Eltun Türkel (Bağırov Eltun Bağır o ) 1985-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 24 saylı orta məktəbi bitirib. 2017-ci ildən mütamadi şəkildə şeirləri dövrü mətbuatda dərc olunur.
Poeziya dünyasına "YANAN XATİRƏLƏR" kitabıyla uğurla qədəm qoymuş gənc şair Eltun Türkelin bu kitabı oxucularla ilk görüşüdür. "YANAN XATİRƏLƏR" adlanan bu poeziya toplumunda şairin saf ürəyinin qanı ilə yoğrulmuş ən ülvi, çılğın hissləri qeyri-adi lirik ricətlərlə, oxucuya təqdim olunur. Kitabda şairin kövrək, həzin qəlb dünyasına uyğun olan pak, təmiz məhəbbətin, varlığından uca tutduğu sevgili Vətəninin, səadət, ləyaqət, dostluq, ümumiyyətlə narahat bir yazarın könlündən hayqıran humanist hisslərin tərənnümü əsas yer tutur. Dəyərli şairimizin bu şeirlər kitabının da həssas oxucu kütləsinin qəlbinə yol tapacağına, seviləcəyinə ümid edirik!
SƏN MƏNLİ GÜNLƏRİN GÖRÜŞÜNƏ GƏL
Ulduzlar səmada dolaşan zaman,
Sular pıçıltıyla danışan zaman.
Meh əsib çiçəklər qovuşan zaman.
Sən mənli günlərin görüşünə gəl.
Payızın sonunu yaz görsən əgər,
Hicranın ömrünü az görsən əgər,
Sən və mən sözündə biz görsən əgər,
Sən mənli günlərin görüşünə gəl.
Közərən xatirə külə düşməmiş,
Həsrətin yağışı selə düşməmiş.
Payızda son yarpaq yelə düşməmiş,
Sən mənli günlərin görüşünə gəl.
Bir kəlmə səmimi sözünü gətir,
Qəlbinin odunu, közünü gətir,
Özünün içindən özünü gətir,
Sən mənli günlərin görüşünə gəl.
SEVGİMİZ
Könül dünyamıza işıq saçardı,
Günəşlə qol-boyun, çıxan sevgimiz.
Nurlu sabahları gecəyə döndü,
Oldu qaranlıqdan baxan sevgimiz.
Eşqin səmasında hədd tanımazdı.
Kədər tanımazdı, dərd tanımazdı.
Bəndləri yıxardı, sədd tanımazdı,
Çaylartək çağlayıb, axan sevgimiz.
Hicranı özünə qul eləyərdi,
Solmuş bir qönçəni gül eləyərdi,
Həsrəti yandırıb, kül eləyərdi,
Bir vaxt şimşək olub çaxan sevgimiz.
Daha xatirələr olub yar bizə,
Vüsal yox, yazılıb intizar bizə.
Çətin ki, əl edib qayıdar bizə,
Gedişi bizləri yıxan sevgimiz.
AY QOCALIQ GÖRÜŞÜNƏ GƏLİRƏM
Yollarında göz nurumu itirib,
Gəncliyimdən xatirələr gətirib.
Vədə çatıb, ələ çəlik götürüb,
Ay qocalıq, görüşünə gəlirəm.
Rəngi solmuş, qırış tutan üzümlə,
Taqətsizcə, tir-tir əsən dizimlə,
Heç kim gəlmir, təkcə özüm özümlə,
Ay qocalıq, görüşünə gəlirəm.
Günlərimi bircə-bircə sayıram,
Cavanlığı ötən gündə qoyuram.
Yaxındayam, hənirtini duyuram,
Ay qocalıq, görüşünə gəlirəm.
Xəzan olub gül-çiçəkli baharım,
Quruyubdur budaq üstə nübarım.
Vağzalına çatıb ömür qatarım,
Ay qocalıq, görüşünə gəlirəm.
Aç qapını, aç, qalmaram əbədi,
Desən ki, sus, səs salmaram əbədi,
Qorxma sənə yük olmaram əbədi,
Ay qocalıq, görüşünə gəlirəm.
ŞAİR QOCALMIR
Ömrünü kəssə də yazmaq əzabı,
Ruhu cavan qalır, şair qocalmır.
Hər sözdən açılır üzünə qapı,
Göylərə ucalır, şair qocalmır.
Çəkilir içindən söz dünyasına,
Yalanlar içindən düz dünyasına.
Dünyalar içindən öz dünyasına,
Təzə cığır salır, şair qocalmır.
Könlü bağbanıdır arzu, diləyin,
Xəyal aləmində tapır mələyin.
Bəzən suyun səsi, bəzən küləyin,
Dərdindən bac alır, şair qocalmır.
ÜÇ GÜNLÜK ÖMÜR
Deyirlər ki, insan ömrü üç gündür:-
Birinci gün ərk edirsən.
Ikinci gün dərk edirsən.
Üçüncü gün tərk edirsən.
Birinci gün uşaqlığım:-
Ərk edirdim tellərimə,
Sığal çəkən hər bir kəsə.
Ağlayardım tez küsərdim,
Atam-anam, nənəm-babam,
Acıqlanıb bir söz desə.
Birinci gün hiss etmədim,
Nur içində zülmətini.
Ikinci gün dərk elədim,
Bu dünyanın hikmətini.
Bilə-bilə, qana-qana,
Gəncliyimi vurdum başa.
Öz odumda yana-yana,
Gəlib çatdım ahıl yaşa.
Budur artıq əl çatmazdı,
Ərk etməyim, dərk etməyim.
Bircə qalıb üçüncü gün,
Bu dünyanı tərk etməyim.
Oxunub: 1 421