dini radikalizm və ekstremizmlə mübarizə

Ürəyi Qubadlı həsrətiylə döyünən bir ziyalımızı da itirdik


Azərbaycanın xalq şairi Vahid Əzizlə yanaşı şəkili görsənən xanım şair , pedaqoq, əməkdar müəllim Sarıgül Paşaqızı Yağmurdur.
Sarıgül xanım Qubadlı rayonunda doğulub.APİ- ni bitirdikdən sonra təyinatla Naftalan şəhər orta məktəbinə müəllimə göndərilib. Gənc qız tez bir zamanda böyük hörmət qazanıb. Asəf həkimlə ailə həyatı qurub.
Şeirlər yazıb. Rayon qəzetində yazıları dərc olunub. Naftalan rayon Maarif şöbəsinə 20 ildən çox rəhbərlik edib. Təqaüdə çıxandan sonra Bakıya gələrək Binə qəsəbəsində məskunlaşıb.
Sarigul xanım Həkəri qəzetində ictimai əsaslarla şöbə müdiri idi.
Vətən həsrətli şeirlərini qəzetdə çap etdirirdim. Şirin , duzlu danışığı ilə bizi çox sevindirərdi . Evində də qonaq olmuşduq. Növbəti kitabının redaktorluğunu da mənə tapşırmışdı. Dostum ,tədqiqatçı, yazıçı Faiq Qulam oğlu Abdullayevlə və şair publisist Fesih Alioğluyla onu bir tədbirdə tanış etmişdim. Eloğlusu Faiq və deyerli balamsan dədiyi Fesihə şəirlər də həsr etmişdi. Biləndə ki, Xalq Qəhrəmanı Aslan bəy Sultanovun nəvəsidir, çox sevinmişdi. Elə deyirdi ki, Rauf Faiqi də Fesihi də gətir Binədə bir şirin çay süfrəsi ətrafında görüşək , söhbət edək. Sarıgül Paşaqızıyla çox tədbirlərdə olurduq. Şirin, mehriban, vətənpərvər danışığıyla necə gözəl söhbətlər edirdisə, hər kəs ona məhəbbətlə baxar və belə ləyaqətli el qızımızla qürur duyardıq.
Şeirlərinə çox mahnılar bəstələnmişdi.
Bir gün məni Faiqlə birlikdə Binə qəsəbəsinə çağırmışdı. Həmin gün isə mən Türkiyəyə möhtəşəm bir festivala yola düşmüşdüm .
Faiqə də tapşırdım ki, sən get , görüşün.
Mən gələn kimi yenidən görüşərik, salamımı da çatdır deyib, bərk- bərk tapşırdım ki, Faiq , sənə verdiyim Həkəri qəzetindən Sarıgül xanıma da zəhmət olmasa verərsən. Şeiri çıxıb, qoy sevinsin. Bilirdim ki, təzyiqi var, şəkəri də çox idi. Ürəyi ağrıyırdı. Ürəyimə nəsə danmışdı.Amma nə biləydim ki, bu görüş son görüş olacaqdır.
Bir həftədən sonra Bakıya qayıtdım.Həmin gecə eşitdim ki, Sarıgül xanım dünyasını dəyişib. Naftalana qızıgilə gedib. Rayon sakinləri Sarıgül Paşaqızını görərkən yüzlərlə insan onun görüşünə gəlib. Hamı el məhəbbəti qazanmış bu gözəl qəlb sahibini evinə qonaq dəvət etmək istəyibdir. Məgər bu xalq sevgisi deyildimi? Bu sevgini qazanmaq üçün hər kəsdə Sarıgül Paşaqızı ürəyi lazım idi .
Bəlkə də həyəcandan, sevincdən kövrəlib . Birdən- birə təzyiqi yüksəlib. Elə oradaca dünyasını dəyişib. Həkimlərimizin köməyi də onun dadına yetməyib.
Çox təsirləndim ki, belə bir ziyalımızı da itirdik. Ürəyi Qubadlıyla doyünən gözəl insan. Həyat doğrudan da etibarsız imiş...
Heydər Məscidində 7 mərasiminə , hüzn məclisinə çox insan gəlmişdi. Qəzetdə başsağlığı verdik,insanlara qəzet paylandı.
Dünən noyabrın 23-də Binə qəsəbəsindəki mərasim zalında mərhum ananın- Sarıgül Paşaqızı Yağmurun 40 mərasimi keçirildi. Məclisi idarə edən Məşədi Yasin oxudu , ata ,ana haqqında uzun , təsirli şeirlər söylədi.
Mən isə söz alib məclisi idarə edəndən izn istəyib hönkürtüylə ağlayan vəfali ömür- gün yoldaşı Asəf həkimə , doğma insanlara təskinlik vermək məqsədiylə mərhumə Sarıgül Pasaqızı haqqında məlumat verib əl telefonumda şairənin səsiylə bir vaxtlar mənə göndərdiyi şeirini mikrafonda ucaldaraq səsləndirdim.
Hər kəs Sarigul xanımın səsini esidərək Allahdan bu gözəl insana rəhmət dilədilər , köhnə unudulmaz xatirələr yada düşdü.
Əlimizdən nə gəlir ki. Hər birimiz o ölümdən vədə tamam olanda dadacağıq.
Həkəri qəzetində qələm dostumuz, həmyerlimiz, vətənini canından çox istəyən, şərəfli ömür yaşamış , oğul evləndirmiş , qızlarını köçürtmüş, nəvə- nəticə sahibi olmuş Sarıgül Paşaqızının şeirlərini çap etdirməklə mərhumə anaya Allahdan rəhmət diləyir, Asəf həkimə və övladlarına dərin hüznlə başsağlığı veririk.
Ruhun şad olsun Sarigül ana.
Siz hər zaman qələm dostlarınızın, doğmalarınızın xatirələrində əbədi yaşayacaqsınız.Şeirlərinzə bəstələnmiş mahnılarınız, kitablarınız isə sizi əsrlərlə yaşadacaqdır. Ruhun şad olsun , gözəl qəlb sahibi.

Rauf İlyasoğlu ,
" Həkəri " qəzetinin baş redaktoru.

Oxunub: 853
Oxşar xəbərlər
SON XƏBƏRLƏR