dini radikalizm və ekstremizmlə mübarizə

Bu dəfə İlham Əliyev kimlərə xəbərdarlıq etdi? - ƏTRAFLI

Bu dəfə İlham Əliyev kimlərə xəbərdarlıq etdi? - ƏTRAFLI

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirildi. Dövlət başçısı ölkənin sosial-iqtisadi və hərbi-siyasi vəziyyəti və bu istiqamətdə prioritetlər barədə ətraflı danışdı. Təbii ki, hamı kimi məni də ən çox maraqlandıran son günlər Dağlıq Qarabağda baş verən hadisələrə ölkə başçısının göstərəcəyi münasibəti idi. Və gözlənildiyi ki, Dağlıq Qarabağda baş verən ən xırda məsələlərə prezident öz qətiyyətli münasibətini bildirdi.

Birincisi, ölkə başçısı Zəngəzur bölgəsində, Şurnux və Gorus ərazilərində sərhədlərin delimitasiyası zaman baş verən insidentə münasibətini bildirib: ”Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir… İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik”.

İkincisi, Rusiya sülhməramlıları barədə gəzən söhbətlərə və haqlı narazılıqlara respublika prezidenti aydınlıq gətirdi. Dedi ki, ”Sülhməramlı qüvvələrin orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.

Deməli, sülhməramlıların bütün hərəkətləri Bakıdan diqqətlə izlənilir. Rusların çoxlarımız tərəfindən özfəaliyyət və yaxud səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olması, sən demə, rəsmi Bakının razılığı və istəyi ilə həyata keçirilir. Çünki Qarabağdakı ermənilərin sosial fəlakətlə üzləşməsi üçün hansısa dövlət irəli durmalı idi. Ermənistanın bu məsələyə qatışması yolverilməzdir. Azərbaycan dövləti üçünsə hələlik bu prioritet deyil. Ona görə də bu missiyanın ən yaxşı icraçısı Rusiya ola bilərdi. Və Prezident İlham Əliyev də bu variantın üzərində dayandı. Odur ki, sülhməramlıların bəzi ərköyünlüklərindən narahat olmağa dəyməz.

Üçüncüsü, Ermənistanın Dağlıq Qarabağı təsir dairəsində saxlamaq cəhdlərinə və erməni hökumət üzvlərinin Xankəndiyə səfərlərinə ölkə başçısı öz prinsipial mövqeyini bildirdi: “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndinə gedib. Sənin orada nə işin var? …Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq… Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz”.

Vəssalam… Mesaj alınmışdır. Bir vaxtlar Nikol Paşinyanın Qarabağda etdiyi təlxəkliklərlə Ermənistanı hansı vəziyyət gətirib çıxardığı göz qabağındadır. Ara Ayvazyan kimilərin “milli təəssübkeşliyi” isə Ermənistan üçün daha ciddi problemlər yarada bilər. Baxmayaraq ki, bu cür səfərlərin heç bir siyasi-iqtisadi perspektivi ola bilməz. Bu, Ermənistanın daxili auditoriyası üçün hesablanmış addımlardır. Guya hələ heç nə bitməyib. Müharibə davam edir və sair və ilaxır…

Əslində təxribatçı hərəkətlər 10 noyabr anlaşmasına kölgə salır. Azərbaycan və Rusiya dövlətlərinin reputasiyasına xələl gətirir. Bu da son nəticədə həm Rusiyanın, həm də Azərbaycanın qəzəbinə səbəb olacaq.

Baxmayaraq ki, Ermənistan hökumətinin bəzi üzvlərinin səfərləri özfəaliyyət xarakteri daşıyır. Baş nazir öz hayındadır, prezident öz kefindədir. Yeni ili Londonda qeyd edən prezident Sarkisyan Milad gecəsini Beyrutda “mavi” Elton Conla baş-başa keçirdi. Zavallı erməni xalqına da yalan məlumat verildi. Gah dedilər ki, prezident Londonda qıçından əməliyyat olub, gah da dedilər ki, koronavirusa yoluxduğundan özünü təcrid edib…

Nikol Paşinyana gəldikdə isə onun builki Yeni ili də, Miladı da qara gəldi. Üstəlik, onun da COVID-19-a yoluxduğu söylənilir. Və nəzərə alaq ki, son 6 ayda Paşinyan ikinci dəfədir bu virusa yoluxur. Bu yerdə içimdən gələn bir marağı əziz oxucularla bölüşmək istəyirəm. Görəsən, bu dəfə hansı virus qalib gələcək – Paşinyan, yoxsa COVID-19?

Amma rusiyalı ekspertlər deyir ki, bu, Paşinyanın növbəti oyunudur. O, donuz potası kimi sap-sağlamdır. Sadəcə 11 yanvarda Moskvada planlaşdırılan Azərbaycan-Rusiya-Ermənistan liderlərinin görüşündən qaçmaq üçün bu, bir bəhanədir. Əslində, burada qeyri-adi bir şey yoxdur. Xatırlayırsınız ki, 10 noyabr sülh anlaşmasına da Paşinyan qatılmadı. Amma nəticə dəyişmədi. Anlaşma türklər demiş, ”tıkır-tıkır işləyir”. Paşinyan 11 yanvar görüşündən imtina etsə də, heç nə dəyişməyəcək. Çünki Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağ məsələsində tərəf kimi yalnız Rusiyanı tanıyır. Ona görə də Nikol Moskva görüşünə qatılmaması ilə sadəcə öz ağasını qəzəbləndirə bilər.

O ki qaldı Ermənistanın digər rəsmi şəxslərinin səfərlərinə, yenə deyirəm, bunlar yalnız özfəaliyyət xarakteri daşıyır. Yəni biz də varıq. Onsuz da onların səfərlərinin və təşəbbüslərinin heç bir nəticəsi olmayacaq. Məsələn, Ara Ayvazyan bir müddət əvvəl Rusiyaya, ordan Fransaya, sonra isə Xankəndinə getdi. Bu səfərlərdə konkret nə hasil oldu, bilən yoxdur. Ermənistan XİN başçısının bu səfərləri istər-istəməz ATƏT-in Minsk qrupunun səfərlərini xatırlatdı. Onlar da əvvəlcə Bakıya gəlirdilər. Burdan da İrəvana uçurdular. Arada Xankəndidə də olurdular. Və heç bir nəticə əldə etmədən çıxıb gedirdilər öz ölkələrinə.

Əslində Minsk qrupunu başa düşmək olardı. Çünki onlar problem həll etməyə yox, vaxtı uzatmağa və dünyaya özlərinin varlıqlarını sübut etməyə çalışırdılar. Çox şükür ki, Müzəffər Azərbaycan Ordusu, qətiyyətli Ali Baş Komandan və qüdrətli Azərbaycan xalqı Minsk qrupunun dərsini verdi və 30 illik problemi öz imkanları daxilində həll etdi. İndi də bu erməni gədəsi düşüb ortaya. Yəqin ki, yaxın vaxtlarda Ayvazyan da öz layiqli cəzasını alacaq. Bu barədə Prezident müşavirədə dedi ki, ”Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq”.

Oxunub: 478
Oxşar xəbərlər
SON XƏBƏRLƏR