44 günlük tarixi Zəfər Azərbaycanın şanlı tarixidir. O zəfər ki, təsadüf deyildi və illərdir aparılan islahatların məntiqi yekunu idi.
Ölkəmiz müstəqilliyini qazandıqdan sonra çətin günlər yaşadı.Torpaqlarımızın 20%-ni itirdik, 1 milyona yaxın soydaşımız dədə-baba torpaqlarından didərgin düşdü. Həmin vaxtlar səriştəsiz hakimiyyətin acizliyi, üstəlik ölkəmizin iqtisadi vəziyyətinin çox ağır olması: inflyasiya, ərzaq qıtlığı, beynəlxalq aləmdə dəstəyimizin olmaması, cəbhədə aldığımız məğlubiyyətlər, xaos, separatçılıq meyilləri ölkəmizi dərindən sarsıtdı. Belə bir məqamda Ulu Öndər Heydər Əliyev 2-ci dəfə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdı. Ölkəni bu ağır vəziyyətdən qurtarmaq missiyası onun üzərində idi. Ulu Öndər ilk növbədə daxildə nizam-intizam yaratdı, hərc-mərcliyə son qoydu, separatçılıq meyilləri aradan qaldırıldı. “Horadiz əməliyyatı” nəticəsində strateji əhəmiyyətə malik Horadiz qəsəbəsi işğaldan azad edildi. Və ordunun yenidən qurulması, müharibəyə daha güclü şəkildə hazırlaşmaq üçün atəşkəs imzalandı. Ölkənin iqtisadi gücünü bərpa etmək üçün "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə ilə Azərbaycan beynəlxalq aləmdə tanındı, ölkəyə xarici investorlar cəlb edildi, iqtisadiyyatımız dirçəlməyə başladı. Heydər Əliyev siyasi kursunu ölkə başçısı İlham Əliyev qətiyyətlə davam etdirdi. Siyasi, iqtisadi, hərbi,təhsil və.s sahələrdə islahatlar sürətlə aparıldı. Təbii ki, bu islahatların ən başlıca hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi.
Zəfərə gedən yolda 2016-cı ildə “Aprel zəfəri” bizə böyük qələbənin müjdəsi oldu. 27 sentyabr 2020-ci il Azərbaycanın haqq müharibəsinin – Vətən müharibəsinin başlanğıcı oldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! 44 gün ərzində tarix yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti ilə qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutur. Bəli, Azərbaycanın incisi Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının həlledici mərhələsi oldu. Ölkə başçısı “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Eyni zamanda Prezidentin sərəncamı ilə hər il Noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Zəfər əldə olunmasında qardaş Türkiyə amili
Sözsüz ki, dünya dövlətləri ilə beynəlxalq münasibətlərin qurulması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək tərəfdaş ölkələrlə dost və səmimi münasibətlər quraraq etibarlı tərəfdaşa çevrildi. Məhz 44 günlük müharibə zamanı beynəlxalq aləmdə gördüyümüz dəstək ölkəmizin apardığı xarici siyasətin uğurlu nəticəsi idi. Müharibə bizə dost olan və əks mövqedə olan qüvvələri üzə çıxardı. Təbii ki, həmişə olduğu kimi qardaş Türkiyənin savaşın ilk günlərindən Azərbaycana verdiyi mənəvi dəstəyi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hülusi Akarın ölkəmizi dəstəkləyən qətiyyətli açıqlamaları xalqımızın qələbəyə olan inamını daha da artırdı. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsas istiqamətlərindən birini hərbi təhsil sahəsində əlaqələr təşkil edir. Bu əlaqələrin əsası “Qarşılıqlı hərbi təlim-təhsil haqqında müqavilə” və 1996-cı ilin iyun ayında “Hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in imzalanması ilə qoyulmuşdur və bu əlaqələr hazırda da uğurla inkişaf etməkdədir. Türkiyə Azərbaycana təhsil sahəsində yardım göstərən ölkələr sırasında birinci yerdədir. Qeyd etmək lazımdır ki, son illərə qədər 7000-dən çox azərbaycanlı zabit Türkiyə hərbi məktəblərində təhsil almışdır və almaqdadırlar. Azərbaycan-Türkiyə hərbi münasibətlərinin digər əsas istiqamətini hərbi-texniki əməkdaşlıq təşkil edir. Eyni zamanda iki qardaş ölkə arasında hərbi tibb sahəsində də əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir. Türkiyə Respublikası Azərbaycana hərbi tibb mütəxəssislərinin hazırlanması sahəsində dəstək verən ölkələr arasında ön sırada dayanır. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almış və təkmilləşmə kursu keçmiş mütəxəssislər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif tibb müəssisələrində xidmət göstərirlər və Vətən müharibəsi dövründə xüsusi fədakarlıq nümayiş etdirmişlər.
Prezident İlham Əliyev: “Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.
Qarabağ - Xarabalıqdan “Ağıllı region”a
Söz yox ki, bu mənzərələr ilə qarşılaşacağımızı gözləyirdik. Çünki qarşımızda barbar, vandal düşmən var idi. İşğal altındakı ərazilərimizdə düşmən maddi və mədəni abidələrimizi, mülki infrastrukturu demək olar ki, məhv etmişdir. Lakin dövlətimiz infrastrukturu bərpa etmək üçün operativ tədbirlər görməyə başladı. Hansı ki, hətta müharibənin getdiyi bir vaxtda nəqliyyat, elektrik, rabitə və.s infrastrukturun bərpasına başlanılmışdı.
Bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiq edilməsi ilə bölgə “Ağıllı region”a çevriləcək. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının mahiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər.
Bölgədə ilkin olaraq nəqliyyat infrastrukturu xüsusi önəmə malikdir. Dövlət başçısının tapşırığına əsasən Füzuli-Şuşa magistral avtomobil yolu genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan Prezident İlham Əliyev Şuşaya səfəri zamanı bu yolu “Zəfər Yolu” adlandırıb. Azərbaycanı Naxçıvana birləşdirən tarixi dəmiryolunun da bərpasına başlanılıb. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu yol xüsusi əhəmiyyətə malikdir. Çünki dövlət başçısının təşəbbüsü ilə 10 noyabr tarixli üçtərəfli bəyanata əlavə edilmiş “Naxçıvan dəhlizi” bu yol vasitəsilə Naxçıvanı Azərbaycanla birləşdirəcək. Bölgədə hava nəqliyyatı infrastrukturu da yaradılır. Belə ki, dövlət başçısı Füzuli Beynəlxalq hava limanının təməlini qoydu. Eyni zamanda planda Laçın və Zəngilanda da hava limanının tikintisi olduğunu bildirdi.
Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Region böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Xocavənd rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizmi inkişaf etdirilməli, mədəniyyət turizm marşrutları bərpa olunmalıdır. Erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də, əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda işğaldan azad edilmiş torpaqlarımızda əhatəli layihələr reallaşadırılacaq. Bu ərazilər nəinki respublikamızın habelə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Regionun bərpası və dirçəldilməsi başda öz dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimiz olmaqla, hər bir vətəndaşımızın rifah səviyyəsini daha da yüksəldəcəkdir.
Bu qüruru və sevinci bizə yaşadan, torpaqlarımızı qanları bahasına işğaldan azad edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah şəfalar versin!
Qarabağ Azərbaycandır!
Atakişi Məhərrəmli
İmişli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi