dini radikalizm və ekstremizmlə mübarizə

YENİ YAŞIN MÜBARƏK, ƏZİZ İNSAN!


Uşaqlıq illərimin, məktəb illərimin dostu, müəllim kimi çiyİndaşım, hər zaman bir olduğum gözəl insan, istedadlı şair- " Ədəbiyyat qəzeti" nin şöbə redaktoru, AYB-nin Aran Bölməsinin sədri SƏRVAZ HÜSEYNOĞLU! Yeni yaşın mübarək! Təbrik yazmaq fikirində ikən xatirələr məni haralara aparmadı? Beynimdə nələr dolanmadı?...
... Uşaqlıq illərinin yaylaq həyatı. Dağda alaçıqlarımız yanaşı olardı. Muradtəpə, Qulalı, Çaxmaqqaya, Sarımsaqlı, Pəriçınqıl, Sarıyer və Lilpər yaylaqlarında olduğumuz günlər. Yaxşı səsin var idi, müxtəlif muğam ustalarına bənzər səslə oxuyurdun. İlk şer nümunələrini yazırdın.
...Məktəb həyatının ədəbi müsabiqə və yarışlarda rəhmətlik Azərbaycan dili və ədəbiyyat müəllimimiz Xanoğlan Göyüşov Sizin qalib olmağınızı necə bir məhəbbətlə təqdim edirdi. Həmişə söyləyirdi ki, Sərvaz ədəbiyyatımızın böyük siması olacaq. Biz ali təhsil alıb öz kəndimizdə, öz məktəbimizdə müəllim kimi dönəndə onun və digər müəllimlərimizin sevinci heç yadımdan çıxmır.
...Birlikdə xeyli müddət müəllim işlədik. Təlim-tərbiyə prosesinin müxtəlif istiqamətləri üzrə söhbətlərimiz, nadinc və şıltaq uşaqlar üzərində apardığınız təcrübə, fikir mübadilələrimiz, yeniliyin və qabaqcıl təcrübənin məktəbimizə gətirilməsi unudulmaz günlərimizdir.
... Siz ədəbi orqana iş üçün təklif alanda necə sevindik. İmişliyə hər dönüşün bizim üçün bir bayramdır. Yazılarınız, 30-dan çox kitabınız, TV çıxışlarınız, ölkəmizin ədəbi həyatında fəal mövqeniz ən böyük sevincimizdir.
... Bakı mühitində Sizi düşündürən bir problem var idi: Kirayə qalmaq problemi. Var olsun, cənab Prezidentimiz İlham Əliyevi! Həmişə Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu irsə sədaqətli olaraq ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, təhsilimizin və iqtisadiyyatımızın bütün sferalarından olan ən yaxşı işçilərin dostu olub, qayğı göstərib. Sizə -istedadlı bir şairə, dostumuza öz əli ilə evin sənədini verəndə də çox sevindik...
...Əziz dost, xatirələr, ürək sözləri çoxdu. Siz həmişə qəlbimizdə olan əziz bir insansınız. Bu axşam Sizi süfrə arxasında birgə olmağa dəvət edəndə, iş günümün sonu və yorğunluğum var idi. "Başqa vaxta qalsın" ifadənizdən sonra sanki özümə gəldim, vəziyyəti düşündüm.
Allah qardaşınız, əzizimiz Pərvaz bəyə rəhmət eləsin!..
... SƏRVAZ HÜSEYNOĞLU, Siz çox əziz bir dostsunuz! Yeni yaşınızı ürəkdən təbrik edirəm! Yaradıcılıq uğurları və cansağlığı Sizinlə olsun!




Böyük hörmətlə




SƏXAVƏT TAĞLAR

Oxunub: 816
Oxşar xəbərlər
SON XƏBƏRLƏR