Müstəqillik yollarında kövrək addımlarını atan gənc bir dövlətin Qurtuluş salnaməsini xatırlayaq, onun tərəqqi yollarına ekskursiya edək!
15 İyun Azərbaycanın Qurtuluş tarixidir. Ölkəmizin dövlətçilik və müstəqillik tarixində yeni dövri mərhələnin yarandığı tarixdir. Azadlıq və müstəqillik ideyalarımızın doğulduğu tarixdir.
Geopolitik konsepsiyanın görkəmli nümayəndələrindən olan Fridrix Ratsel “Siyasi coğrafiya” əsərində yazır ki, “Dövlət canlı orqanizm kimidir, o yaranır, böyüyür, inkişaf edir, tənəzzülə uğrayır və ölür. Təbii olaraq o yaşamaq üçün özünün qidalandığı resursları əldə etməkdən ötrü başqa canlı orqanizmlə qarşıdurmaya gedir” və onu qidalandıran həyati məkan torpaq mənasını daşıyır. Tarix insanların torpağa olan münasibətlərindəki niyyətləri ilə müəyyənləşir. O tarixin məntiqi davamı olaraq hər bir dövlətin tarixində şanlı səhifələr açılır. Geosiyasi məkan, əlverişli coğrafi şərait, zəngin tarixi keçmişimiz, milli-mənəvi dəyərlərimiz, maddi nemətlərimiz, təbii resurslar, qara qızıl, ağ qızıl və əbədi, yenilməz müstəqilliyimiz bizim şanlı səhifələrimizdi. Amma zamanla bu tarixi nemətləri bizə dadmağa imkan vermədilər, zaman-zaman təbəddülatlarla üzləşdik, halal nazlı nemətlərimizlə sınağa çəkildik. Və gün gəldi artıq xalq əsarətdən yaxa qurtamaq istədi, artıq xalqın mübarizə əzmini heç bir qüvvə qıra bilmədi. Xalq öz tarixi keçmişinə sahib çıxaraq öz müqəddaratını müəyyənləşdirməyə qərar verdi. Xalqın birliyi, xalqın səsi XX əsin ən böyük Azərbaycanlısı Heydər Əliyevin qayıdışını zəruri etdi. Bununla da xalqımızı öz arzularına qovuşduran dahi şəxsiyyətin qayıdış tarixi başladı. Ulu Öndər II dəfə Azərbaycan rəhbərliyinə qayıtdı. Qayıdaraq Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək, bir dövlət kimi məhv olmaq fobiyasını aradan qaldırdı. Çünki dövləti olmayan xalq ölümə məkumdur. Dahi şəxsiyyət Heydər Əliyev də qayıdışı ilə yeni inkişaf tariximizin başlanğıcını, dövlətçilik ənənənlərinin əsasını qoydu, xalqı çoxəsrlik bəladan qurtardı, dövlətin idarəçilik sükanını möhkəmləndirdi. Bu sükan arxasına keçərkən bilirdi ki, tarixi keçmişinə bağlı olan xalqın uğurlu gələcəyi, möhkəm təməllər üzərində saqlam bir dövlətin qurulması onun yeganə amalıdır.
Çünki Ulu Öndər Azərbaycanı yox etmək planları quran xarici və daxili düşmənlərin məkirli niyyətlərini alt-üst etdi, o dövrki hakim elitanın “vəzifə” eyforiyasını yox etdi. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi verdi, onların mübarizə əzmini, fədakarlıq duyğusunu alovlandırdı. Bütün bunlar Ulu Öndərin tarixi qələbəsi idi, qurtuluş savaşının qalibiyyət dönüşü idi.
Ulu Öndər hər zaman “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” deyirdi. Müstəqillik hər bir xalqın ən ülvi arzularıdır. Lakin onun əbədi və dönməzliyini qoruyub saxlamaq ən şirin nemətdir.
Ulu Öndər müasir Azərbaycanın memarı, islahat ideyalarının müəllifidir. İnkişafın elə bir sferası yoxdur ki, Ulu Öndərin ideyalarından, nurlu zəkasından güc almasın.
Azərbaycanın sivil dünyanın bir hissəsi kimi siyasi arenada inteqrasiya proseslərinə və qlobalaşan dünyanın yeni dünya düzəninə qoşulması qaçılmazdır. Ölkəmiz dünyanın siyasi müstəvisində öz kimliyini artıq təsdiqləmiş, böyük enerji layihələrinın müəllifinə çevrilmişdir. Bu istiqamətdə “Əsrin müqaviləsi” Heydər Əliyev ideyalarının ən parlaq nümunələrindədir.
Hazırda dünyadan Azərbaycan adlı evimizə böyük bir uğur nəqliyyatı var və təsadüfi deyil ki bu uğurların əsasında həm də Azərbaycanın çoxsaylı ümumdünya və beynəlxalq tədbirlərinin ənənəvi məkanına çevrilməsi amili dayanır.
Bu gün Ulu Öndər ideyaların davamçısı, özünün yarım qalan arzularını həyata keçirən cənab Prezident təkcə bu siyasəti olduğu kimi deyil, zamanın nəbzinə uyğun olaraq yeni ampulada həyata keçirməyə çalışır.
Bu yolda hər bir Azərbaycan insanı, müstəqilliyini əvəzolunmaz nemət kimi dəyərləndirən hər bir vətəndaş işıqlı gələcəyimizin qarantı, müstəqil və müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev dühasından güc alaraq ideyaların həyata keçirilməsində ölkə prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə öz töhfələrini verirlər. Qoy müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun!
Ləman Yüzbaşova
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri
Oxunub: 1 016