Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Open.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, əziz dost.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi, Sizə möhkəm cansağlığı, yaxınlarınızın və dostlarınızın əhatəsində xoşbəxt həyat diləklərimi qəbul edin. Mən Azərbaycanı tərəqqi və inkişaf yolu ilə aparmağa davam etməniz üçün Sizə məsuliyyətli Prezident vəzifəsində böyük uğurlar arzu edirəm. Azərbaycanın qazandığı nailiyyətlər məndə güclü təəssürat oyadıb. Buna görə ürəkdən şadam və əminəm ki, Sizin uzaqgörənliyiniz və fədakarlığınız sayəsində Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə çatacaq.
Mən Serbiya-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Mənə çox xoşdur ki, aramızdakı coğrafi məsafəyə baxmayaraq, ölkələrimizi ənənəvi dostluq, habelə qarşılıqlı hörmət və etimad telləri bağlayır. Əminəm ki, biz bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlardan birgə fəaliyyətimizlə istifadə edəcəyik.
Mən Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımamaqla bağlı Azərbaycanın prinsipial mövqeyinə, habelə suverenliyinin və ərazi bütövlüyünün saxlanılması üçün beynəlxalq təşkilatlarda Serbiyaya göstərdiyiniz dəstəyə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Serbiya da BMT-nin üzvü olan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə prinsipial olaraq sadiqdir və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair səyləri alqışlayır.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizi bir daha Serbiyaya dəvət edirəm. Əminəm ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasında sıx münasibətlərə xüsusi töhfə verəcək.
Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul edin".