dini radikalizm və ekstremizmlə mübarizə

“Konkret addım atılmasa...” – İrəvanı yola gətirməyin son iki yolu/Şərh

“Konkret addım atılmasa...” – İrəvanı yola gətirməyin son iki yolu/Şərh
“Azərbaycan tərəfi Vyanda danışıqlarına bir çox üstünlüklə gedir”.

Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüş barədə Teleqraf.com-a danışan politoloq Elçin Mirzəbəyli belə deyib.

Ekspertin fikrincə, hazırkı şəraitdə beynəlxalq vəziyyət Azərbaycanın xeyrinədir:

“Ermənistanın bu günədək Qarabağdakı separatçı rejimi danışıqlara “subyekt” kimi cəlb etmək cəhdləri tamamilə iflasa uğradı. Bu həm ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən elan edildi, həm də Nikol Paşinyanın Avropaya səfəri zamanı, Avropa İttifaqının yüksək rəsmiləri tərəfindən mövcud formatın dəyişməz olduğu xüsusi olaraq vurğulandı.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Mogerininin açıqlamasında ərazi bütövlüyünün mühüm amil olduğu Paşinyana xatırladıldı. Məlumdur ki, həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktının prinsipləri önə çəkildi. Bu prinsiplər də ərazi bütövlüyünün əsas faktor olduğunu önə çəkir. Digər tərəfdən ölkəmizin iqtisadi gücünün artması, ordu quruculuğu istiqamətində görülən işlər - Azərbaycan ordusunun müasir silah-sursat əldə edərək öz arsenalını gücləndirməsi ölkəmizin mövqelərini daha da möhkəmlədir”.

Elçin Mirzəbəyli hesab edir ki, Paşinyanın kənardan Ermənistana investisiya cəlb etmək cəhdlərinin iflasa uğraması da rəsmi İrəvanın mövqeyini bir qədər də zəiflədir:

“Beləliklə, bir daha məlum oldu ki, Azərbaycana qarşı işğala son qoyulmadan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən kənardan Ermənistana investisiya yatırmaq mümkün olmayacaq. Yəni, Ermənistan bu danışıqlara kifayət qədər zəifləmiş durumda gedir. Paşinyanın “demokratiya müstəvisi”ndə üstünlük əldə etmək cəhdləri effektli nəticə vermədi. Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin nə daxili, nə də regional situasiyaya təsir etməyəcəyi ortaya çıxdı. Bu bir daha Paşinyan rejiminin iç üzünü açdı.

Danışıqlarda əldə edilə biləcək nəticələrə gəlincə, Ermənistandan bir sıra məsələlərlə bağlı müzakirələrin aparılacağı bildirilir. Amma Azərbaycan və ATƏT-in Minsk qrupundan verilən son açıqlamalarda danışıqların predmet üzrə aparılacağı bildirilib. Substantiv danışıqların davam etdirilməsi şərt kimi ortaya qoyulub. Eyni zamanda o da vurğulanıb ki, indiki şəraitdə mövcud status-kvonun saxlanılması yolverilməzdir. Bu da Paşinyanın səsləndirdiyi fikirlərin Ermənistanın daxili auditoriyasına hesablanmış addım olduğunu sübut edir”.

Politoloqun sözlərinə görə, danışıqlar bu günədək masa üzərində olan həll variantları üzərində olacaq. Əslində başqa bir predmet də yoxdur və Ermənistan tərəfinin iddiaları da indiki şəraitdə iflasa uğrayıb: “Nəticəyə gəlincə, bu haqda danışmaq hələ tezdir. Ermənistan konkret addımlar atmayacaqsa, beynəlxalq ictimaiyyətin, Minsk qrupunun, Avropa İttifaqı rəsmilərinin Ermənistanla bağlı səsləndirdikləri fikirlər reallaşdırılmalı və bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması istiqamətində addımlar atılmalıdır. Ermənistan yenə də beynəlxalq güc mərkəzlərinin açıqladığı mövqeyindən sonra özünün ənənəvi siyasətini davam etdirəcəksə, münaqişənin həll edilməsi üçün iki yol qalacaq. Birincisi, Ermənistanın beynəlxalq təcridinin baş verməsi, ikincisi isə Azərbaycanın hərbi əməliyyatlara başlamasıdır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş bu gün Avstriyanın paytaxtı Vyanda keçiriləcək.

Oxunub: 798
Oxşar xəbərlər
SON XƏBƏRLƏR