dini radikalizm və ekstremizmlə mübarizə

ÜZ TUTUB GEDİRƏM ALTMIŞA DOĞRU


Aylar, illər ötdü... Bir də baxıb gördüm ki, yaş 55-dir. Vaxt necə də amansızdır. İllər yel kimi ötüb keçir, su kimi axıb gedir... Göz açıb yumunca il üstünə il gəlir. İnana bilmirəm ki, yaş 55-dir. Acı, necə inanasan? 55 yaşın “dayanacağı”nda bir anlıq ayaq saxlayıb geriyə baxıram. Bir göz qırpımında ötüb keçən illəri “vərəqləyirəm”. Bilmək istəyirəm ki, ötən illərdə yadda qalan nələr olub, unudulası mümkün olmayan nələr baş verib? Daha nələr olmalıydı, olmadı. 55 ildə mənə qalan nə oldu? Bir sözlə, nə olubsa, elə bil ki, dünən olub. Elə bil hər şey dünən baş verib. Sanki Böyük Vətən müharibəsi qəhrəmanı Kamal Qasımov adına Basqal kənd orta məktəbini dünən bitirmişəm. Keçmiş SSRİ-də - paytaxtı Moskva şəhərində dünən əsgərlikdə olmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dünən başa vurmuşam. Elə bil ki, doğulduğum məkanın ilk jurnalisti kimi 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından olan “Ədalət” qəzetində dünən fəaliyyətə başlamışam. Hələ ondan xeyli qabaq – 1970-ci illərin sonu 1980-ci illərin əvvəlləri həvəskar yazar kimi İsmayıllı rayonunda nəşr olunan “Zəhmətkeş” qəzetinə utana-utana dünən getmişəm, orada əvvəlcə hər vasitə ilə nazımızı çəkən, qayğımızla oynayan Nüşabə Mirzəyevanı, sonra ustad jurnalistlər Bəybala Babayevi, Saday Səmədovu, Məmmədmirzə Rzayevi, Mustafa Səlimovu, onlardan yaşca bir az gənc Lətifə Əliyevanı, Novruz Haşımovu, Xavər Abbasovanı, Solmaz Bədirovanı, xalqımızın yenilməz şairi, bu yaxınlarda Xalq şairi adini KİŞİ kimi alan qəzetin baş redaktoru Musa Yaqubu, daha kimləri (adlarını unutduqlarım bağışlasınlar) dünən tanımışam. Bir sözlə, nə olubsa, bu, dünənin payındadır. Yaşanan 55 il keçmişdə qaldı. Keçmiş unudulmur. İnsanın ömrü necə yaşamasından asılı olmayaraq keçmişdən ibarətdir. Bəli, 55 il ömürdən sayılır. Həyatın çox enişli-yoxuşlu yollarından keçib 55 yaşa gəlib çatmışam. Bənzərsiz, riyasız, boyasız... bir ömür yaşamışam. Uca Yaradanımızın verdiyi ömür payını necə gəldi yaşamamışam, şərəflə, vicdanla, adım üstümdə yaşamağa çalışmışam.
Hər hansı pis əməl etdiyimi xatırlamıram. Həmişə hansı günahlara yol verdiyimi də bilirəm. Amma Allah dərgahında bağışlanılmayacaq böyük günahımın olmadığına özümə inandığım kimi inanıram. Əlbəttə, günahlarım çox olub. Heç kəs deyə bilməz ki, həyatda heç bir günahı olmayıb və yaxud yoxdur. Heç kəs bu əməldən sığortalanmayıb. Günahlarımı xatırlayanda təəssüflənirəm. Axı, mən İNSANam. Mənim də səhvlərim olub. Bir də ki, ancaq və ancaq Uca Yaradanımız qüsursuzdur. Elə ona görə də hələ üzüm ağdı Allah yanında... Elə ona görə də öyünməyə, hələ yaşamağa (amma bu günlərdə özümə ölüm arzulayırdım, bu da bilirəm ki, günah sayılır) haqqım da var. Amma hələ ki, 55 ildən o yana – yaşanmamış bir günün də, bir saatın da, bir anın da... ömrə dəxli yoxdur, çünki yaşanmayıb. Yaşanmayan ömür – ömür deyil!..
Əlimi alnıma qoyub 55-ə sarı boylanıram. İtirdiklərim, qazandıqlarım çox olub. Ötən illər ərzində bibimi itirdim, ana nənəmi itirdim, mənə babasının adını qoymuş ata nənəmi itirdim, ata-ana dayılarımı itirdim, anamı itirdim, yeznəmi itirdim, xalamın yoldaşını itirdim, xalamı itirdim (bu şəxslər mənə doğma olan insanlar idi), yaxınlarımı, yaxın dostlarımı itirdim. İtirə-itirə gəlib 55 yaşıma çatdım. Bu illər ərzində vicdanla, ləyaqətlə, halallıqla yaşamağı öyrəndim, amma özümü cəmiyyətdə tanıtmağın, təbliğ etməyin... yollarını öyrənə bilmədim. Yaltaqlıq etmədim, yalana əl çalmadım, nəfsimin qulu olmadım. Azərbaycanda ən böyük universiteti – BDU-nu, onun adlı-sanlı, bu ali məktəbdə öz sanbalı, öz çəkisi olan fakültəni bitirdim, inanın, bir dəfə də kimlərinsə yanında qürurlanmadım, halbuki buna haqqım da var. Amma 2-3 dəyərsiz kitabı ilə son vaxtlar meydana çıxanlar öz eqolarını ortaya qoyur, “Mən bunu elədim, mən onu elədim, yenə mən” kimi ifadələri geninə-bonuna işlətməklə qıcıq yaradırlar. Az qala 35 il mətbuatda külünc vurdum, neçə-neçə qəzetdə çalışdım, neçə-neçə gəncin əlindən tutub mətbuata gətirdim, öz sahəmdə neçə-neçə gəncin yetişməsinə nail oldum, neçə-neçə qəzetə redaktorluq etdim, neçəsi ilə yaxından əməkdaşlıq etdim, sonda da dayanacaq kimi hazırkı işimdəyəm. Bu mərtəbəyə elə belə gəlib çatmadım. Dediyim budur ki, bu illər ərzində haqq yolunu azmadım. Haqq yolunda azanların yanında olmadım.

Ölməz şairimiz Cabir Novruzun bu şeirini o gün Facebook səhifəmdə paylaşmışdım. Oxuyanlar bir daha ustada rəhmət oxudu, həyatın nə olduğunu dərk etdiyini bildirdilər.

Bir üzüm sevincdir, bir üzüm kədər,
Siz hər ikisindən qoruyun məni.
Bu günü mən yola saldım birtəhər,
Siz sabahkı gündən qoruyun məni.

Ürək var daima həsrətdə olur,
Yaxşı da, yaman da qismətlə olur.
Bu pisə birtəhər dözmək də olur,
Ondan da pisindən qoruyun məni.

Beləcə yaranıb bəşər qədimdən,
Doğulduq analıq məhəbbətindən.
Tək bircə onların kin-nifrətindən,
Onların hirsindən qoruyun məni.

Heç zaman raketlər atılmayacaq,
İnsanlıq tükənib qurtulmayacaq.
Bir paxıl bədnəzər tanıram ancaq,
Onun bəd gözündən qoruyun məni.

Bu sözü bəlkə də bir çoxu deyib,
Yaxşıya, yamanın yüz oxu dəyir.
İblis də, şeytan da qorxulu deyil,
İnsan iblisindən qoruyun məni.

Həyat nə deməkdir əzab, işgəncə,
Yaşamaq hər şeydən çətindir məncə.
Bəlkə ölümə də çəkildi əncam,
Həyatın özündən qoruyun məni.

Dünyanın sevinci də, kədəri də insan üçündür. Həyat belədir, həm itirir, həm də qazanırsan. Həyatda uğurlar da, uğursuzluqlar da olur. Uğurlarıma görə öyünməmişəm, uğursuzluqlarıma görə müvəqqəti ruhdan düşsəm də, tez bir zamanda özümə gəlmişəm. Həmişə və hər zaman olduğum kimi görünməyə çalışmışam. 55-dən o yana nə olacaq, bilmirəm. Bircə onu bilirəm ki, 55 yaş ömrün kamil və Allah qismət eləsə, 60 yaş ömrün müdrik çağlarıdır. Bir də onu bilirəm ki, məni yaşadan beynimin məhsulları olacaq. Nə bilmək olar, bəlkə bu yazım sonuncu olacaq. Axı ömrün payızına girişdir. Payız da ömrünü qışa verir. Qiş ömrün sonuncu fəslidir...
Bir ömür boyu ürəyimin yükünə çevrilən məqalələri, oçerkləri, zarisovkaları, hətta kiçik, lakin maraqlı informasiyanı belə, hərdən də şeirləri, publisistik düşüncələrimi... qəlbimin süzcəgindən keçirib oxuculara ünvanladım. 55-ə həsr elədiyim bu yazıda çalışdım ki, necə varamsa, eləcə də özümü cəmiyyətə, millətə, məni tanıyan dostlara təqdim edə bilim. 55 illik ömürlüyümdə publisistliyim də, haradasa şairliyim də, jurnalistliyim də əks olunmasına baxmayaraq, mən daha çox jurnalist ömrü, qəzetçi ömrü yaşayıram. Əslində, mənim şairlik iddiam da yoxdur. Şairlik də, yazıçılıq da könül işidir, ürək işidir...
55 yaşın işığında baxıb gördüm ki, müəllifi olduğum müxtəlif janrlı yazıların sayı təxminən 5555-dir. Görürsünüzmü, çox simvolik bir rəqəmdir! Deməli, 55 ildə sözlə nəfəs almışam, sözlə “oturub-durmuşam”, gecələr də sözlə “qol-boyun” olmuşam... Və məni tanıyanlara ünvanladığım özünütənqid, etiraf ruhlu bu yazı özümün 55-imə ən böyük hədiyyəmdir. 55 yaşıma planlaşdırdığım kitab məlum koronavirus yaşantılarımıza görə çap olunmasa da, elə bilirəm ki, bu yazıda düşündüklərim 55-imə kiçicik olsa da, hesabatımdır...
Hələ çap olunmamış nə qədər yazım, kitabım var. Hələ üzü 60-a doğru yol gedirəm. Ömür vəfa etsə, çap olunmayan məqalələrimi, kitablarımı da oxuculara ünvanlamağı düşünürəm. Düşünürəm ki, mənalı günlər, mənalı aylar, mənalı illər... hələ qarşıdadır. Onu da düşünürəm ki, 55-dən sonra həyatı yenidən yaşamaq üçün adama xüsusi güc lazım olur. Amma məni oxuyanlar elə düşünməsinlər ki, bütün gücümü tükətmişəm. Yox, hələ qarşıda çoxlu unudulmaz sabah var. Hələ üzü 60-a doğru yol gedirəm. Bu yol harada qırılacaq, harada bitəcək, harada sona çatacaq, bilmirəm. Amma bildiyim budur ki, 55 yaşıma alnıaçıq gəlib çatmışam. Və mənə verilmiş ömürdən əsas müddəti başa vurmuşam. Mənə verilən ömrün 55 ilini necə başa vurmuşam? Demək çətindir...
“Ömür bitər, yol bitməz” – deyiblər. Düz də deyiblər. Bu yolda kimin hansı dayanacaqda düşəcəyi heç kimə məlum deyil. Bu bir sirrdir və bu sirri də Allahdan başqa kim bilər?
P.S. Ötən il qışda, təxminən fevral ayında Əzrayıl dalımca gəlmişdi ki, aparsın. Qurban olduğum Allahım imkan vermədi ki, hələ cavandır, dəymə. Bəli, Allahın sınağından ötən il belə çıxdım...
P.P.S. Təxminən bir neçə gün əvvəl yenə də sınağa çəkilmişdim. Bu dəfə də Allahım mənə qıymadı...
P.P.S.S. Allah üçüncüdən saxlasın...
Allah amanında...

Daşdəmir ƏJDƏROĞLU

Və lap sonda:

Emin Akifoğlu: "Bu gün dayımın 55 yaşı tamam olur. Bu həyatda mənə tək-tük doğma olan insanlardan biridir. Böyümüşəm e, mən onu təkcə dayım kimi təbrik etmirəm. Biz həm də söz qohumuyuq, yazı qohumuyuq. O təkcə mənim dayım deyil, mətbuat sahəsində işləyənlərin çoxusunun da dayısıdır, qardaşıdı, dostudu.
Özümü qanandan xalamgildə keçirdiyim günlərdə hər gecə dayımın "maşinka"sından gələn çakka-çuruk səsi məni özünə cəlb eləyib. Qəzet, kitab qoxusu onun otağından heç vaxt əksik olmayıb. Saatlarla gecə növbələri, evə gələndə də bir küncə çəkilib yazı-pozu ilə məşğul olmağı məni həmişə özünə sarı dartıb. İşlədiyim yerdə, kənddə-kəsəkdə kim bilibsə ki, Daşdəmir mənim dayımdı, tərifləməyə başlayıblar. Onunla həmişə fəxr eləmişəm.
Mən onu bacısının, qardaşının, doğmalarının uşaqlarına olan sevgisindən tanıyıram. Mən onu ürəyindən tanıyıram. Hamımız əslində tənha adamlarıq bu dost-tanış, bu doğma içində. Doğmalarının körpələrindən özünə övlad qoxusu düzəldən, ailə xoşbəxtliyindən özünə xoşbəxtlik düzəldən adamdır mənim dayım. Mən onun tənhalığını çox gözəl başa düşürəm.
Səni təbrik edirəm, dayı! İstədiyin qədər ömür yaşa! İstədiyin kimi yaşa! Özün özünə Günəş yarat!"

Şəhla XƏLİLQIZIndan

(Doğum günü hədiyyəsi)

Dost məhəbbəti

İnsanı yaşadan düz ilqarıdır,
Hər dürrü kəlməsi bir nübarıdır,
Təbbəsüm üzündə xoş baharıdır,
Qazandın özünə sədaqətinlə.

Dost dedik, dost kimi ucadır adın,
Sənə qiptə edir yaxının, yadın,
Neçə insanı sən dost tək sınadın,
Ucaldın vətəndə dəyanətinlə.

Bizlərə örnəksən tutaraq əldən,
İnciyən görmədik sənin dilindən,
Yaxşılıq gül açan o saf könlündən,
Nümunə olmusan cəsarətinlə.

Polad tək dözümlü, igid ərən tək,
Yaxşılıq etməyə qadir o, ürək,
Ey dostum dostluqda hər kəsə örnək,
Hörmət qazandın səmimiyyətinlə.

Daşdəmir dostum sözüm tükənməz,
Şəhlayam, dostluqdan geriyə dönməz,
Dosta kəc baxanın taleyi gülməz,
Nümunə olmusan sədaqətinlə.
Yaşa əziz dostum məhəbbətinlə.

21.06.2020-ci il

Qeyd! Bu mənim şəxsiyyət vəsiqəmlə olan ad günümdür. Facebookda belə qeydiyyatdan keçmişəm.


DARIXMAQ HAQQIM DA YOX İMİŞ DEMƏ

Darıxa bilmirəm, bilirsən niyə?
Səni ürəyimdə sıxmamaq üçün.
Axı söz vermişdik, mən həyatından,
Sən isə qəlbimdən çıxmamaq üçün.

Heyif tutammadım verdiyim sözü,
Sənin həyatından çoxdan çıxmışam.
Bilmirəm günahım nə oldu mənim,
Var olan qəlbindən, yoxdan çıxmışam.

Darıxsam qorxuram gözlərim dolar,
Gözümdə xatirə gözünü silər.
Axsa yanağıma bircə damcı yaş,
Yuyub dodağının izini silər.

Darıxa bilmirəm, bilirsən niyə?
Darıxsam ümidim kövrələr, gülüm.
Dünya nəzərimdə kiçilər o an,
Yamaca bənzəyər zirvələr, gülüm.

Ömür fəsillərim həmişəpayız,
Gecəm gündüzümdən çox imiş demə.
Getdiyin yollara həsrətlə baxıb,
Darıxmaq haqqım da yox imiş demə...

Eltun Türkel

Oxunub: 934
Oxşar xəbərlər
SON XƏBƏRLƏR