dini radikalizm və ekstremizmlə mübarizə

TARİX KİTABINA QIZIL HƏRFLƏRLƏ QOVUŞMUŞ 23 AY

TARİX KİTABINA QIZIL HƏRFLƏRLƏ QOVUŞMUŞ 23 AY

Qayıdaq bir əsr əvvələ. Görək nələr çəkmiş başın sənin. Ey türk gənci, düşün. Sənin necə bu mərtəbəyə gəldiyini düşün.
Bəli, tam 100 il əvvəl, bu gün. Azərbaycanın ziyalı övladları böyük bir işin öhdəsindən gəldilər, Şərqdə ilk demokratik dövləti yaratdılar. Bu demokratiya deyilən məfhumu xalqımız həmin zaman anladı. Amma çox çəkmədi, cəmi 23 ay. İndi həmin 23 ayın 101 illiyini qutluyuruq.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, tarixə elə bir dərin iz salıb ki, unutmaq qeyri-mümkündür. Niyə?! Birinci səbəbi budur ki, AXC ətrafında dövrün ən ziyalı şəxsiyyətləri toplaşmışdı: Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Məmməd Həsən Hacınski, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov və s. İkinci səbəb, yəni ən əsas səbəb isə budur ki, Azərbaycanın görkəmli ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti və ən nəhayət, AXC qurucusu, milli istiqlaliyyət fədəkarı, siyasi mühacirlər lideri – Məmməd Əmin Rəsulzadə bu dövləti qurmaq üçün əlindən gələn hər şeyi etməyə hazır idi. O, ailəsini, övladlarını – bir sözlə, insanı həyata bağlayan hər şeyi bu yolda fəda edir, öz ailəsini Azərbaycan ailəsinə qurban edir. Rəsulzadə dövlətini azad və demokratik bir dövlət kimi görmək istəyirdi və onu bu yoldan heç bir qüvvə döndərə bilməzdi.
Müstəqil vətənini və bayrağını sevən Məmməd Əmin Rəsulzadə bayrağına məftunluğunu belə ifadə edirdi: “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Onun bu ifadəsi XX əsr boyu Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
1918-ci il 28 mayısda Şurayi-Milli tərəfindən Azərbaycanın müstəqilliyi elan olunur və həmin gün “İstiqlal Bəyannaməsi” qəbul edilir. 1918-ci il 15 sentyabr tarixində isə Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam ordusu mücahidləri Bakını bolşevik-daşnak qüvvələrindən azad edirlər.
AXC Şərqdə ilk demokratik dövlət idi. Eyni zamanda qadınlara kişilərlə bərabər hüquq verən ilk Şərq dövlətidir, bu “İstiqlal Bəyannaməsi”də öz əksini tapmışdır.
AXC qısa ömür yaşamasına baxmayaraq, bir sıra islahatlar keçirir və həmən islahatlatın başında elm, maarif dururdu: “Bakı Universiteti”nin (hazırki BDU) əsası qoyulur, 100 nəfər tələbə xaricə təhsil almağa göndərilir, “Qori Müəllimlər Seminariyası”Qazağa köçürülür və s. AXC bunlardan əlavə, bəzi mühüm addımlar da atmışdır: Azərbaycan(türk) dili dövlət dili elan olunur, dövlət bayrağı qəbul edilir, Milli Ordu yaradılır, rəsmi "Azərbaycan" qəzeti təsis edilir, "Bakı Bankı" açılır, "Bakı Bonu" adlanan pul vahidi dövriyyəyə buraxılır və s. Sadəcə 23 ay civarında...
Yenicə qurulmuş hökümətə qarşı siyasi və diplomatik təzyiqləri gücləndirən Sovet Rusiyası höküməti devirmək üçün bolşevik və ermənilərdən istifadə edir. 1920-ci il martın 22-də Moskvanın razılığı ilə ermənilər Qazax, Gəncə, habelə Qarabağın dağlıq hissəsində təcavüzkarlıq fəaliyyətini genişləndirirlər. AXC ordunu Dağıstan sərhədindən və Bakıdan həmin bölgələrə göndərməli olur. Ölkənin şimal sərhədləri tamamilə müdafiəsiz qalır. Bu zaman, 1920-ci il aprelin 25-dən 26-a keçən gecə XI Qırmızı Ordu AXC sərhədlərini keçir və Yalama yaxınlığındakı şiddətli döyüşdə məğlub oluruq... Sabahı gün, yəni ayın 27-də axşam saat 11-də dövlətin son iclası keçirilir. Bir sıra şərtlərlə nahaq qan tökülməməsi üçün dövlət bolşeviklərə təhvil verilir. Lakin sonradan heç bir şərtlərə əməl edilmir...
TARİX KİTABINA QIZIL HƏRFLƏRLƏ QOVUŞMUŞ 23 AY

Burada qeyd etmək yerinə düşərdi ki, 2018-ci ildə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönəmində “Son iclas” filmi çəkilmişdir. Film məhz həmin son iclasdan bəhs edir. Filmdə Məmməd Əmin Rəsulzadə obrazını canlandıran şəxs Rəsulzadənin doğmaca nəvəsi Rəis Rəzulzadədir.
"Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı".(Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın Səsi" radiosu vasitəsilə Azərbaycan xalqına müraciətindən bir parça)
"Türkün yurdu türk tarixində bir çox 27 nisanlar yaşamış, lakin heç vaxt idealını qeyb etməmiş, istiqlaliyyətini unutmamışdır".(Əhməd Cəfəroğlu)
Müstəqil dövlətimizin süqutundan sonra Rəsulzadə dostu Abbasqulu Kazımzadə ilə birlikdə Lahıca sığınır. Hər ikisi burada Əliabbas Səfərbəyovun evində gizlənir. Lakin evinə sığındıqları şəxs onları çekistlərə satır. Həm də bir qoşalülə tüfəngə. Sonralar, 1927-ci ildə həmin şəxs zindana atılaraq öldürülür... Rəsulzadə və dostları "Osobıy otdel"ə təslim edilir. Bundan xəbər tutan Heydər Əmioğlu və N.Nərimanov Sovet Azərbaycanına belə xəbər yollayır: "Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!".
TARİX KİTABINA QIZIL HƏRFLƏRLƏ QOVUŞMUŞ 23 AY

Həbsdə olan zaman bir gün Rəsulzadəni yoldaşlarından ayırırlar, onunla qalan yoldaşlar Rəsulzadənin ölüm hökmü üçün aparıldığını zənn edirlər. Lakin gələn Stalin idi, onu həbsdən və ölümdən xilas edir. Rəsulzadə Stalinin inadı ilə Moskvaya getməyə məcbur olur. O, Moskvada öz ideallarını həyata keçirə bilməyəcəyini başa düşür və gizli şəkildə qayıqla Finlandiyaya gedir. Elə bu gündən mühacirət həyatı başlayır. Finlandiyadan İstanbula getmək üçün Berlindən və Parisdən keçməli olur. Rəsulzadə illərini boş keçirmir, bu illər ərzində qəzet və jurnallar çap edir, müsavatçılarla əlaqə yaradır, SSRİ əleyhinə təbliğat aparırdı. Hətta o, II Cahan Hərbi zamanı Almaniyaya baş çəkir.
Bəs bu mühacirət illəri ərzində Rəsulzadənin ailəsi nə ilə qarşılaşır? Həmin illərdə Rəsulzadənin ailəsi min bir faciə ilə üzləşir: anası Maral xanım 1937-ci ildə Qazaxıstanda sürgündə vəfat edir; yoldaşı Ümbülbanu xanım 1937-ci ildə güllələnən 18 yaşlı oğlu Rəsulun dərdinə tab gətirə bilmir, 1939-cu ildə Qazaxıstanda sürgündə vəfat edir; qızı Lətifə xanım 1943-cü ildə Qazaxıstanda sürgündə aclığa və soyuğa dözə bilməyib qızı İşvə ilə birgə vəfat edir; kiçik qızı Xalidə xanım 1943-cü ildə sürgündən Bakıya qaçır, amma o gündən sonra onun haqqında heç bir məlumat yoxdur; kiçik oğlu Azər isə 1937-ci ildə Qazaxıstana sürgün edilir, ömrünün sonuna qədər Bakıya gəlmir, 1993-cü ildə Qazaxıstanda vəfat edir. Bu olub-bitənlərdən Rəsulzadə, təbii ki, xəbərsiz deyildi. Lakin həmin vaxt Rəsulzadəni düşündürən yeganə şey var idi – azad, demokratik vətən eşqi.
1955-ci il 6 mart tarixində türk dünyasını qəmə bürüyən hadisə baş verdi - Məmməd Əmin Rəsulzadə vəfat etdi. Qəlbi vətən eşqi ilə atan azadlıq mücahidi Rəsulzadə son nəfəsində "Azərbaycan, Azərbaycan, Azərbaycan" -dedi.
"Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar". (Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın Səsi" radiosu vasitəsilə Azərbaycan xalqına müraciətindən bir parça)

Məleykə Mirzəli
BDU tələbəsi

Oxunub: 996
Oxşar xəbərlər
SON XƏBƏRLƏR