dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım

Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım
Çox mehriban, təvəzökar xanımdır. Deyir ki, qadın lap baş nazir işləsə belə, evinə daxil olduğu andan anadır, həyat yoldaşıdır…
Amerikada yaşadığı illər ərzində elə bir gün olmayıb ki, ata evi, qardaşı üçün darıxmasın. Hər dəfə məşhur "Ayrılıq" mahnısının sədaları gələndə, özünü saxlaya bilmir, qəhər onu boğur, gözləri yaşarır. Azərbaycan filmlərinə baxmaqdan, milli musiqimizi dinləməkdən usanmır…
Haqqında söhbət açdığım Xatirə Qasımova(Watts) Bakıda doğulub, bu şəhərdə boya-başa çatıb. Orta təhsilini Bakıdakı 80 nömrəli məktəbdə başa vurub. 1981-ci ildə 4 saylı xəstəxanada laborant assistenti kimi çalışıb. Orada işləyərkən indiki Azərbaycan Dillər Universitetinin axşam şöbəsinə qəbul olunub. 1989-ci ildə həmin universiteti ingilis dili müəllimi ixtisası üzrə bitirərək, Bakıdakı orta məktəblərin birində müəllimlik fəaliyyətinə başlayıb. 1996-cı ilin sonlarında ABŞ-a gəlib. 1999-cu ilədək Texas ştatında Del Mar kollecində müəllim kimi işə düzəlib. Burada o, ABŞ-a pənah gətirmiş xarici tələbələrə ingilis dilindən dərs verib. 1997-ci ildə əslən amerikalı Maykl adlı bir gənclə ailə qurub. Bir il sonra qızları Mişel Saida dünyaya gəlib. Və bir müddət Mişel Saidanın tərbiyəsi ilə məşğul olduğundan heç yerdə işləməyib.
2001-2005-ci illərdə Texas A&M Universitetində təkrar ali təhsil alıb. Bu dəfə tibb üzrə bakalavr pilləsinə yüksəlib. Əvvəlcə kordealoji, sonra isə əsəb xəstəlikləri üzrə xəstəxanada çalışıb.
2008-ci ildə Texas Universitetinin psixi xəstəliklər fakultəsinə qəbul olunub, 2015-ci ildə oranı müvəfəqiyyətlə bitirərək magistr dərəcəsinə yiyələnib. O vaxtdan Texasın Korpus Kristi şəhərində özəl klinikalardan birində psixiatr-terapevt kimi insanlara xidmət göstərir…
Qızı Mişel Saida Texas TECH universitetinin siyasi elmlər üzrə hüquqşünas fakultəsinin 3-cü kursunda oxuyur. Arzusu bu sahədə təhsilini davam etdirib, mükəmməl səviyyədə hüquqşünas olmaqdan ibarətdir. Azərbaycanca gözəl danışır, deyir ki, anam azərbaycanlı olduğundan bu xalq mənə çox doğma, çox əzizdir. Demək olar ki, hər il Azərbaycana getdiyimizdən bu ölkə haqqında məlumatlarım çoxdur. Və mən demək olar ki, həmyaşıdlarım arasında Azərbaycan haqqında gözəl danışıb, oranı sevdirməyə çalışıram…
Xatirə xanımın ömür-gün yoldaşı Maykl İslamı qəbul edib. Deyir ki, bir müddət şəhər məscidinə tez-tez gedirdim. Sonra işimlə əlaqədar vaxt tapa bilmədim. Maykl Texas sahil gömrüyündə zabit ximi xidmətdədir. Azərbaycanla bağlı bilgiləri o səviyyədədir ki, hətta danışarkən, təhlil edərkən bir çox azərbaycanlılar ona həsəd apara bilər…
...Bir həzin Azərbaycan musiqisindən kövrələ bilən, olduqca ciddi və həm də çox şən olan Xatirə xanımla tanışlığımızdan çox məmnun oldum.
Deyir ki, çox əziyyətlərə qatlaşıb, bu səviyəyə yetişmişəm, azərbaycanlı qürurum həmişə başımı uca edib, amma Azərbaycan deyiləndə körpə uşaq kimi kövrəlməyə bilmirəm…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım

Oxunub: 1 024
Oxşar xəbərlər
SON XƏBƏRLƏR