dini radikalizm və ekstremizmlə mübarizə

“XOCALIYA ƏDALƏT”

“XOCALIYA ƏDALƏT”
QHT-LƏR BIRGƏ BƏYANAT İMZALAYIBLAR

2018-ci il fevralın 26-da Azərbaycanda Atatürk Mərkəzində “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində Azərbaycanın tanınmış QHT-lərindən – Xocalı soyqırımını tanıtma İB, Türk Dünyası İnfo İB, Borçalı İB, Azərbaycan Vətən müharibəsi veteranları İB, Qafqaz media İB, Dinc dünya İB, Müasir İnkişaf İB, Jurnalist araşdırmaları Mərkəzi İB, Ortaq Dəyərlər İB, Azərbaycan Qaçqınlar Cəmiyyəti İB, Müvəkkil Hüquq Mərkəzi, Türkiyə Unuversitetləri Məzunları İB, Azərbaycan Yazarlar Klubu İB, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nin təşəbbüsü ilə Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib.
Atatürk Mərkəzinin müdiri millət vəkili, akademik Nizami Cəfərov 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya dövlətləri tərəfindən soyqırım faktının tanınması ilə bağlı çox böyük işlər görüldüyünü vurğulayıb.
Millət vəkili N.Cəfərov beynəlxalq təşkilatların diqqətini soyqırımı törədənlərin cinayətlərinə cəlb etməklə onların beynəlxalq tribunal qarşısında cavab vermələrini tələb edən QHT-lərin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Tədbirin aparıcısı, yazıçı-publisist, Borçalı İctimai Birliyinin sədri Şərif Kərimli ermənilərin törətdikləri vəhşiliklər barədə danışaraq, XVIII əsrdən başlanan erməni terrorizmi barədə maraqlı faktlar səsləndirmiş və Prezident İlham Əliyevin İrəvan xanlığını qaytarmaq barədə fikirlərinə cavab olaraq Gürcüstanın Borçalı bölgəsinin böyük bir hissəsinin də erməni əsarəti altında olduğunu xatırlatmışdır.
Tədbirdə QHT rəhbərlərindən Çingiz Bayramov, Dəyanət Osmanlı, Elçin Hüseynbəyli, Səməd Vəkilov, Əlisəfa Mehdiyev, Hacı Azadə-Taleh Abbasqızı, Şamil Sabiroğlu, Radə Abbas, 1992-ci ildə Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev, Xocalı sakini, ailəsindən 5 nəfər şəhid vermiş Fitat Məmmədova, Kərkükdən, Türkiyədən gələn qonaqlar, tanınmış jurnalistlər, yazıçılar və digərləri çıxış ediblər. Bildirilib ki, erməni təçavüzü nəticəsində itirilmiş torpaqlarımızı geri alanadək və Ermənistan kimi terrorçu dövlətin cinayətkar rəhbərlərinin ədalət məhkəməsində dayanacaqları günədək Xocalıya ədalət uğrunda mübarizə beynəlxalq müstəvidə davam etdirilməlidir.
İraqdan-Kərkükdən Doktor Farrux Köprülü,Sirvan Uzusaçlı ,Eyup Kərküklü çıxış edərək,Xocalıya aid şeirlərini oxudular.
Tədbirin sonunda “Xocaliya ədalət” beynəlxalq kampaniyasina dəstək olaraq qeyri-hökumət təşkilatları birgə bəyanat imzalayıblar.

“XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASINA DƏSTƏK OLARAQ
AZƏRBAYCANIN QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ BIRGƏ

B Ə Y A N A T I


2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması və faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunub, kitablar nəşr edilib, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi 10-dan çox dövlət və beynəlxalq təşkilat, o cümlədən ABŞ-ın 20-dən çox ştatı tərəfindən tanınıb.
Lakin təəssüflə qeyd etməliyik ki, bu cinayətin təşkilatçıları və icraçıları hələ də ədalət məhkəməsində törətdikləri vəhşiliklərin hesabını verməyiblər. Konkret olaraq deməliyik: təşkilatçılar da, icraçılar da məlumdur. Bu, sovet Rusiyasının 1992-ci ildə Dağlıq Qarabağda dislokasiya olunmuş 366-cı motoatıcı alayının komandirləri, onların Moskvada oturan rəhbərləri və Ermənistanın sabiq və indiki prezidentləri Koçaryan – Sərkisyan cinayətkar qruplaşmasıdır.
Dünya kifayət qədər bu cinayət hadisəsi ilə tanışdır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu cinayətin bir soyqırım aktı olduğu da artıq dünyaya anladılıb. İndi əsas məqsədimiz bu cinayətin günahkarlarının cəzalandırılmasıdır. Bütün türk dünyasının bu məsələdə yekdilliyinə nail olub beynəlxalq məhkəmədə cinayətin mühakiməsinə nail olmalıyıq.
Burada söhbət bir ovuc erməninin cəzalandırılmasından getmir. Dünyanı idarə etmək ambisiyasında olan qüvvələr yaxşı bilirlər ki, Azərbaycan torpaqları hesabına özünə marionet dövlət yaradan və beynəlxalq aləmi timsah göz yaşları ilə çaşdıran bu terrorçu qüvvələrin bircə əməlinin ifşası kifayətdir ki, onların bütün cinayətlərinin əsas məqsədi tam çılpaqlığı ilə üzə çıxsın. Bizim bu gün əsas hədəfimiz məhz bu olmalıdır!
Bəzən deyirlər ki, biz azərbaycanlılar unutqan xalqıq, düşmənimizi tez bağışlayırıq. Bu heç də belə deyil. Sadəcə, biz ürəyigeniş xalqıq, xırda hisslər bizə yaddır. Ermənilər heç də unutmasınlar ki, biz onların cinayətlərini yaddan çıxaracağıq. Cinayətkarlar mütləq törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar!
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Bu, üç mərhələdə aparılıb:
Birinci mərhələ – 1905-1920-ci illər
İkinci mərhələ – 1948-1953-ci illər
Üçüncü mərhələ – 1988-1992-ci illər
Bu proseslər zamanı ermənilər 30 minə yaхın evi dağıdıb və yandırıb, 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Buradakı qəbiristanlıqlar, tariхi mədəni abidələr, dini müəssisələr, məktəb, хəstəхana və digər binalar darmadağın edilib.

Bəşər tarixində analoqu olmayan ikicə faktı xatırlatmaq kifayətdir ki, erməni xislətinin anatomiyasını dərk edə biləsən.

1. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həlak oldu. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı idi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdikləri ssenarinin əsas rəhbəri iki dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan olduğu halda azərbaycanlı Əhməd Əhmədov güllələndi.

2. 7 dekabr 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş verən zəlzələ ilə əlaqədar bir qonşu kimi yardım aparan 78 nəfər azərbaycanlı xilasedicinin olduğu “İl-76” təyyarəsi Ermənistan səmasında qəzaya uğradıldı.

1813-cü ildə təxminən 410 min kv.km əraziyə malik olan Azərbaycan İran və Rusiyanın işğalından sonra təxminən 130 min kv.km əraziyə sıxışdırıldı. 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı (sahəsi 9 min kv.km), Rusiya əsarəti altındakı Dərbənd xanlığı (sahəsi təxminən 7 min kv.km) Azərbaycandan qoparıldıqdan sonra 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi təxminən 114 min kv.km qaldı. SSRİ tərkibində qaldığımız illərdə Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican kimi qədim torpaqlarımızı itirdik və 1991-ci ildə Azərbaycan ərazisi artıq 86,6 min kv.km-ə qədər azaldı. Qarabağ savaşı başlayandan isə artıq 13 300 kv.km ərazimiz işğal altındadır.
İtirdiyimiz bu qədər əraziləri, məruz qaldığımız yüzlərlə terror aktını unutmaq olarmı?!
Biz Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, ATƏT-in Minsk Qrupunun, eləcə də beynəlxalq hüquq təşkilatlarının diqqətini Ermənistan adlı dövlətin terrorçu hərəkətlərinə yönəltməyə çalışmaqla tələb edirik ki, silsilə cinayət aktları törətmiş dövlətin rəhbərlərinin hərəkətlərinə hüquqi və siyasi qiymət verilsin.

Bəyanatı imzaladılar:

Xocalı soyqırımını tanıtma İB, Türk Dünyası İnfo İB, Borçalı İB, Azərbaycan Vətən müharibəsi veteranları İB, Qafqaz media İB, Dinc dünya İB, Müasir İnkişaf İB, Jurnalist araşdırmaları Mərkəzi İB, Ortaq Dəyərlər İB, Azərbaycan Qaçqınlar cəmiyyəti İB, Müvəkkil Hüquq Mərkəzi, Türkiyə Unuversitetləri Məzunları İB, Azərbaycan Yazarlar Klubu İB (qafqazmedia.az)

“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”
“XOCALIYA ƏDALƏT”

Oxunub: 1 007
Oxşar xəbərlər
SON XƏBƏRLƏR