Yağışlı bir havada görüşdük onunla. Ağ saçlarına vurğun olduğum yasemen çiçeyine küsmüş şairə.. hər bir bəndinə hüzün misraları düzmüş, həzin bir sevda dastanının digər qəhrəmanı.. sözdür mənim sirdaşım deyən Sona Çərkəz.
Sona xanımı xeyli vaxtdır qiyabi tanısam da şəklini ilk gördüyüm andan doğma yaxın hiss etmişdim. Ən çox da məni ona çəkən üzünə xüsusu nur verən ağ saçları olmuşdu. Uşaqlıqdan ağ saçlı insanları ve tənha ağacları çox sevirəm. Tənha ağaclar mənə vüqarlı, əzəmətli insanları xatırlatdığı kimi, ağ saçlar da o fədakar, əzəmətli vüqarlı insanların həyat hekayəsinin dik duruşun təəsüratını yaradır.
Bəli bu əzəmətli, fədakar ömürün bəyaz qarını yaxından görməyə, o qarın hekayəsini dinləmək üçün Sona Çərkəzin görüşünə getdim. Görüş tarixini təyin etdiyimiz ərəfədə Sona xanım sevdiyiniz özəl bir çiçək vardır mı deyə soruşdum. Cavabında xahiş edirəm zəhmət çəkməyin heç nəyə ehtiyac yoxdur siz özünüz gülsünüz deye nəzakətlə bildirdikdən sonra hüzünlü və titrək səslə: "Bir zamanlar ən sevdiyim çiçək idi yasəmən ancaq həyat yoldaşımı itirdikdən sonra o çiçəyə küsmüşəm dedi və dörd misralıq bir şeir söylədi telefonda..
Quruyardı kaş əllərim o günü
Məzarına yasəmənlər düzürdü
Bir vaxt mənə pay verdiyin çiçəklər
O gün mənim göz yaşımda üzürdü....
çox təsirlənmişdim bu zərif ruhlu incik qəlbli xanımın cavabından. Kövrəldim hətta telefon xəttinin o üzündən. Bir anlıq xəyala daldım səssizcə düşündüm mən də yasəmən çiçəyini sevirəm zərif incə çiçəkdir ətri də çiçəyi kimi zərifdir yasəmənin. Həyətimizdə yasəmən çiçəyi var kaş indi mövsümü olaydı bir dəstə dərib Sona xanıma aparardım düşündüm öz özümə. Sona xanım biləndə ki, yasəməni mən də xoşlayıram əgər Allah ömür verərsə yasəmən açan zaman sənə bir dəstə göndərərəm qızım dedi. Necə düşüncəli xanımdır gülümsəmişdim..
Bir həftə sonra yağışlı bir dekabr günü Bakı Dövlət Üniversitetində görüşdük. Yağış bəlkə də o günü Sona xanımın kədərlə axan göz yaşına yoldaşlıq etmək üçün yağırdı.. kim bilir.. İkimizin də bəxtindən işıqlar söndü. Sona xanımı gözləyərkən üniversitetin tələbələrlə dolu koridorlarında həyəcanla hansı sualları verəcəyimi, hardan başlayacağımı götür qoy edirdim , nece sual verim nece başlayım ki, bu bəyaz saçların hüzünlü xanımını kədərləndirməyim..ve eyni zamanda da tələbələrə qibtə ilə baxmağa başladım. Nə xoşbəxt tələbələrdir Sona xanımın həm elmi biliklərindən həm həyat təcrübəsindən bəhrələnirlər.
Zaman yetişdi. Dərs otaqlarından birində pəncərə önündə yerimi rahatladım. Mən tələbə Sona xanım müəllimə stolunda əyləşdik. Hər anını dərin heyranlıqla izləyirdim. Qarşımda sadəcə Bakı Dövlət Üniversitetinin Humanitar fənlər üzrə baş müəllimi deyil, fədakar bir ana, qayğıkeş bir nənə və ən önəmlisi rəhmətə getmiş həyat yoldaşına vurğun, sevgisinə vəfalı, onu itirdikdən sonra belə xatirələrinə sədaqətli bir xanım qadın var idi.
Qiymətini bilmədən israf etdiyimiz zaman təəssüf ki, bizə az nəzər etmişdi bu ilk görüşdə.. çox qısa söhbət edə bildik. Söhbətə həyat hekayəsinin sevda kitabının digər qəhrəmanı iyirmi illik evlilikdən sonra bir qəza nəticəsində itirdiyi ömürgün yoldaşı rəhmətlik Çərkəz müəllimlə tanışlığından başladı. Ağ saçlarının nur yaydığı üzünə qayğı gözlərinə kədər səsinə o hüzün çökdü. Həm heyranlıqla həm də acı bir həsrətlə bəhs edirdi həyat yoldaşından. Ondan bəhs edərkən bir anlıq gənclik illərinə geri dönür o illərə qayıdır üzündə o illərin fərəh və ümid hissləri dalğalansa da qəza hadisəsini və yoldaşının vəfatı ilə qırılan ümidlərinin, qopan sevda çiçəyinin, kədəri ilə üzü yenidən qayğı həsrət buludları ilə kölgələnməyə başlayır
Həyat yoldaşı rəhmətlik Çərkəz müəllimə olan heyranlığının önəmli səbəblərindən biri də Çərkəz müəllimin evlənmədən öncə Sona xanımın atasına ali təhsilini tamamlamaq barəsində verdiyi sözü tutması bu sözə sədaqəti olub. Və bu sözü tutmadakı fədakarlığı. Sona xanımın güvənini sındırmaması. Bəli günümüz insanların çox vaxt əhəmiyyət vernədiyi, dostluqlarda ailələrdə ehtiyac duyulan güvən hissi. Amma rəhmətlik Çərkəz müəllim əhdinə vəfalı olub hər sözündə. Sözün əsil mənasında ömür gün yoldaşı olub.
Ona görədir ki, bu sevda dastanını dinləyərkən göz yaşlarını tutmaq olmur. Tez tez gözləri bulud kimi dolub boşalan anasına həsrət qalmış onun üçün darıxmış uşaq məsuməyyəti ilə dolmuş gözlərini silən Sona xanım bir anlıq sözünə ara verib, yanımızda oturan fotoqraf xanıma: " cann qızım o gözəl gözlərin yaşla dolmasın. Siz qəm kədər ayrılıq görməyin hələ cavansınız" deyir bir ana qayğıkeşliyi ilə. Tez tez qəhərlənsəm, gözlərim dolsa da Sona xanımı can qulağı ilə və çox heyranlıq duyğusu fərəhlə dinləyirdim. Qarşımda kitablardan oxuduğum, üzünü görmədiyim bir yazarın sevgi romanının qadın qəhrəmanı deyil, necə deyərlər canlı qanlı həm də öz gerçək sevgi tarixini öz dilindən eşitdiyim əsil Azərbaycan qadını oturmuşdu. Söhbət əsnasında vaxtsız itirdiyi qardaşının da həyatına qısa toxunan Sona xanım, bir də bir bacı kimi qardaş itirməyin verdiyi acını, yası gözü yaşlı danışdı. Prokurorluq orqanlarında vəzifə daşıyan qardaşı Füzulinin həyatındakı yerini, Çərkəz müəllimin vəfatından sonra onu bir an belə tək qoymamasını həm bir bacı fərəhi qüruru ilə, həm də, qardaşına bağlı bacı fəryadı ilə dilə gətirdi. Azəebaycan qızlarının qardaş sevgisi bir başqa olur. Qardaşım Füzuli məndən kiçik olsa da mənə, mənim balalarıma ata əvəzi oldu dedi Sona xanım yenə səsində min bir hüzün, bir dünya kədərlə. Ailəcək keçirdiyimiz maşın ağır maşın qəzasında Çərkəzi itirsək də qardaşım Füzuli Allahın köməyi ilə ən savadlı həkimlərin sayəsində oğlumu yenidən həyata qaytardı. Mənim yenidən həyata bağlanmağına böyük dəstək oldu. Ama neyləyim ki, həyatın amansız imtahanı buraxmadı yaxamı, ölümün əlləri onu da çəkib aldı məndən. Həyatımdakı iki dəyərli insanı arxa arxaya itirmək məni dərindən sarsdı. (Yenə gözləri bulutlandı, bayırda yağış damlası torpağı, otaqda Sona xanımın göz yaşları yanaqlarını islatdı)
Söhbət əsnasında həyatının çətin kədərli günlərində onu tək qoymayan, yanında olan mənəvi dəstək olan qayğı sevgi göstərən vəfalı dostlarının, yaxınlarının, müəllim və ziyalı kollektivin, başda onu dərindən anlayan uğurlarına sevinən kafedra müdiri professor Ədibə Paşayeva olmaqla, hər birini böyük bir məmnuniyyət hissi ilə vurğuladı.
Təəssüf ki, zaman bizə güzəştə getmədi və Sona xanım başqa bir yerə getməli olduğu üçün təəssüflə ama yenidən görüşmək ümidi ilə Sona xanımla sağollaşmalı olduq. On beş kitab müəllifi olan dəyərli ziyalı xanımımız, mərhum həyat yoldaşının adını təxəllüs olaraq götürən Sona Çərkəz son nəşr olunmuş, " Sözdür mənim sirdaşım" adlı yeni kitabını imzalayaraq təqdim etdi. Yeni görüş ümidi ilə
Məleykə Aslanzadə
Djb.az saytı baş redaktor