dini radikalizm və ekstremizmlə mübarizə

“Ömür gözləsə, gözlərəm...”

“Ömür gözləsə, gözlərəm...”
Hacı Seyid Mir Taha ağa bu gəlimli-gedimli, son ucu ölümlü dünyaya “əlvida” dedi. Taleyi, tərcümeyi halı, ömür yolu, nəsli-nəcabəti, əsrlərin o üzündən boy verən şəcərəsiylə qaya üstə bitmiş minillik palıd ağacına bənzəyirdi, o...
Qanadları altında yüzlərlə pöhrələr boy atmış, ormanlığa, meşəliyə çevrilmiş, çiynində quşlar yuva qurmuş, kölgəsində bulaqlar çağlamışdı.
Dördüncü İmam Zeynülabdin Səccad Əleyhissəlamın nəslindən olan Hacı Seyid Mir Taha ağa bir elin dərd heykəli, bir bölgənin and yeri, tanınmış din xadimi, hər bir kəsə nümunə olan, adı böyük hərflərlə yazılacaq İNSAN idi.
Mir Taha ağanın xeyir-duasıyla neçə-neçə cavanlar xoşbəxt olmuşdu. Qapısını son ümid yeri kimi döyən neçə-neçə insanın qəlbində, gözündə-könlündə işıq yanmışdı.
Hacı Mir Taha ağa (Hacı Seyid Mir Taha Mir Sahib oğlu Mirzəkiyev) 1934-cü ildə (bəzi məlumatlara görə 1927-ci ildə) Yardımlı rayonunun Perinbel (Xəlifən) kəndində doğulmuşdu.
Mir Taha ağa! Valideynlərinin körpəyə qoyduqları bu ad sanki gözmuncuğuydu, onu yaman gözdən, bəd nəzərdən qoruyacaqdı. Amma yox, bu ad Allaha-Ulu Yaradana əmanət qoyub getdikləri körpələrinin keçib gedəcəyi yolda azmaması üçün iynənin gözündən keçən işıq idi. Mir Taha ağa ömrü boyu İsgəndər dirilik suyunu axtardığı kimi bu işığın dalınca gedəcəkdi. O işıq Tanrı işığıydı. O işıq şərin, zülmün, qaranlığın bağrını yaran, onu parçalayan, ilim-ilim itirən Həzrət Əli qılıncı idi. Dili söz, ayağı yer tutandan ta ömrünün son gününədək qəlbi Allah eşqiylə döyünmüşdü. Bismillah dilinin nidası, Əlhəmdülillah nöqtəsi olmuşdu.
Quran ayələrindəki hər bir sözün, hətta hərfin, enerjisini, təlqin gücünü, mənasını məclisdəkilərə Mir Taha ağa qədər aydın çatdıran tək-tək din xadimi vardı.
İnsan doğulandan ta qəbir evinəcən öyrənməlidir. Bu sözlər islam dininin böyük təbliğatçısı Hacı Seyyid Mir Taha ağanın tələbələrinə etdiyi ən birinci tövsiyyəsi idi.
Ağanın mənəvi zənginliyi həm də müəllimi, ustadı, məşhur din xadimi axund molla Hüseyndən gəlirdi. Cənnəti bu dünyada qazanan, haqq dünyasına, tanrı dərgahına alnı açıq, üzü ağ gedən Hacı Seyid Mir Taha ağa ədəb, əxlaq nümunəsi, bu günümüzlə dünənimiz arasında körpü idi.
Ağanın ağsaqqal nüfuzu, oturuşu-duruşu, yüksək əxlaqi keyfiyyətləri, danışığının çəkisi, lətafəti, dinləmək, qulaq asmaq mədəniyyəti, qısa, lakonik, mənalı-məzmunlu söhbətləri, dini-mənəvi dəyərlərimizi təbliğ edən şirin mükalimələri, öyüd nəsihətləri, xeyir-duaları bu dünyada qaldı. Gedən cismi, qalansa unudulmaz xatirələri oldu.
Ustadımız rəhmətlik Əli fəhmi deyirdi ki, insanlar üç yerə bölünür: Kərğida, kərdəra, kərmərəz.
Birinci qism insanlar bizə mənəvi qida verir, onlar insanlığa hava və su kimi gərəkdilər. Onlardan doymaq olmur, hər yerdə gözün-könlün onları axtarır. İkincilər arada bir gərək olur. Üçüncülər isə mərəzdi, cəmiyyətin bağrında xərçəng yarasıdır.
Bəli, Hacı Seyid Mir Taha ağa birinci qism insanlardan idi. Sözü-söhbətiylə, xeyir-duasıyala, gözəl aurasıyla məclislər yaraşığıydı, böyük ustad, görkəmli din xadimi, bənzərsiz ata, sevimli baba idi.
Bu gün Mir Taha ağa ocağının işığının daha gur yanmasından ötrü, zaman-zaman o məktəbi keçib, haqq-ədalət carçısı olan Ağamzın yolunu şərəf və şərafətlə davam etdirən imanlı, mömün övladları, nəvə-nəticələri vardır. Hüzr məclisindəki ardı-arası kəsilmək bilməyən insan selinin, minlərlə soydaşımızın ağa ocağa başsağlığına təşrifi bir daha o müqəddəs insana- Mir Taha ağaya bitməyən el-oba sevgisinin, inamının təzahürü idi.
Haqqında yazdığım kitabın işıq üzü görməsini həsrətlə gözləyirdi. Bir az gözlə, ağa, demişdim ona. Eynən Hüseyn Arif kimi cavab vermişdi:
-Ömür gözləsə, gözlərəm.
Heyf ömür vəfa etmədi, heyf...

Zülfüqar ŞAHSEVƏNLİ,
şair, publisist

Oxunub: 1 125
Oxşar xəbərlər
SON XƏBƏRLƏR