Əliyeva Ulduzə Salman qızı 1953-cü ildə Ağdam rayonunda dünyaya gəlmişdir. Ulduzə xanım Xanlar Əliyevlə ailə həyatı quraraq Xocalıya köçmüşdür. Burada çox çətinliklərlə özlərinə ev tikmiş, yuva qurmuşlar. Bu kasıb ailədə bir-birinin ardınca aralarında bir, yaxud iki yaş fərqi ilə altı övlad dünyaya gəlir. İki qız, dörd oğul övladını Allah pay verir. Sadə fəhlə ailəsində xoşbəxt yaşamağa davam edirlər. Ulduzə xanım evdar xanım, Xanlar bəy isə fəhlə idi. Ailənin böyük övladı Əliyev Arif idi. Arif uşaqlıqdan sakit, sözəbaxan bir övlad olmuşdur. 1977-1987-ci illərdə Xocalı orta məktəbində təhsil almışdır. Orta məktəbdə oxuyarkən nümunəvi şagird kimi hər zaman hamının hörmətini qazanmışdır. Arif orta məktəbdə oxuduğu zamanlardan xasiyyətinə görə çox fərqli idi. Bu zamanlarda atası ailəsini tərk edərək Rusiyaya getmişdir. Arada-sırada onlara baş çəkməsi də onun xarakterinin formalaşmasında dərin iz qoyur. Çox ciddi xasiyyəti, ağır təbiəti ilə öz yaşıdlarından fərqlənir. O, çox gənc yaşında olduğu yaşından dəfələrlə artıq böyümüşdü. Arif həm dərsə gedir, həm də evdə anasına köməklik edir. Çox ailəcanlı, qeyrətli, işgüzar bir oğul idi. Anası Ulduzə xanım onun məsləhəti olmadan heç bir iş görmürdü. Çox yaxşı oxuyan, savadlı bir şagird bütün müəllimlərinin sevimlisi idi. Arif hər dəfə anasına deyərdi;-”ana, oxuyub böyük adam olacam, səni yaxşı yaşadacam, sən mənimlə qürur duyacaqsan”. Anası isə fəxrlə baxıb sevinərdi, oğlunu bağrına sıxardı;-“hə balam, mən sənə ürəkdən inanıram”-deyərək kövrəlirdi.
1987-ci ildə orta məktəbi bitirib 1988-ci ildə Xabarovsk vilayətində hərbi xidmətə yollanır. 1990-cı ildə xidmətini başa vurub Xocalıya dönür. 1991-ci ildə polis olmaq arzusu ilə kursa yazılır. Burada da öz bacarığı və çalışqanlığı ilə seçilərək fəxri fərmanla təltif olunur. Kursu bitirdikdən sonra öz işinə məsuliyyətli yanaşan, aktiv, fəal əsgər kimi onu işə qəbul edirlər. Xocalıda çalışmağa başlayır Arif. Onun işlədiyi müddətdə artıq müharibənin qığılcımları başlayırdı. Arif Əliyev Əlif Hacıyevlə bərabər vətənin dar məqamında çiyin-çiyinə verib göndərildikləri bütün əməliyyatları uğurla yerinə yetirirlər. Arif hələ əsgər getməmişdən öncə kənddən bir qız bəyənmişdi. O, həmin qızı hərbi xidmətə gedəndə öz anası Ulduzə xanıma və anası qədər sevdiyi kiçik bacısı Səbinəyə əmanət qoyub getmişdi. Təəssüf ki, o geri dönəndə sevdiyi xanım başqası ilə ailə həyatı qurmuşdu. Həyatında çox hadisələrə rast gələrək qalib çıxan sözübütöv igid bu dərdə də qatlanır. Bundan sonra susan ürəyi heç kimsəyə alışmır. Bütün sevgisini, fikrini işinə yönəldir.
Arifin polis nəfəri işlədiyi müddətdə yaşadığı əraziyə erməni hərbi birləşmələri tərəfindən tez-tez raketlər atılır. O, geri qayıdaraq qardaşını, anasını və bacılarını Ağdama aparır. Ailəsi getmək istəmir. Öz doğma evini, torpağını tərk etmək heç də asan məsələ deyildi. Həm də Xocalı camaatı gedən insanları qınayırdı, onlara qorxaq kimi baxırdı. Arifin son sözləri, həm də qətiyyətlə dediyi bu sözlər ailəni məcbur edir ki, yaşadıqları doğma torpaqlarını tərk etsinlər. Erməni vəhşiliklərini gözləri ilə görən, əsir düşən ana və bacıların başına gələn o iyrənc, dəhşətli hadisələrə şahid olan bu cəsur gənc deyirdi:”sonuncu vertalyotla sizi yola salacam Ağdama. Yox əgər bu son fürsəti əlinizdən versəniz mən özüm sizləri, xüsusən də qızları öz əlimlə öldürəcəm, sonda isə özümü”-deyirdi. O zaman ailə vəziyyətin nə qədər ciddi olduğunu anladı. Gələn birinci vertalyota minmək mümkün olmadı. Şəhər camaatı artıq quru yolla əlaqəni itirmişdi. Xocalı hər tərəfdən tutulmuşdu, mühasirədə idi. Ona görə də, əhaliyə yemək daşımaq üçün son aylarda vertalyotlardan istifadə olunurdu. Maşın yolundan istifadə etmək ölümə getmək demək idi. 1992-ci ilin fevral ayında vəziyyət daha da gərginləşmişdi. Gün ərzində yalnız üç dəfə gəlirdi vertalyot. Ərzağı camaata paylayıb geri qayıdanda camaatdan kim istəyirdisə, Ağdama və başqa yerlərə gedirdilər. Arif yaxşı bilirdi ki ermənilər Xocalıya girsə nələr baş verəcək. O hər şeyi çox gözəl görürdü. Ona görə də ailəsi onun sözünü dinləməyib, camaatın etirazına qulaq assaydı Arif məcbur qalıb əlləri ilə onları güllələyəcəkdi. O, qatil olmağı seçərdi, amma ana və bacılarının erməniyə əsir düşməyinə vicdanı, qeyrəti heç zaman yol verməzdi. “Çaylaq” adlanan yer yaxın idi Arifgilə. Hələ uzaqdan vertalyotun səsini eşidən kimi kənd camaatı oraya axın edirdi, son ümüd yeri bilirdi o vertalyotu. İnsanlar ucu-bucağı görünməyən növbəylə, sıralara dayanırdı. Hay-küylə özlərini cəmi on, on beş nəfər adam yerləşdirən bu vertalyot millətin son çıxış, ölümdən yeganə qurtuluş yolu idi. “Çaylaq”da yaşanan o həyəcanlı, qorxulu anları sözlə çatdırmaq qeyri-mümkündür. Arifin bacısı Səbinə o dəhşətləri yaşayaraq deyirdi ki, adam elə istəyir bu “Çaylaq”da ölsün. Sonuncu vertalyot gəlmişdi. Arif öz ailə üzvlərini min zülmlə vertalyotun pəncərəsindən basa-basa içəri salmağa nail oldu. Onları Ağdama yola salır Arif qohumlarının yanına. Xocalıda isə özü və altı yaşından əlil olan kiçik qardaşı qalır. Arif çox qəhrəman, öz işini çox dərindən bilən, bütün fəndlərdən istifadə edib döyüşdə özünü qorumağı bacaran bir insan idi. Onu hamıdan yaxşı anası tanıyırdı. Amma buna baxmayaraq, yenə də ana ürəyi daim nigarançılıqla dolu idi. O hər gün ağlayaraq oğlu və digər igidlər üçün dua edirdi. Ulduzə ana bu əzablı nigarançılıqdan xəstəlik tapır. Arif də öz növbəsində hər fürsətdə ailəsi ilə əlaqə saxlayaraq, onun üçün narahat olmamasını bildirirdi. Amma bu müharibə idi. Hər an hər şey ola bilərdi. 1992-ci il fevralın 22-i idi. Arif evə zəng edir.Hər kəsə narahat olmamağı tapşırır, bacısına: “anamdan muğayaq ol”-deyir son nəsihətində. Bu əlaqə son əlaqə olur; “anamı ağlamağa qoyma, inşaallah sağ-salamat gələcəm”-deyir. Bacısı Səbinə ona:“qardaş, deyirlər orada vəziyyət daha da gərginləşib”-deyirdi, Arif onu sakitləşdirmək üçün bunları deyir: “bac, hər əvvəlki kimidir, nigaran olmayın güllə atırlar dayanırlar”
Bu danışıqdan iki-üç gün sonra “Xocalı dəhşəti”nin xəbəri yayılır. Amma bu xəbər milləti təşvişə salmamaq üçün faciəvi şəkildə deyilmir. Sadəcə üç-dörd nəfər yaralanan və ölənlər var deyilir. Yaralılar Ağdamdan xəstəxanaya, ölənlər isə Ağdam məscidinə aparılırdı. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecənin dəhşətini gözlə görmək üçün ancaq böyük iradəyə sahib olmaq lazım idi. O gün Arifin ailəsi də bu xəbəri eşitcək Ağdam xəstəxanasına gəlirlər. Burada gördükləri mənzərə onları dəhşətə gətirir. Yaralılar, ölənlər əlindən iynə atsan yerə düşməzdi. Millət axışıb gəlirdi, Xocalıda qırılanları gətirirdilər. Çox dəhşətli gün idi. 25-dən 26-na keçən gün Arifin ailəsi də digər ailələr kimi ümidlə xəstəxanaya gəlir. Burada Arifi tapa bilmirlər. Üz tuturlar Ağdam məscidinə.Və altı gün gecə-gündüz onu sağ-salamat gözləyirlər. Bir bacı üçün ən böyük dəhşət qardaşının cəsədini axtarmaqdır cəsədlərin içindən. On altı yaşlı bir kiçik qızın qardaşını axtarması çox ürəkağrıdan bir faciədir.Yaşının bu zamanında Səbinə birdən-birə xeyli yaşa dolub qocalmışdı. Qorxmadan, üşənmədən meyidləri çevirib onlara baxmaq, ilahi nə dəhşətli andır. Allaha yalvararaq deyirdi ki, allahım, mənim qardaşımın meyidi buradan çıxmasın, qardaşım yetər ki, sağ olsun. Hansı zaman olursa olsun dönsün yanımıza. Amma ölməsin. Mart ayının 2-i Səbinə yenidən məscidə gəlir. Xəbərsiz gəlir bu dəfə. Yenidən meyidlərə baxır. Bu zaman ən dəhşətli olan hadisəni-qardaşının arxası üstə uzanan, əbədi yuxuya gedən cəsədini görür. Arxası üstə olan qardaşı sanki, dərin bir yuxuya gedib və Səbinə ona toxunarsa, çağırarsa ayılacaq kimi yatıb. Döyüşdə yaralanan barmağını bintlə sarımışdılar. Həmin bint o şəhid olarkən də barmağında idi. Arif əslində sağ qala bilərdi. Amma özü bu şəhidlik yolunu seçdi. Onu tanıyan, son dəfə sərhəddə görən hər kəs Arifin vətən yolunda, ana yolunda bacı yolunda şəhid olmasından danışırdı. O, sərhəddə hər kəsə yardım edib keçirir, sonra isə geri qayıdıb qalan köməksiz əhalini sərhədə gətirirdi. Artıq ölümü çoxdan gözə almışdı. Bilirdi ki, ona ehtiyacı olan insanları xilas etməsə ömür boyu özünü bağışlaya bilməyəcək, min dəfə ölüb diriləcəkdi bu vicdan əzabından. O nə üçün, kim üçün öləcəyini, ölümünün adi olmayacağını da bilirdi. Ən müqəddəs amal uğrunda döyüşürdü. Və ən böyük qələbəni də şəhid olmaqla qazandı. Arif dostluqda da çox möhkəm insan idi. Onun yaxın dostlarından biri olan “Xocalı Soyqrımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu Arif haqqında gözəl fikirlərini, tarixə bərabər olan o günləri xatırladı:-“1990-cı ilin yazında Xocalının çətin günlərində könüllü olaraq Xocalıya getdim. Xocalı əhalisi ilə qaynayıb qarışdım. Və orada Ulduzə xanım Əliyeva və onun ailəsi ilə tanış oldum, Ulduzənin həyat yoldaşı Xanlar bəy Rusiyada yaşayırdı. Ulduzə xala o zaman Ağdamda işləyirdi. Yol gedib gəlmək çox çətin idi. Ulduzə xalanın altı övladından biri də böyük oğlu Arif Əliyev idi. Arif Rusiyada hərbi xidmət keçmişdi. Keçmiş SSR-də xidmət göstərmişdi. O, həm də polis idi. Xocalı hava limanının polislərindən biri idi. Və bütün günü Əlif Hacıyevin rəhbərlik etdiyi hava limanında xidmət eləyirdi. Mən Ariflə çox yaxşı münasibətdə idim. Arifin o biri qardaşı Avtandillə gözəl münasibətdə idim. Arif təəssüflər olsun ki, 1992-ci il fevralın 25-dən 26-na Xocalı Soyqrımı zamanı Arif qəhrəmancasına şəhid oldu. Arif çox qəhrəman oğul idi. Mən o ailə haqqında hər zaman yüksək fikirdə olmuşam. O ailənin üzvləri mənim doğmalarımdır. Və Arif Əliyev kimi oğul, qəhrəman dünyaya gətirən ana özü bir qəhrəman idi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin.”
Düşmənin atdığı güllə Arifin kürəyindən dəymişdi. Onun yarasını gözləri ilə görən anası Ulduzə xanım hadisəni unuda bilməmişdi. Hər an təkrar-təkrar yaşayırdı o anı.
1992-ci il Xocalı faciəsində Naxçıvanın Əsgəran yolunu keçərkən rus-erməni ordu birləşmələri ilə döyüşdə qəhrəmancasına həlak oldu. Arif subay idi. Ondan bir nişanə qalan misgilli anasının və bacılarının ürəyinə təsəlli olacaq bir yadigar balası olmadı. Onun məzarı Ağdam şəhərində məşhur Abidə Şəhidlər Xiyabanı”dadır. 25 fevral 1997-ci ildə onu ölümündən sonra “igidliyə görə” medalı ilə təltif etdilər.
Üstündən illər keçib. Amma, oğul dərdi köhnəlmirdi ana üçün. Ulduzə ana onun cibindən çıxan güzgü və darağını və başqa əşyalarını hələ də qoruyub saxlayırdı ən müqəddəs əşya kimi. Gecə yatarkən başının altına qoyurdu. O ana özü də can üstə idi. Arzusu ürəyində nakam qaldı. Ana Xocalının alınmasını, oğlunun əli dəyən, ayağı toxunan hər daşa müqəddəs abidə kimi toxunub oğlunun ətrini almaq istəyirdi. Heç olmasa ömründə bir gün də arzusuna çatmaq istəyirdi.
Bu günlərdə Xocalı şəhidi, "İgidliyə görə" medalına layiq görülmüş Arif Əliyevin anası Ulduzə xanım dünyasın dəyişdi.Ana arzu etmişdi ki, Xocalı düşmən tapdağından azad edilsin,doğma kəndimə ayaqyalın-başıaçıq gedəcəyəm.Şəhid anasının arzusu ürəyində qaldı...
Şamil Sabiroğlu,
Atlaz Rzayi,
""fact-info.az və "xebertv.az" saytlarının xüsusi müxbirləri.