dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Djb.az Axar.az-a istinadən sərəncamın mətnini təqdim edir:

1. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilsin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalasın;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etsin;

3.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli və “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 29 noyabr tarixli 865 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491) 4.14-cü bəndinə “yerin təkinin” sözlərindən sonra “(qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla)” sözləri əlavə edilsin.

2. “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1713) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin ikinci (birinci halda) cümləsində “orqan (qurum)” dedikdə qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.”;

2.2. 2.2-ci bənddən “13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində,” sözləri çıxarılsın;

2.3. 2.5-ci bənddə “1-ci və 2-ci (ikinci halda) hissələrində” sözləri “1-ci hissəsində və 2-ci hissəsinin ikinci (ikinci halda) cümləsində (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Oxunub: 524
Oxşar xəbərlər
SON XƏBƏRLƏR