
Bu gün həm də sənin günündür, cavan ömrü səngərlərdə, ən çətin döyüş bölgələri--Çaykənd, Mixaylovka, Erkəc, Mənəş, Sarısu, Buzluq, Ağcakənd, Başkənd, Murovun zirvələri-Koroğlu, Ömər, Güzgü, Camışdağ, Tovuzun Əlibəylisi, Kəlbəcərin zastavalarında…keçən cənab general, əziz və əvəzolunmaz qardaşım! And olsun Allaha, bu gün müvəqqəti çətinlikdə olmağına baxmayaraq, bizdən çox sevinən sənsən! Səni özüm qədər tanıyıram. Son günlər vəkillərinin dediyinə görə sevincdən özünə yer tapa bilmirsən, əziz qardaşım! Hətta azad olunmuş hər rayon və qəsəbəyə görə qurbanlarını da demisən. İnşallah, tezliklə azadlığa çıxarsan, dediyn qurbanları aparıb o rayonlarda kəsərik. Sən onsuz da, bütün şüurlu ömrünü Vətənə, millətə, dövlətə qurban demiş şəxsiyyətsən! Sən sədaqətli dost, layiqli vətəndaş, təəssübkeş soydaşsan. Harada çalışmağından asılı olmayaraq, Azərbaycanı, qardaş Türkiyəni təbliğ etdin, o ölkələrə sevdirdin. Hər zaman ulu öndərə, layiqli davamçısı hörmətli Prezidentimizə sadiq oldun, hücumlardan qorudun… bir-iki epizodu deyim ki, dostlarımız sözlərimin dürüstlüyünə əmin olsunlar: 1993-cü ilin aprel ayında Gəncəyə gəldim. Kəlbəcərin ağır vaxtlarıydı. Rəhmətlik general Zaur Rzayev dedi ki, ermənilər qondarma "erməni soyqırımının" ildönümü ilə bağlı Kəlbəcərə hücum etməyi planlaşdırırlar. Silah-sursatımız azdır, havadan hücuma qarşı isə, ümumiyyətlə heç nəyimiz yoxdur. Kömək edin. Özümlə Şakir Ağayar oğlu adlı milis işçisini, sürücü Ocaqverdi Əliqulu oğlunu və milis işçisi tovuzlu Nurəddini götürüb Kəlbəcərin müdafiəsində müstəsna xidməti olan sənin yanına gəldik. Gecə saat 11-12 olardı. Mehmanxanaya gedirdik, Milis idarəsinin arşısından keçəndə xidməti maşınının idarənin arşısında dayandığını görəndə dedim Oruc, saxla. Düşdüm, dəmir pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım. Köməkçi dedi yanında adamlar var, gözləyin, deyərəm. Dedim vaxtımız azdır, xahiş edirəm gir de ki, Kəlbəcərdən gələn var. Girdi və dərhal da qayıdıb qapını açdı ki, keçin. Bilmirdin kim gəlib. Bilsəydin əlbəttə deyəcəkdin ki, gəlsin. Kəlbəcərə və kəlbəcərlilərə olan sevgin özünü bir daha göstərdi. Keçdim kabinetinə, dörd nəfər idiniz--müavinin Ramiz Cahangirov və tanımadığım daha iki nəfər. Ramiz müəllim Kəlbəcərdə işləmişdi və bütün kəlbəcərlilərin sevimlisinə çevrildiyi üçün yaxşı tanıyırdım. Hər evdə, ailədə Ramiz Cahangirova xüsusi hörmət vardı. Milis rəisinin müavini idi, amma camaat kömək üçün rəisin yanına yox, Ramiz müəllimin yanına gəlirdi. Digərləri ilə tanış etdin, məni təqdim etdin. Təqdimatın da qəribə idi: bu kişiylə uşaqlığımızdan dostluq edirik, atalarımız ən yaxın dost olublar. Amma özü ölkə ucuna qoyulası adam deyil. Zarafatını başa düşüb hamınız bərkdən güldünüz. Digər iki nəfəri təqdim etdin. Şadman Hüseynov və deyəsən, səhv etmirəmsə, Naxçıvandan bir nəfər icra başçısı. Dedim ki, vaxtımız yoxdur, zarafat vaxtı deyil, Kəlbəcərdə vəziyyət ağırdır. Zaur Rzayevin siyahısını qarşına qoyub dedim ki, sabah bu silahları Kəlbəcərə aparmalıyıq, bunları tap ver, cəhənnəm olub çıxıb gedək. (Mən də zarafata salmaq istədim). Həmişəki kimi gülümsəyib dedin qardaş, gözünü yeyim, tələsmə, Naxçıvanda da vəziyyət yaxşı deyil, Heydər Əliyev adam göndərib kömək etməyimizi xahiş edib. Qoy sabah Naxçıvana göndərək, sonra səni yola salarıq. Dedim ay qardaş, nə danışırsan, Kəlbəcər əldən gedə bilər. Dedin, qardaş, narahat olma. Kəlbəcərdə nə var, nə yox, bilirəm. Kəlbəcər getsə, qaytararıq, amma Naxçıvanı işğal etsələr, Azərbaycanın beli qırılar. Nə isə, bizi mehmanxanaya yola saldın, gəldik ki, "Gəncə" mehmanxanasının rəhbərliyi bizi qapıda gözləyir…növbəti gün bizi də 4 "Kamaz" silah-sursat dolu Kəlbəcərə yola saldın. Hər maşının da kabinəsinə xeyli ərzaq qoydurmuşdun, bilirdin ki, Murovda ilişib qala bilərik. 2 sutkaya Kəlbəcərə çatdıq. O silahların içindəki ən vacibi "İkilüləli İriçaplı Zenit qurğusu" idi ki, onunla Söyüdlüdə rəhmətliklər Novruz, Telman, şəhid Kamal Hacıyev və digər cəsur döyüşçülər iki ədəd erməni vertolyotu vurdular. İkinci epizod isə, bir az sonra--1999-cu ildə olan epizoddur. İyul, ya avqust ayı idi. Bazar günüydü. Mənə zəng etdin ki, təcili gəl prokurorluğa, zarafatla dedim ki, Milli Məclisin icazəsini almısan? Deputat idim, axı! Nə cür şaqqanaq çəkib güldünsə… gəldim, içəri girən kimi, yenə də həmin gülüş! Dedin qardaş, Rusiya mətbuatında bizim bəzi yaramaz ünsürlər cənab Prezidentimizlə, onun oğlu, mənim əziz qardaşım, sənin deputat həmkarın İlham Əliyevlə bağlı ağzına gələn hədyanları, yalanları uydurub dərc etdirirlər. Mən səndən xahiş edirəm bu qəzetləri götür tanış ol, iki günə bu iftiralara tutarlı bir cavab hazırla, dərci mənlikdir. Elə qəti və səmimi dedin ki, razılaşmamaq mümkün deyildi. Getdim qəzetlərdəki yalan-palan, eybəcər, milli mentalitetimizə yad böhtanlarla tanış olub böyük bir məqalə yazdım. Ertəsi gün gəldim, yazını masanın üstünə qoyanda gördüm ki, ağlın məndən bir şey kəsmədi, yazını götürdüm ki, sağ ol, mən getdim. Durub qarşımı kəsdin ki, hara gedirsən? İnanmadım ki, bu tezlikdə həm o qədər yazını oxuyarsan, həm də, cavab yazarsan. Düşündüm ki, yəqin xalaxətrin qalmasın bir şey yazmısan. Sənə bələdəm də, orta məktəbdə divar qəzetini çıxarırdıq...yadımıza o illərin bəzi epizodlarını salıb xeyli gülüşdük. Diqqətlə yazını oxuyursan, özümü itirmişəm, sümüklərim gizildəyir ki, xoşuna gəlməyəcək, biabır olacam. Rus demiş:"Kak-nikak" respublikanın ən böyük dövlət nəşriyyatının baş redaktoru, Allah qoymamış, Milli Məclisin üzvü… əlində karandaş tam oxudun, aradabir qaşlarını qaldırıb xəyala gedə-gedə tamamladın, heç nə demədən durub gəldin yanıma, alnmıdan öpdün və dediyin sözləri olduğu kimi yazıram: "Halal olsun İbrahim əmimin çörəyi və Leninqrad Universitetinin diplomu"! Dedim bəyəndin? "Bəyəndim nədi, ey, dəhşət yazmısan" Bu dəhşət sözünü eşidəndə bayaqkı narahatlığımdan əsər-əlamət qalmadı. Çünki mənim yaxşı bir əməlimi, yazımı, çıxışımı bəyənəndə zəng vurub bircə kəlmə deyərdin:"Dəhşətsən ey"! Yazını Moskvada Rusiya dövlətinin rəsmi orqanı olan " Rossiyskaya Qazeta"da dərc etdirdin. Düz bir səhifəlik yazı idi... ondan sonra neynədinsə, rus mətbuatında elə bil qurbağa gölünə daş atdılar. Bax, öz təbirincə deyirəm: Sən belə dəhşət dost, dəhşət qardaş və dəhşət sədaqət simvolusan mənim üçün. Kaş bu günkü paradın iştirakçısı olaydın qardaş! Bu sənin halal haqqındır! Amma neynək--iş kişi başına gələr. İnanıram ki, tezliklə evində-eşiyində olacaqsan və ən müqəddəs arzumuza çatacağıq: Murovun başından kəndlərimizədək piyada gedəcəyik!
Əlövsət Ağalarov
Oxunub: 637