dini radikalizm və ekstremizmlə mübarizə

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ SADİQ QALAQ!


Vətən, millət, dövlət, bayraq, din, adət-ənənə, mədəniyyət və mentalitet......

Azərbaycan xalqı Türk etnosuna mənsub olmağı ilə yanaşı, müdrikimiz Dədə Qorqudun dövründən bu günümüzə qədər irs olaraq gələn bütün milli-mənəvi dəyərləri özündə aşılamağı bacarmışdır.

Vətənə, el-obaya, millətə bağlılıq; dövlətin yanında qərar tutmaq; hər an bayrağa sarılmaq; adət-ənənələr ilə yaşamaq; Uca Allaha olan dərin iman və ibadət; mədəniyyət çərçivəsində ona pənah gətirən müsafirə və yaxud da ki, başqa bir insana qarşı xoş rəftar göstərmək; mentalitetə uyğun olaraq ömür sürmək kimi ən ali keyfiyyətlər bizim xalqımıza məxsusdur.

Çünki, əvvəldə qeyd etdiyim kimi, bunların dərin və sarsılmaz kökləri vardır. Heç şəkk-şübhəsiz ki, adlarını sadaladığım müsbət cəhətlərin özülü Dədə Qorqudun zamanından qaynaqlanır. Azərbaycan türkləri dədə-baba qaydalarına riayət edən və milli mentalitet nümayiş etdirən bir xalqdır. Dünya mədəniyyətinə öz töhfəmizi verməyi bacarmışıq. Bizi özünə örnək seçən dünya xalqları vardır. Çünki, igidliyimiz, mərhəmətimiz, insanpərvərliyimiz, vətənsevərliyimiz, allahpərəstliyimiz bizim başımızı uca etmiş və bəşəriyyətə tanıtdırmışdır.

Bizləri tanıyan tanıyır. Amma bəzən özümüzü özümüzü də tanıtdırmağın, məncə, heç bir eybi olmaz. Çünki, başımız o qədər qarışıq olur ki, həm özümüzü və həm də ki, milli köklərimizi unuduruq. Bunlar bir qalın kitabdır. Onu vərəqləmək lazımdır və təkrarlamaq lazımdır. Türkiyəli qardaşlarımızın təbirincə desək: "Adamlıq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir!"

Qədim, orta və yeni dövrlərdə hegemon padşahların amansız işğallarına, köçürmə siyasətinə məruz qalsaq da, qanımız bəzi xalqların qanına qarışsa da belə, yenə də iliyimizdə bir türk zərrəcikləri var. Türk məfhumu silinməz və unudula bilməyəcək bir anlayışdır! Dünyaca məşhurluq qazanmış bir çox insanlar şərəfli Türk millətinin ali keyfiyyətlərini və onların layiqli bir millət olduğunu dəfələrlə etiraf edərək qarşımızda baş əymişdirlər!

Çünki, biz Uca Allah-Təalanın(c.c) sevib-seçdiyi bir müqəddəs millətik! Hamıdan fərqlənirik və seçilirik. Çünki, Ulu Yaradan bizi bu şəkildə xəlq etmiş və öz mübarək nəfəsini millət olaraq bizə bəxş etmişdir! Ona görə də, öz milli keçmişimizə və bizə aid olan hər bir şeyə sahib çıxmalı və onları əsla unutmamalıyıq! Peyğəmbər oğlu Həzrəti Yafəsin soyundan gəlmişik. Əziz İslam peyğəmbəri Həzrəti Məhəmməd Mustafa(s.a.s) şənimizə xeyli hədisi-şəriflər buyurmuş və tarixə həkk edilmişdir! Azərbaycan türkləri də məhz belə bir millətin bir parçasıdır!

Əcdadlarımıza baxanda, fəxr etməmək qeyri-mümkündür: Oğuz xan, Mete xan, Atilla, Səlcuq bəy, Alparslan, Dədə Qorqud, Qazan xan, Bayandur xan, Bamsı Beyrək, Qanturalı, Ərtoğrul bəy, Osman bəy, II Fateh Mehmed, Nadir şah və Cavad xan. Allah hamısına qəni-qəni rəhmət etsin, amin!

Ərtoğrul Mehdizadə

Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR