dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin şura üzvü İlahə Abdullazadə: “Könüllülər ilinin ən yüksək zirvəsini Vətən Müharibəsi dönəmində yaşadıq!”


Könüllülər ilinin ən yüksək zirvəsini biz Vətən Müharibəsi dönəmində yaşadıq, belə ki, minlərlə gənc könüllü oğullarımız Vətənin bütövlüyü naminə cəbhəyə yollandı. Ön cəbhədə vuruşan igidlərlə yanaşı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gənclər Birliyi həmin dövrdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün operativ qruplar yaratmış, xarici dil bilən üzvləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz vətəndaşlıq borclarını yerinə yetirmişlər.
Bu gün biz artıq post-müharibə dönəminə qədəm qoymuşuq. Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunmaqdadır. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyasının inşa edilməsi, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə əməli addımlara start verilməsi bu ərazilərdə görüləcək işlərin möhkəm təməl üzərində qurulacağından xəbər verir. Həyata keçirilən bütün tədbirlərin bir məqsədi, bir amalı var. O da insanların, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qısa müddət ərzində qayıdışını təmin etməkdir.
Unutmayaq ki, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olmasıdır. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Kənd təsərrüfatı sahəsində olan münbit şərait bitkiçilik, meyvəçilik, heyvandarlığın sürətli inkişafına zəmin yaradacaqdır. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsinin səfərbər olunmasıyla, 7 min hektarda əkin işlərinin aparılması buna sübutdur.
Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törətdiyinə, bütün şəhər və kəndlərimizin tamamilə dağıdıldığına şahidik. Düşmən tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. Hazırda işğaldan azad edilmiş bir çox şəhərlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Bu istiqamətdə artıq şəhərlərin yeni baş planları hazırlanır.
Prezident İlham Əliyevin tapşırığı ilə bu işlərin həyata keçirilməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağda aparılacaq işlərə cəlb olunub. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Qarabağ Dirçəliş Fondunun” yaradılması xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.
Cənab Prezident, doğma partiyamızın sədri möhtərəm İlham Əliyev Şuşada səfərdə olan zaman xüsusi qeyd etmişdir ki, zəfərimizin səbəbkarları bütün yaş qruplarından olan vətəndaşlar olsa da, əsas yük gənclərin çiyinlərinə düşmüşdür. Bir zamanlar Qarabağdan ana qucağında çıxan gənclərimiz Vətən Müharibəsində tank üstündə, əlində silah Füzuliyə, Xocavəndə, Cəbrayıla, Zəngilana, Şuşaya, Laçına, Kəlbəcərə daxil olmuşlar.
Mən qürur duyuram ki, bu cür qəhrəman gəncliyin nümayəndəsiyəm.

Oxunub: 836
Oxşar xəbərlər
SON XƏBƏRLƏR