Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Mingəçevir şəhərinin igidləri də torpaq uğrunda canlarından keçdi,hərəsi bir qəhərəman oldu.Belə igidlərdən biri də torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş ,Aprel döyüşlərində 3 dostu ilə 17 erməni hərbiçisi məhv edən, igid vətən oğlu,şəhid Adil Adilzadədir. Kiçik çavuş Adil Adilzadə 2016 cı ilin Aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.17 erməni hərbiçisi məhv edən şəhidimizlə bacarmayan ermənilər onu snayperdən atəş acaraq qətlə yetirdilər.
Bu günlərdə şəhidin valideyinləri ilə elə oğullarının məzar başında Şəhidlər xiyabanında görüşdük.Ananın ağlamaqdan şişkin xəstə gözləri oğlunun vüqarla dayanmış şəkilinə zillənmişdi.Sanki o oğlu ilə danışırmış kimi ötən oğullu illərini xatırlayıb ona məruzə edirdi.Dərdli ana deyirdi:” Adil,sən axı evin tək oğlu idin. Sən gedən gündən atan və mən xəstə düşdük.Axı, sənin arzuların var idi.Ailə qurmalı idin.Öz halal zəhmətinlə həyətimizin başından evinin fundamentini də tökmüşdün.Balam özünə ev tikmək istəyirdi.Arzuları kimi evi də yarımçıq qaldı”.
Şəhidin anası Gülnarə xanımın dərdinə şərik olduq .Onunla söhbət zamanı aydın oldu ki,onlar hər gün bura, Şəhidlər xiyabanına gəlib oğullarını ziyarət edir,onun ruhuna duallar oxuyurlar. Bala,təsəllini burdan tapırıq dedi şəhid anası: “Oğlum özünə evi burda tikdi.Bəs mən bir ana kimi oğlumun evini ziyarətə gəlməyim? Qısa ömür yaşadı.23 yaşında şəhidlik zirvəsinə yüksəldi.Biz onu çox əzab,əziyyətlə böytmüşdük.Yaxşı yadımdadır, oğlum dünyaya gələndə qonum-qonşular göz aydınlığı verdilər ki,ay qız ,oğlun olub ,arxan,dayağın var.Bu gün fəxr edirəm ki,oğlum vətən uğrunda şəhid oldu”.
Ana dərdli gözlərini üzümüzə zilləyib “bala mənəvi dəstək istəyirəm”tək daxmanın altında qalmışıq dedi: “Gözlərimizi zilləyib qapıya baxırıq ki,kimsə qapımızı açacaq,dərdimizə şətik olacaq.Vallah nə gizlədim yoldaşım Kamran da mən də xəstəxanadan yeni çıxmışıq.Ev şəraitimiz acınacaqlı olduğundan ,nəmişlikdən əziyyət çəkirik.Saq olsun oğlumun dostları yenə onlar bizə dəstək olur.Yaşadığımız Günəşli bağ massivinə oğlumun adını verdilər.İstəmirəm ki,küçəmizdə oğlumun qaranlıq dünyası kimi qaranlıq olsun. Küçələrimiz qaranlıq zülmət içindədir. İşıqlanma sistemi yoxdur.Bir tərəfə gedəndə yenə saq olsunlar bu uşaqlar gəlib bizi aparır.Oğulsuz yaşamaq çətindir.Dərdini özgəyə bir dəfə deyirsən ikinci dəfə demək olmur”.
Şəhidin atası Kamran kişi deyir ki,oğlum olduğuna görə demirəm: “ 23 yaşı olmasına bamayaraq ailə canlı övlad idi.Vətənpərvər idi .Elə döyüşlərdə də 3 dostu Qabil,Cavid və oğlum ermənilərin 2 postunu almışdılar.Üçüncü postu alanda vurdular.Yaralanır ,yoldaşları onu evə göndərmək istəsələrdə gəlməyib.Biz ondan nigaran idik .Səsini eşitmək istəyirdik.Amma ..... hər üç dost şəhid oldu”.
Bizimlə həmsöhbət olan şəhidin dostu Elnur Qarayev bildirdi ki, Adil haqqında çoxlu sözlər yazmaq,danışmaq olar, burada qısaca demək istəyirəm ki, Adil qəhrəmanlıq göstərmişdir. Milli qəhrəman adına layiq şücaət göstərən Adil unudulmamalıdır. Adilin timsalında bütün şəhidlər, başda şəhid Mübariz olmaqla hər biri bizim qurur mənbəyimizdir. Şəhidlik elə bir zirvədir ki, o zirvəyə hər kəs yüksələ bilmir. Bu zirvəni fəth edənlərə isə fateh deyirlər. 23 illik qısa ömür sürən Adil, bu zirvəyə yüksəldiği üçün ailəsinin hər kəsin sevimlisinə çevrildi. Arzumuz budur ki, işğal altındaki torpaqlar azad olunsun, Şəhid Mübarizdən təsirlənən cəngavərlərimiz aprel döyüşlərində bunu sübut etdilər. Mən Adilin atası və anası qarşısında baş əyirəm, təşəkkür edirəm ki, belə bir övlad böyütdünüz. Son olaraq, ölməz qəhrəman, Vətən Qəhrəmanı Şəhid Adilimizi və digər şəhidlərimizi unutmayacağıq!
Esmira Hidayətova