Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir...
O, 1962-ci ildə dünyaya gəlib. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışır. Tarix üzrə fəlsəfə doktorudur...
...Daim axtarışdadır. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirir. 30 ildən çox olar ki, M.Ə.Rəsulzadə irsinin tədqiqinə vaxt ayırır. Bu mövzuya sədaqətlidir. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlir...
...Belə alimlər həm də xalqın canlı sərvətləridir. Onları qorumaq, ehtiram göstərmək, məişət qayğılarını yüngülləşdirməyə çalışmaq lazımdır...
...Onların ərsəyə gətirdiyi hər əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır…
…Burada İslam peyğəmbərinin bir kəlamı yada düşür- alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir...
Bəli, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu xalqı üçün məhz belə alimlərdəndir…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Oxunub: 942