn kabineti yaratmışdı.Bu kabinet rayon məktəbləri içərisində dövrün təhcizat-tərtibatına görə 1-ci idi və nümunəvi olduğu üçün məktəbi də şöhrətləndirdi.Təcrübə o zaman bütün məktəblərə yayıldı.Qısa zamanda Yaşar müəllim onlarla şagirdi o zaman hər bir şagirdin və valideyinin arzusu olduğu ali məktəb tələbələri oldu.İndi də onun bir zaman riyaziyyatçı kimi yetişdirdiyi yetirmələrinin sorağı uca vəzifə kürsülərindən gəlir. Pedaqoji sahədə bu yüksək təlim-tədris vərdişləri öz bəhrəsini verdi.Onun həm savad, həm də təşkilatçılıq qabiliyyətini nəzərə alıb ozamankı rayon rəhbərliyi onu irəli çəkdi.Keçən əsrin 80-ci illərin əvvəlində partiya və sovet işində çalışan Yaşar Abdulov ona göstərilən etimadı qısa zamanda doğrultdu.Qısa zamanda vəzifə pillələri ilə sürətlə qalxmağa başladı.
Həqiqətən Yaşar müəllim gözəl ziyalı idi!..2001-ci ildə onu ölkə prezidenti rəhmətlik Heydər Əliyevin fərmanı ilə rayon rəhbəri kimi təyinatı çoxları kimi məni də sevindirdi.Xatirimdədir, rəhbər stolu arxasında oturanda artıq bu kabinetdə əvvəlki ənənələrin bir çoxlarına əməl edilməklə bərabər əvvəlkilərdən tamamilə fərqlənməyə başlanıldı.Onu deyim ki, onun rayon rəhbəri kimi qapısı hər vaxt hər kəsin üzünə açıq idi.Hər kəslə öz dilində danışmağı bacaran Yaşar Abdulov çoxlarının etimad və sevgisini də qazandı.Çünki yaşından, maddi təminatından və ya ictimai məişəyindən asılı olmadan o bu kabinetdə hər kəsi çox böyük lütfkarlıqla qəbul edirdi və hər kəsin dərdini dinləməyi bacarırdı.Bacardığı və imkan qədər sakinlərin bütün problem və dərdlərinə kömək etməyə çalışırdı.Yeri gəlmişkən, bir epizodu yada salmaq istəyirəm.Ərus kəndindən bir şəxs muzeyimizdə Yaşar müəllim haqqında ötən il bir maraqlı hadisə danışdı.Söylədi ki, “bizə məxsus olan balaları qarşıq yeddi baş camışımızın birdən-birə yoxa çıxması xəbəri ailəmizdə ildirm kimi çaxdı.Məlum oldu ki, camışlarımız payızın yağmurlu gecəsində kəndimizin ətrafında olan Azərbaycan-İran İslam respublikası arasındakı dövlət sərhəd xəttini keçərək Güney Azərbaycanda olan kənd həndəvərinə getmişdir.Bu məsələni eşidəndə qoca anam çox məyus oldu və məndən onu rayon rəhbərliyinin qəbulunda olmağı tələsdirdi.Başçının iş günü artıq sona çatdığı üçün mən isə məsələni sabaha saxlamaq istəyirdim.Anam isə heç cür sakitləşmək istəmir və “ay oğul Yaşar müəllim öz elimizin oğludur da, onun qapısı elə öz qapımızdır, nə olsun ki, rayonun böyüyüdür?!”-deyərək məni tələsdirirdi.Anamın israrından sonra axşamçağı maşını rəhmətlik Yaşar müəllimin evinə sürdük.O bizi öz evində çox mehribanlıqla qəbul edib, anama günü sabah heyvanlarımızın qapımızda olmasına söz verdi.Hətta bizi lütfkarlıqla çaya da qonaq eti.Doğrudan da bizim heyvanlar onun göstərişi ilə sabahkı gün bizə qaytardılar.Allah onu rəhmət etsin! Biz onu özümüzkü bilib şikayət və ərizəmizi deməyə ərklə ev qapısını da hər vaxt döyə bilirdik”.
Yaşar müəllim həm də biz mədəniyyət işçilərinin hamisi idi.Bütün mədəni-kütləvi tədbirlərin hamısında yaxından iştirak edər və mədəniyyət işçilərinə stimul olurdu.O həm də gözəl ziyalı idi və ziyalılara dəyər verməyi bacarırdı.Yadımdadır, 2001-ci ildə rayona rəhbər təyin ediləndən sonra dərhal rayonun tanınmış ziyalılarının yubileylərinin keçirilməsinə başlanıldı.İlk olaraq müəllimlər müəllimi rəhmətlik Fəzail Əkbərovun 75 illiyi, daha sonra muzeyimizin yaradıcısı Mirəziz Rəfiyevin, şair Mirzəli Cəfərin, məşhur publisist Mehdi Həsənovun, şair Sakit İlkinin yubileyləri ilə bərabər bir çox yerli şair və yazıçıların yaradıcılıq gecələrinin keçirilməsi bir ənənə halını almışdı.Hətta şair Sabir Rüstəmxanlı, şair Məmməd Aslan da rayona dəvət edilmiş və onlarla ümumrayon səviyyəsində görüş keçirilmişdir.Rayonda bir mədəni-kütləvi dirçəliş hiss olunurdu.Şair və yazarlar da yeni-yeni kitabları ilə gündəmə gəlirdi.Bu isə bütün rayon ziyalılarını sevindirirdi.Çünki onlara verilən dəyər hər birisini yaradıcılığa ruhlandırırdı.
O həm də biz muzey işçilərinin dostu idi.Rayona gələn ali qonaqlara muzeyimizin ekspozisyasını göstərməkdə həmişə maraqlı idi.Qonaqları özü ilə gətirər və bizdən qabaq özü rayonumuzun zəngin tarixini özündə təcəssüm etdirən bu əşyalar haqqında iftixarla qonaqlar danışmaqdan doymazdı.2004-cü ildə muzeyimizin köhnə binası qəfildən çardağı dağılmağa başladı, içərisinə isə arxa divarları altından zirzəmiyə yağış suları yol tapdı.O zaman özü muzeyə gəlib məsəlinin ciddi olduğunu söyədi və muzeyimizi yeni bina tikilənə qədər müvəqqəti ayrı məkana köçürülməsi qərara alındı.Biz o zaman “Raymaq”adlı mağaza binasında köç salmalıydıq.Lakin bu bina uzun müddət bağlı qaldığı üçün təmirə ehtiyac var idi.İcra başçısı kimi Yaşar Abdulov həmin binanın yerli imkanlar bahasına təmir etdirmək üçün vəsait tapdırdı və onun təmir edilməsinə göstəriş verdi.Binanın pəncərə və qapıları dəyişdirildi, habelə daxili interyerində arakəsmə divarları yeni qaydada sökülərək yeniləndi və muzey üçün müvəqqəti qaydaya salındı.Bizə isə tezliklə bina tikmək üçün vəsait tapacağını söz verdi.O zaman bizim rayona belə obyektlərin tikilişinə vəsait demək olar ki, ayrılmırdı və ayrılması da müşkül məsələ idi.Lakin Yaşar müəllim bizim üçün çalışırdı.
O, gənc yaşlarından Yardımlı qəsəbə 2 saylı məktəbdə istedadı ilə tanınan müəllim kimi şöhrətlənəndə də, 2001-ci ilin əvvəlində Yardımlıda ən yüksək məmur postunu-Yardımlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini fəth etdiyi dövrdə də olduqca sadə, yüksək mədəniyyətli, ağayana davranışlı, həm də təmkinli bir ziyalı idi.Bütün ömür karvanının keçdiyi məqamlarda Yaşar müəllim belə idi və belə olaraq ömrünün sonuna qədər qaldı. Onun bu xarakteri lap rəhmətlik atası Qaraxan kişiyə oxşamışdı.Bunu daim qocaların dilindən eşitmişdim. Deyilən görə Yaşar müəllimə də uşaq yaşlarında itirdiyi atasından keçmişdi həm işgüzarlıq, həm də humanistlik.Camaatımızın böyük rəğbətini qazanmışdı elə bu xarakteri ilə.Çünki yüksək məmur postuna pillə-pillə qalxdığı üçün adamların dərdini bilir və onların problemlərini həll etmək yollarını da bacarırdı.Axı o, Yardımlıda doğulmuşdu!..Heç kimi narazı salmaz və çalışar ki, hər şeydən əvvəl vətəndaş həm dövlətdən narazı qalmasın, həm də özü ilə xalq dili ilə desək -“hampa” olanların dərdinə əlac olsun.Axıra kimi bu prinsipə sadiq qaldı Yaşar müəllim.
Hamı mənimlə razılaşar ki, “Regionların İnkişafı Proqramı”na qədər Yardımlıya dövlətin ayırdığı maliyyə vəsaiti çox cüzi idi, bəsit idi.Amma Yaşar müəllim insafən, bu vəsaiti rayonumuz üçün bir yurd təəssübkeşi olaraq çox səmərəli xərcləməyi də bacarardı.Çalışardı ki, rayon üçün, kənd üçün və yaxud vətəndaş üçün bu quruculuq-abadlıq yarasın və özündən sonra yadigar qalsın.Onun rəhbərlik etdiyi 2001/2005-ci illərdə rayonda tikilmiş sosial və inzibatı təyinatlı bütün tikililər öz yüksək keyfiyyətinə görə bu gün də fərqlənir, insanlar tərəfindən yaxşılığa doğru adı çəkilir.Təkcə Yardımlı şəhərinə və onun yaxın kəndlərini fasiləsiz su ilə təmin etmək sahəsində əvəzsiz olan Pankü su xəttinin çəkilməsi şəxsən Yaşar müəllimin yadigarıdır və bu gün də istifadə edənlər onun ruhuna dua oxuyurlar.Eyni zamanda təbii fəlakət nəticəsində bir neçə kənddə, habelə Yardımlı qəsəbəsində sel aparmış körpülərin qısa zamanda yalnız daxili imkanlar hesabına bərpası da Yaşar müəllimin dövründə mümkün olmuşdur.
Yaşar müəllim hər cür intriqadan, söz-söhbətdən daim uzaq olan rəhbər idi.Həmişə rayonda bu kimi məqamlarda baş verən hallara müdriklik göstərər, məsələni ədalətin tərəfində olmaqla barışdırıcılıq və əmin-əmanlıq yaradardı.Ona görə də tək-tük natarazdan savayı, onun rəhbərliyindən heç vaxt yurddaşları narazı olmazdılar. Onun zəngin bioqrafiyası da unudulmaz ziyalının pillə-pillə ucalan ömür yolundan xəbər verir.
İnanıram ki, Rayonumuza ilk rayon rəhbəri kimi üç yerli kadrdan biri, el içərisində əsl alicənab insan, müdrik ağsaqqal və yüksək mədəniyyətli ziyalı kimi yaddaşlarda qalan ictimai xadim Yaşar Qaraxan oğlu Abdulov daim yaxşılığa doğru xatırlanacaq, onun əziz xatirəsi zaman-zaman bu el-obanın hafizəsində yaşayacaq. Allah onu rəhmət etsin!
Əli Mirzəlioğlu
Yardımlı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru.
Oxunub: 976