dini radikalizm və ekstremizmlə mübarizə

Milli Qəhrəmanlarımız


QİSMƏTİN ŞƏHİDLİK PAYI

-Kimdi o qisməti şəhidlik payı olan?!
-Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədət oğlu Səfərov!
-Hə, tanıdım, atası Mədət əmi də 1941-1945-ci illər müharibəsində ağır döyüşlərdən çıxıb evə salamat qayıtmışdı, sovet hökuməti də sinəsini doldurmuşdu orden-medallarla...

QARDAŞSIZLIQ DƏRDİ…

Mərhum şairimiz Əli Qurban Dastançı qardaş-bacı məhəbbətini elə gözəl tərənnüm edirdi ki:

Qardaşların bacıya məhəbbəti dərindi,
Ürəkləri od kimi, əlləri çox sərindi.
Məhəbbət olarmı bacı məhəbbəti kimi…
Açar xoş günündə qızılgül kimi,
Fərəhdən çay olar, çağlayar bacı,
Adını eyləyər müqəddəs, əziz,
Qəlbində gizlicə saxlayar bacı.
Eşitsə ağrıyır başın, bacın dayanmaz, gələr,
Dəryaların suyunu bir damla sanmaz, gələr.
Gör nə gündə gələr ki, anam deyər: -
“Ay balam, üst-başın nə gündədi?!”
Gözümü açaram ki, başımın üstündədi…

Bu misraları təsadüfi yerə xatırlamadım. Bax, Sərdar Səfərovun bacıları da qardaş harayına belə “qanad açmışdılar”. Amma, gec idi… Qanlı karvanı qabaq gəlirdi qardaşın, heç bacının qabağına gəlməsin…

***
Bu sətirlər 1991-ci ilin oktyabr ayında Kəlbəcər dərd dəryasında boğulanda yazılıb. Guya, şəhid bacılarına bir təsəlli vermək istəyirmişəm. Amma hardaydı o təsəlli. Sərdar kimi qardaş itirən bacılar təsəlli tapardılar ki?...
Əvvəllər tez-tez “dörd ilin” yaxasından tutub nifrimizi tökərdik üstünə. Guya ki, ermənilər dörd ildir başımıza oyun açırlar. İllərin nə günahı? Axı, qara libaslı bu ulləri qaraya bükənlər var. Bu bəlaya düçar olan təkcə bugünkü nəsil deyil, nəsillərimizdir...
Bu qara xəbəri Kəlbəcərə əsən yellərmi, bu yerlərdən düşmən gülləsinin vəhşi səslərindən perik düşmüş quşlarmı yetirdi, dilləri-ağızları qurusun. Axı, Sərdardan belə ağır xəbər gözləmirdik. Gəlmişdi ki, sərhədlərimizdə erməni quldurlarının payını versin, torpağımızı qoruyarkən qəsdən terrora məruz qalanların harayına yetsin...
Uzun illərin ayrılığına dözməyən beş bacının göz yaşlarını silməyə bir qardaşı intizardan xilas eləməyə gələrkən onlara dərdmi gətirirdi?! Qardaşsızlıq dərdinə dözməyən qardaşın Məhəmməd həkimi, bacıları - Pərini, Həqiqəti, Gülnazı, Solmazı, Səadəti, Arzunu qardaşsız qoymağamı tələsirdin, Sərdar?! Yoxsa Vətən uğrunda şəhidlik payın səni tələsdirdi dağlara?!
Sentyabrın 25-də (1991-ci il) radio ilə verilən bu ağır xəbəri eşidən bacılar, inandınızmı?!
...Bu da Sərdarın Kəlbəcər şəhərindəki ata evi. Çoxdandır bu həyətdə Sərdarın səsi, nəfəsi yoxdur. Çoxdandır ki, bu həyət Sərdarın ayaq izlərinə həsrətdir. Amma daş-divar onun səsini saxlayıb. Meyvəsi üstündə saralan ağacların budaqları, yarpaqları onun əl izlərini özündən xəbərsiz “gizləyib”. Saxlana bilməyən Sərdarın danışığı, yerişi, duruşudu. Ona görə bu həyət-baca qan ağlayır, səsini, nəfəsini istəyir Sərdarın.
“Mübariz keşikdə” qəzetinin 29 oktyabr 1992-ci il tarixli sayında Sərdarın Milli Qəhrəman adına layiq görülməsi barədə Azərbaycan Prezidentinin Fərmanı var. Orada deyilir: “Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarının aşağıdakı əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin (ölümündən sonra): Səfərov Sərdar Mədət oğlu...”
Qəzetin 2-ci səhifəsində Sərdar Mədət oğlu Səfərovun şəkli və olduqca xırda (kiçik) bir yazı da var. Nə olasıydı ki? Nə yaşadı, nə uzun ömrü oldu ki, ətraflı da yazısı olsun...
Əziz xatirəsindən, bir də özündən sonra dünyaya göz açan körpəsi – Sərdarədən başqa bir yadigarı qaldısa, o da qəhrəmanlığı oldu.

ARZUNUN QANADLARINDA…

Tərcümeyihalından oxuyuruq ki, polis leytenantı Sərdar Mədət oğlu Səfərov 1960-cı ildə Kəlbəcər şəhərində anadan olub. 1977-ci ildə şəhər orta məktəbini bitirib. Sonra kolxozda işləyib (o zamanlar ali məktəblərə qəbul olmaq üçün hökmən təsərrüfatda işləməli və iş stajı ilə sənəd verməliydin). 1979-cu ildən 1981-ci ilədək əsgəri xidmətdə olub. Qayıtdıqdan sonra da Bakı Avtomobillər Zavodunda işə girib.
Arzusu milis işçisi olmaq idi. Bu arzunun qanadlarında da üz tutub Rusiyaya. İlk dəfə Tula vilayətinin Zaoksk şəhəri DİŞ-də milis nəfəri kimi fəaliyyətə başlayıb. Təhsilini davam etdirmək üçün Kaunas Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1987-ci ildə həmin məktəbi bitirib köhnə iş yerinə qayıdıb, orada milis sahə müvəkkili işləyib. 1991-ci ildə doğma Vətəni Azərbaycana qayıdan Sərdar Qusar rayon DİŞ-nə sərəncam alıb. Orada da sahə müvəkkili kimi fəaliyyətini davam etdirirdi...
Bundan sonra Sərdar haqqında rəsmi dildə danışmaq günahdı. Gərək sinəsi qardaş dağı ilə dağlanan Gülnazı danışdıraydım ki, Sərdarın yazısını yaza biləydim. Erkən itirdiyi anasına əlim çatmadı, amma, gərək Pəri bacısını tapıb sizinlə dərdləşdirəydim. Onda görərdiniz ki, qardaş dağı nədi.
1991-ci ilin sentyabr ayının 25-də Əsgəran rayonunun ərazisində erməni terrorçuları “QAZ-53” markalı sərnişin avtobusuna hücum etmişdilər. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar da vardı. Hadisə yerindən qayıdarkən Xankəndi şəhəri yaxınlığında həmin qrupun getdiyi “UAZ” markalı avtomobil erməni silahlı quldur dəstəsi tərəfindən təcavüzə məruz qaldı. Qəhrəmanlıqla müqavimət göstərən Sərdar yeddi yerindən güllə yarası aldı. Dözümlü olsa da, son nəfəsi doğmalarına çatmadı.
Sərdar torpaq, qeyrət uğrunda şəhid getdi - qismətinə yazılan payı aldı. Qardaşa, bacıya acı olan bu pay Sərdara şirin gəlirdi. Özü getdi ki, şirin xatirələri və bir də şərəfli şəhid adı yaşasın!

QARA HAŞİYƏ

... Bura kimi Kəlbəcərdə yazmışdım. İnanmazdım ki, yazıya yenidən nəsə əlavə edəcəm. Yəqin ki, təcrübəsizlikdən idi. Yox! Sərdar kimi oğullarımızdan sonra Kəlbəcər və kəlbəcərlilərimizi də itirdik. Dərbədər olduq yer-yurdumuzdan. Sərdarın ata ocağı da qaraldı, bacılarının baxışları kimi. Ağlamaqdan gözləri qan qırmızı olan şəhid bacıları sonra daha dəhşətli ayrılığa tablaşmalı idilər, sən demə... Sərdarın məzarı qazılan torpaq da tapdaq altında qalacaqmış, ata-anası isə perik düşəcəkmiş.
Kəlbəcərdə qoyub gəldiyimiz müqəddəslərimizin məzarları, bir də ayaqlarımıza həsrət qalacaq izlərimiz, qan ağlayacaq gözlərimiz oldu. Sərdardan doymayan ata-ana, qardaş-bacı, dost-doğmaların dərdinin üstünə kəlbəcərsizlik ağrıs da gəldi. Kim çəkə bilərdi bu nisgili?
Kəlbəcərin əli qələm tutanları yurdsuzluq ağrılarını ağıya-bayatıya çevirdilər. Mən də üz tutdum Dədə Şəmşir ünvanına:

Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.

Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.

Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Novruz günlərində, bayram ayında
Dağlayır sinəmin dağı dağları.

...Bu da kəlbəcərsizliyimizin ilk illəri... Bakıya üz tutub qohum-əqraba qoltuğuna sığınanların ümid yerinə çevrilmişdi “Azərnəşr”. Əlövsət müəllimin iş yeri kəlbəcərlilərin qərargahını xatırladırdı. Gəncədə də belə qərargah vardı - onu da Dədə Şəmşir ocağının odqoruyanı, el ağsaqqalı Qənbər Qurbanov yaratmışdı: kəlbəcərlilərin dərd-sərini bölüşmək, onları yerləşdirmək üçün.
Bakıda Mədət əmini bir neçə dəfə görmüşdüm. Sərdarın qardaşı Məhəmməd Səfərovla isə çalışdığı poliklinikada görüşmüşdük. Deyəsən, şəhid ünvanlı yazılarım məni onlara tanıtmışdı. İlk görüşümüzdən qardaşlaşdıq. Baxışlarından niskil yağırdı: Sərdar kimi qardaş itirmişdi. Amma qüruruna sığışdırıb əymirdi qəddini. Sən demə, dərd için-için yeyirdi həkimi. Sərdardan danışanda, xatirələr çözələyəndə o qədər təmkinli olurdu ki...

“EL KÖÇÜR, YURD AĞLAYIRDI”…

Sən saydığını say, gör zalım fələk nələr sayır... Kəlbəcərdən sonra itirdiklərimiz lap çox oldu, Sərdar! Sizin qanınızı almamış, ana deyib uğrunda canınızdan keçdiyiniz yurdu da düşmənə verdik! Bağışlanmaz xəyanətkarlıqla üzləşdik. Belibükük atan Mədət əmi sənin məzarını sahibsiz qoyub aralanmırdı ki... Amma el “köçür, yurd ağlayırdı”. Ağlar gözlər dikilmişdi sizin müqəddəs məzarınıza...
Elə bilirdilər ki, bir-iki günlük harasa gedirlər, evlərin, həyətlərin, sandıqların açarlarını da götürmüşdülər. Pas atdı, yas artdı, Sərdar! Sizdən sonra kəlbəcərlilərin şəhid ünvanları da artdı, çoxaldı. Hamısına ağı yaza bilmədik. Qismətinə şəhidlik düşən qardaş, səndən sonra çox şeylər oldu. Yurdumuz viran, yurddaşlarmız beyman oldular. Bacılarının qara örpəkləri nəinki açıldı, üzləri də gülmədi, qara saçlara qar ələndi, ömürlərinin payızı yetməmiş Həqiqət xanımla Solmaz bacı da bu ayrılığa dözmədilər. Gör indi Pəri müəllimə, Gülnaz həkim, Səadət xanımla Arzu müəllimə nə haldadılar?! Onlara təsəlli olacaq sözümüz, yurdumuzu qaytara bilmədiyimiz üçün günahkar gözümüzdən savayı bir şey qalmayıb. Kəlbəcərdən gəldiyimiz illər uzandıqca ömrümüz qısalır. Sərdar,

Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri gör neçə ildi.
Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız
Minilir kəhəri gör neçə ildi!

İzim düşmür cığırına, yoluna,
Meşəsinə, talasına, koluna.
Tamarzıyıq pətəyində balına,
Dadırıq zəhəri gör neçə ildi.

Köklənməyən, zillənməyən bir neyəm,
Kəlbəcərsiz yetim qalan körpəyəm.
Yurdu talan, bir yuvasız leyləyəm,
Düşmüşəm sərsəri gör neçə ildi.

Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
Batdımı Ağdamın, Laçının qanı?
Cəbrayıl, Füzuli... neçədi sanı,
Dağılıb məhvəri gör neçə ildi.

Məhəmmədə hücum çəkir dərd, qada,
Həsrətdi bir isti ocağa, oda.
Qalıbdı yağıya, quldura, yada,
Neçə ləl-gövhəri gör neçə ildi.


Kəlbəcərə həsrət qalanların dilində əzbərə dönüb bayatı-ağı. Anam da o ağıları sinəsinə dağ etmişdi. Sizə layiq tərifli yazım olmadı, qardaş! Döyüş yolun da tapdaqda, düşmən əsarətində qalıb. Sənin istintaq aparmağa getdiyin o yolda sizdən sonra çox qanlar töküldü. Ermənilərdən heç kim də istintaqa cəlb olunmadı, üstəlik, torpaqlarımızın 20 faizini də havadarları işğal edib, daşnaklara “icarəyə” verdilər. Murovdağdakı döyüşlərdə neçə-neçə sənin kimi Vətən oğlunu itirdik. İndi bacın Səadət xanım kəlbəcərlilərinin arasında, xəstəxanada çalışır. İstəyir ki, onların dərdinə dərman edilsin, amma, yaxşı bilir ki, onların dərdinin əlacı Kəlbəcərdir, elə özününkü də. Bizi sizing məzarlarınıza qovuşduracaq yollar da bax bu gündədir:

Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.

Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.

Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.

Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.

Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.


Ruhu nigaran Qəhrəmanım! Təsəllimiz olacaq yeganə sizsizni ki, Kəlbəcər və Qarabağ uğrunda canından keçən igidlərin arasında siz kəlbəcərlilər də az deyilsiz. Belə qəhrəman oğlun doğulduğu yurdun tapdaqda qalması isə bizim utanc yerimiz, xəcalətliyimizdir, bağışlamayın bizi, dağıdılan məzar yerinizin torpağını heç olmasa ziyarət edə bilmirik. Dilqəm və Şahbaz kimi oğullarda bax bu ziyarətin qurbanı oldular! Yağı amansız, arxalı köpəkdir, hələ ki, qurd basır. Axı, atalarımız vaxtilə elə-belə deməyib: “Arxalı köpək qurd basar”..
Qurda dönəcəyimiz günə az qalır, inşallah! Amma… hələ ki, yurd yerinə, sizə ağı yazıram, qardaş:

Dönüb gözlərimdə yaşa,
Axam Kəlbəcərdən ötrü.
Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü!

Yığmışam dərdi ürəyə,
Qəmnən əriyə-əriyə.
Dönsəm də sümük-dəriyə,
Toxam Kəlbəcərdən ötrü?

Qurbanam dərə-düzünə,
Döyməsin bizsiz dizinə.
Düşməninin sağ gözünə
Oxam Kəlbəcərdən ötrü.

Sənin Kəlbəcərdə qalan məzarını ziyarət edə bilməyənlərin müxtəlif ünvanlarda qəhrəmanlığınla bağlı ürəkdən söz açılır, adının şərəfinə ucaıdılan abidələr ziyarətgaha çevrilir, təzə-tər gül dəstələri ilə görüşünə gələnlər and içirlər ki, heç zaman unudulmayacaqsız. Yatdığınız ana torpaqların azad edilməsi uğrunda yaşından asılı olmayaraq hər bir kəlbəcərli düşmənlə döyüşə hazırdır!

Məhəmməd Nərimanoglu,
"Dağların sinə dağı"kitabından

Oxunub: 652
Oxşar xəbərlər
SON XƏBƏRLƏR