dini radikalizm və ekstremizmlə mübarizə

YENİ ƏSRİN YENİ LİDERİ


Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildi. Onda İlham Əliyevin 42 yaşı vardı və o, dünyanın ən gənc dövlət başçılarından biri idi. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Prezident İlham Əliyevin həyat və fəaliyyətinin ən mühüm məqamlarını, Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işləri əks etdirən xronikanı təqdim edir. Bu zəngin və möhtəşəm fəaliyyət Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılıb.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Son on ildə heç bir ölkə Azərbaycan qədər inkişaf etməyib.
Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır.
Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür.
Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihə reallaşdı - Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İndi Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi ölkəmiz üçün geniş perspektivlər vəd edir.
Prezidentin çox böyük rəğbətlə qarşılanan təşəbbüslərindən biri də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdikləri qəbullardır. Nazirlər, komitə sədləri və digər dövlət strukturlarının rəhbərləri yerlərdə əhali ilə görüşür, sakinlərin müraciət və təkliflərini dinləyirlər.
Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.
Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı təhlükəsizliyinin təmin edilməsi oldu. Prezidentin Sərəncamına əsasən Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salındı və ilk mərhələdə oraya 60 ailə köçürüldü. Bu hadisə “Böyük qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı. Nəticələr göz qabağındadır. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bakıda iki ildir keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-Prisi ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu. Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu.
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Bizdə “İctimaixeber.com” informasiya portalının rəhbərliyi və kollektivi adından ölkə başçısını doğum günü münasibətilə ürəkdən təbrik edirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com"

Oxunub: 509
Oxşar xəbərlər
SON XƏBƏRLƏR