dini radikalizm və ekstremizmlə mübarizə

Qəhrəmanın əziz xatirəsinə - “Onun geri dönəcəyinə olan inamımız heç vaxt itməyib”


Bu gün onun şəhid olduğu tarixdən 28 il keçir. Hələ də onun yolunu gözləyirik! Gülə- gülə içəri girəcəyini, anamın qarşısında dayanacağını “gəlmişəm ana” deyərək illərin həsrətinə son qoyacağına, hamımızı sevinc göz yaşlarına boğacağını gözləyirik.

İllər bir-birini əvəz etsə də, onun geri dönəcəyinə olan inamımız heç vaxt itməyib. Hər dəfə olduğu kimi bu gün də onun məzarını ziyarət etdim. Elə həmin Fərhad idi. Mənim mərd, cəsur, qürurlu, yenilməz, nakam qardaşım! Məzar daşında gülümsər simasını görmək necə də ağırdır. Qəhər məni boğur! Göz yaşlarıma hakim kəsilə bilmirəm. Onun soyuq məzar daşını isti göz yaşlarımla isidirəm!
Həmişə onu yuxumda çiynində silah döyüşə getdiyini görürdüm. Vətən müharibəsi başlamamışdan bir neçə gün əvvəl yenə yuxuma gəlmişdi. Sevincimdən nə edəcəyimi bilmirdim. Anamı çağırmaq istədim. Qoymadı. Yox, anam gəldiyimi bilsə məni getməyə qoymayacaq. Yoldaşlarım həyətdə məni gözləyir. Getməliyəm.
Axırıncı dəfə gedirik döyüşə, bir daha getməyəcəyik, deyərək gözdən itdi. Onu da deyim ki, hər dəfə yuxuma girəndə günüm çox uğurlu olur.
Bu hadisədən bir neçə gün sonra Vətən müharibəsi başladı. İllərlə yağı tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. Qələbə müjdəsini o, mənə xəbər vermişdi. Mənə nə qədər çətin və ağır olsa da, 28 il hamıdan gizli saxladığım bir sirri bu gün açıram.
1992-ci ildə Vətənimizin azadlığı uğrunda döyüşə gedərkən o, mənə bir qızı sevdiyini dedi. Adını soruşdum, kimdir o, mənə de. Nə gədər israr etsəm də onun adını demədi. Sanki şəhid olacağını bilirdi! Ona görə də sevdiyi qızın adını hamıdan gizlətdi.
Cəbhə bölgəsinə onun yanına gedəndə bir daha israr etdim. Sevdiyi qızın adını öyrənmək istədim. İnan heç özünə də deməmişəm. Ancaq mənim ona olan münasibətimi o gözəl bilir – deyə zarafat etdi.

Müharibə qurtarar qayıdaram. Onda adını deyərəm, gedərsən. Bir az fikirləşdi. Nəsə demək istədi. Ancaq sözünün ardını gətirmədi.
Onun şəhid olduğu gün bir sevginin də sonu oldu. Bu sevgidən heç kimin xəbəri olmadı! Mən isə bu 28 ildə qardaş itkisi ilə yanaşı onun nakam sevgisinin ağrısını yaşayıram!


Ələmdar Quliyev
İmişli rayon Təhsil Şöbəsinin müdiri

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR