dini radikalizm və ekstremizmlə mübarizə

HARADASAN, AY UŞAQLIQ?


Yaşımızdan asılı olmayaraq hansımıza “ömrünün hansı çağına qayıtmaq istərsən” deyə sual ünvanlasalar, əksəriyyətimizin, hətta mən deyərdim ki, hamımızın verdiyi cavab eyni olar: “Uşaqlıq illərimə”. Əksəriyyət bu cavabı verirsə, deməli, bu, əbəs yerə belə deyil. Həyatımızın ən yaşanmalı, əyləncəli, doymadan təkrar-təkrar yaşamaq istədiyimiz çağlarıdır uşaqlıq illəri.
Hamımızın ömrümüzün qoca çağında belə kövrələrək danışacağımız uşaqlıq xatirələri var. Doğma, illər əvvəl yaşansa belə yaddan çıxmayacaq qədər dəyərli xatirələr.
Kimimiz bir oyuncaq üçün saatlarla ağlamışıq, kimimiz oyun oynayarkən üst-başımızı kirlətdiyimiz üçün anamız tərəfindən danlanmışıq, kimimiz isə əzrayıl kəsilmişik qonşunun həyətindəki meyvəsi hələ tam yetişməyən alça, ərik ağaclarına.
Gün o taya adladımı, qonşuluqdakı bütün uşaqlar tökülüşərdi Düzən qırağındakı meydançaya (Yaxşı xatırlayıram o meydançanı. Uşaqikən babamgil vələ qoşulu heyvanla buğda dolu torbaları meydançaya boşaldır, orada arpa-buğdalarını arıtlayır, təmizini, çirklisini ayırd edir, sonra qurudur, bir gün sonra yenidən torbalara doldurub əl dəyirmanlarına aparırdılar. Mənə və bir çox uşağa ləzzət edən o idi ki, babalarımız, atalarımız bizi heyvana qoşulu vəldə otuzdurur, həm öz işlərini görürüdülər, həm də xoş gəlsin, onları incitməyək deyə bizi əyləndirirdilər). Hə, həmin meydançada qışqıran kim, oynayan kim, əlindəki günəbaxan tumunu yanındakıyla paylaşan kim, kuklasının saçını darayıb hörən kim... Hə, bir də yoldaşı onunla oynamır deyə ağlayanlar vardı.
- Bənövşə,
- Bəndə düşə.
- Bizdən sizə kim düşə?
- Adı gözəl, özü gözəl...

Uşaqlığımın ən sevimli oyunundan bir parça idi bu dialoq. Yalnız mənimmi? Zənnimcə yox. Hələ bir də qarşı tərəfin "bizdən sizə kim düşə?" sualına cavab olaraq öz adımızı eşitdirdiksə, bax, onun da fərqli bir sevinci, həyəcanı olurdu.
Yaşıdlarımızla, dostlarımızla bəzən əl-ələ, bəzən də qarşı-qarşıya dayandıq. Bəzən oyuncağını aldıq, bəzən də öz oyuncağımızı paylaşdıq. Bəzən top arxasınca qaçacağıq deyə yıxılmağına məhəl qoymadıq, bəzən də əlindən tutub qaldırdıq. Bəzən çox danışmağımızla, yersiz suallarımızla cəzalandırdıq, bəzən də küsərək arxamızı dönüb getməklə. Uşaqlıq eqosuna yenilib oyundan uzaqlaşdırdıqlarımıza yenidən bir yerdə oynamaq üçün yalvardığımız hallar da az olmayıb. O illərlə bağlı "Bəzən"lərlə başlayan bu qəbildən o qədər cümlələr qurmaq olar ki...
Saflıqdır uşaqlıq. Əlindəki tikəni ətrafında fırlanan pişiyə atacaq qədər məsumiyyətdir. Yağışın kirpiyinə düşən damlası, şokolad parçası kimi kiçik şeylərdə xoşbəxtliyi tapmaqdır...
Uşaqlıq dövrümün Novruz bayramlarını heç vaxt unuda bilmərəm. Neçə ildir şəhərdəyəm, burada Novruzu bəyənməyənlər də var. Deyirlər ki, heyf deyil Yeni il, Şaxta baba, Qar qız. Onları başa sala bilmirəm ki, Novruzun qədimliyi, tarixi ənənələri var. Ona görə də mən bu bayramı çox sevirəm. Novruz bayramı – mənim üçün uşaqlıq həyatımın xatirələridir. Bu bayram, necə deyərlər, birgə,yan-yanaşı yaşadığın bütün dostlar, qonşular və insanların bayramıdır. Bu, ünsiyyət, mehribançılıq, dostluq bayramıdır. Əlbəttə, əvvəllər, uşaq vaxtı o mənim üçün daha maraqlı keçirdi. Bayramın öz atmosferi, öz yolu, ona öz hazırlıq prosesi var idi. Məsələn, 11-13 yaşlı oğlan olan mən bayram tonqalı, eləcə də çərşənbə axşamları üçün meşədə bitən “Çırt-pırt” adlı tikanlı kollardan böyük tonqallar qalayır, onun həm istisinə, həm də çırt-pırtla yanmasına tamaşa edir, ləzzət alırdıq. Analarımızın, bacılarımızın ertədən ailədə olan üzvlərin adına səki bağlanmış oduncağı ertədən nöyütə basır, ona hopdurur və məşəlin yanma vaxtı hərəkətə gəlirdik. Elə olurdu ku, bu məşəllərin yanma vaxtı tonqalın yanıb külə dönməsi ilə bərabər olurdu.
Bu bayram bir də ona görə önəmli və əzizdir ki, valideynlərimiz bizə təzə paltar alıb geyizdirirdi. Biz də fəxrlə küçəyə çıxır, qonşuları, qohumları təbrik etməyə gedəndə utanmırdıq. Bizim adətə görə, bayram günü səhər tezdən kim erkən dururdusa, əl-üzünü yuyub növbə ilə bütün üzvlərlə görüşür, öpüşür, bayramlaşırdı. Ailənin kiçik yaşlı üzvlərinə ata, ana, əmi, dayı, bibi, xala, baba, nənə, hətta yaxın qohumlar və qonşular pul verirdilər. Uşaqlardan kim yuxudan lap gec oyanırdısa. Yataqdan dururdusa, ona pul çatmır və üstəlik böyüklər deyirdilər ki, düz 7 il bayramı belə qarşılayacaqsan. Ona görə görə heç kəs gec oyanmaq istəmirdi, sanki bu məsələdə bir yarışma olurdu. Onu da deyim ki, bayramdan 2-3 gün sonra mən anamla Bakıya ana nənəmgilə gedir, onların da bayramını təbrik edirdik. Kiçik xalamın ad günü də martın 24-nə düşürdü. Bir dəfə mənə verilən o pulla özümə, evdəkilərə xeyli pal-paltar, hədiyyə almışdım. Hər il Novruzun gəlişini səbirsizliklə gözləyirdik. Ailədə biz uşaqlar arasında çox pul toplamağa görə aramızda mübahisə düşürdü. Atam da bizi sakitləşdirib deyirdfi ki, kim yaxşı oxusa, onun bayram pulunu artıracağam.... Eh, uşaqlıq illəri...
O da xatirimdədir ki, ata babam Ağaəli bütün şirniyyatlarla bərabər Basqalın səməni halvasını xüsusi həvəslə stolun bəzək menyüsünə əlavə edirdi. Babam Novruzun özəlliklərindən çox danışırdı. Və təəssüf edirdi ki, illər bir-birini əvəz etdikcə bu adət-ənənələr, özəlliklər də unudulurdu...
Evdə də bayrama hazırlıqlar gedirdi ki, bu ayrıca bir ritual idi. Atam ərzaq məhsullarını alır, həmin il nə kimi şirniyyatın hazırlanacağına dair plan tərtib olunur, yeni reseptlər tapılmasına cəhd göstərilirdi. Anam atamın aldığı müxtəlif konfetlərdən böyük xonça hazırlayır, sapla xonçaya düzüləndən sonra tavandan asılır, evə bayram ərəfəsi gəlib-gedənlərin zövqünü oxşayırdı. Anamın bişirdiyi paxlavanın, ruletin, qoğalın dadı damağımdan getmir. Xüsusilə ruleti qeyd etmək istəyirəm. Bu şirniyyatı daha çox xoşladığım üçün yekə bir qazana yığdığı ruleti bayramadək xısın-xısın yeyib qurtarırdım. Anam da bilirdi ki, mənim ruletdən çox xoşum gəlir. Ona görə məni ayrıca tənbeh etmirdi, sözü ümumi uşaqların ünvanına atırdı ki, mən pis vəziyyətdə qalmayım. Bax, mənimçün Novruz dadlı-ləzzətli ruletli bayram idi...
Bax belə keçdi bizim uşaqlıq və uaşaqlığımızın Novruzu. Bütün bunlara başımız qarışarkən əvəzlədi günlər bir-birini. Zaman öz işini gördü, təqvim dəyişdi. Oyun oynamaq üçün fürsət tapıb qaçdığımız məktəb stadionundan, məhəllələrimizdən əvvəlcə onun dörd bir tərəfinə yayılan qəhqəhələrimiz kəsildi, sonrasında isə ya sinif otağına qapanıb qaldıq, ya da küçə qapısından o tərəfə addımımızı atmaz olduq. Artıq dizlərimizdə də yara izləri yox idi. Qısaca, biz böyüdük.
Artıq nə etdiyimiz hər yanlışda "uşaqdı" deyilib cəzasız bağışlandıq, nə də özümüz uşaqlıqda olduğu kimi tez bağışladıq.
Bu mənim uşaqlıq dövrümdə keçirdiyim Novruzun xoş xatirələridir. İllər keçdi, mən yavaş-yavaş böyüdüm. Və təəssüf ki, uşaqlıq dövründəki Novruzu bir daha görmədim.
Və ona da təəssüf edirəm ki, son illər artıq bu bayramı o qədər də fəal şəkildə qeyd etmirəm. Novruz bayramı üçün artıq əvvəlki atmosfer yoxdur, elə mənim istək və həvəsim də əvvəlki deyil. Tonqalın üzərindən tullanmağa nə vaxt, nə də xüsusi istək yoxdur, torba atmaq haqqında isə mən, ümumiyyətlə, susuram. Yaş öz işini görür, maraqlar və sosial ünsiyyət dairəsi dəyişir və indiki kompaniya ilə «uşaq oyunları» aparmaq artıq ciddi təsir bağışlamır. Təəssüf və təəccüblə qeyd edirəm ki, bugünkü uşaqlar, yeniyetmələr Novruz bayramını biz onların yaşında olduğumuz vaxtdaki kimi fəal qeyd etmirlər. Tonqallar dəfələrlə az, papaq atma çox nadir hallarda olur, həyətlərdə isə əvvəlki gurhagur olmur. Belə bir təəssürat yaranır ki, insanlar daha dostluq etmir və bayramın gəlişinə sevinmirlər.Bu son dərəcə kədərləndirir, amma mənim üçün Novruz bayramı həmişə uşaqlıq çağlarımın bayramı olmuş və keçmişin əziz xatirəsi olaraq qalacaq.
Və mən düz 7 ildir Novruz bayramını keçirtmirəm. Çünki 2013-cü ildə anam rəhmətə gedəndən sonra evdə daha xonça bəzəyənimiz, şirniyyat bişirənimiz olmadı, üstündən 3 il keçəndən sonra 2016-cı ildə atam qışda buzun üstə yıxılandan və Bakıya gələndən sonra mənimçün Novruz tamam öldü. Dədə yurdunda Novruzun ayrı ləzzəti, rəngi var… Artıq nə o dədə evi var, nə atam-anam var, nə də Novruz…
Və sonda…
Kiçik şeylərdə xoşbəxtliyi tapmaq, bir təbəssümə tutunub ayağa qalxmaqdır uşaqlıq. Dizlərindəki yaralari bircə-bircə saymaqdır. Olan hər şeyi ağ kağıza yazırmış kimi yaddaşına toxumaq, bəzən də unutqanlıqdır uşaqlıq. Heç düşünmədən böyüməyə tələsmək, hiss ediləni rahatlıqla dilə tökə bilməkdir. Yalansızdır uşaqlar. Dürüstlükdür uşaqlıq. "Uşaqdan al xəbəri" deyimini hər zaman təsdiqləyəndir onlar.
"Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik",- deyib Fyodor Dostoyevski. Və mən də Allaha yalvarıram ki, nə olaydı elə bir möcüzə baş verəydi, bir anlığa olsa da, uşaqlıq dövrümə qayıdardım və hamını aldadıb elə uşaqlığımdaca qalardım!

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR