dini radikalizm və ekstremizmlə mübarizə

Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL

Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli görüş beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın üç böyük gücünün liderlərinin eyni masa arxasında əyləşməsi qlobal təhlükəsizlik, Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və nüvə silahlarına nəzarət baxımından mühüm əhəmiyyət daşıya bilər. Bununla belə, tərəflərin fərqli geosiyasi maraqları və strateji prioritetləri danışıqlardan konkret nəticələrin əldə olunmasını çətinləşdirir. Bəs mümkün sammit beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilərmi? Çin hansı rolu oynamağa çalışacaq və danışıqlar Cənubi Qafqazın gələcəyinə necə təsir göstərə bilər? APA bu sualları əcnəbi ekspertlərlə müzakirə edib.

Üçtərəfli sammitin tarixi və geosiyasi əhəmiyyəti nədir?

ABŞ-ın Vaşinqton şəhərində fəaliyyət göstərən Qlobal Siyasət İnstitutunun prezidenti, Bay Atlantic Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər professoru Paolo fon Şirax bildirib ki, Rusiya, Çin və ABŞ liderlərinin ilk dəfə eyni görüşdə iştirak etməsi özlüyündə mühüm hadisədir.

US influence challenged by changing global order: Paolo von Schirach

Onun sözlərinə görə, Vaşinqton və Pekin arasında əvvəllər çoxsaylı yüksək səviyyəli görüşlər keçirilsə də, üç dövlət başçısının bir araya gəlməsi beynəlxalq ictimaiyyət üçün xüsusi maraq doğurur.

“Üç liderin görüşməsi beynəlxalq səviyyədə daha əlverişli atmosfer yarada, tərəflərin mövqelərində müəyyən çevikliyi təşviq edə və qarşılıqlı etimadsızlığı azalda bilər. Rusiya və Çin ABŞ-ı rəqib hesab edir, Vaşinqton da onlara eyni münasibəti göstərir. Lakin rəqabət mütləq müharibəyə gətirib çıxarmamalıdır”, – ekspert vurğulayıb.

P. fon Şirax hesab edir ki, sammitin ən mühüm nəticələrindən biri dövlətlər arasında yanlış anlaşılma və hərbi eskalasiya risklərinin azaldılması ola bilər.

Rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov isə görüşün tarixi əhəmiyyətinin şişirdilməsinin tərəfdarı deyil.

Yevgeni Mixaylov: Rusiya tarixən Ermənistanı dəstəkləyib - Oxu.az

“İndi çoxları bu görüşü müəyyən mənada yeni Yalta kimi təqdim edir. Amma bu, Yalta olmayacaq. Rusiyanın, ABŞ-ın və Çinin hərəsinin öz maraqları var”, – politoloq bildirib.

Onun fikrincə, Vaşinqton üçün əsas məqsəd Çinlə rəqabətin daha da kəskinləşməsinin qarşısını almaq, müəyyən məsələlərdə qarşılıqlı anlaşmaya nail olmaq və Rusiya ilə münasibətlərdə iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

Qazaxıstandakı Avrasiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının icraçı direktoru, çinşünas Kayrat Batırbayev isə sammitin ilk növbədə simvolik və prosedur əhəmiyyəti daşıdığını düşünür.

Kairat Batyrbayev: Trump-Xi-Putin summit cannot reshape world order or undermine sovereignty of states - INTERVIEW

“İlk dəfə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, böyük hərbi və iqtisadi potensiala malik üç dövlətin lideri eyni danışıqlar masası arxasında əyləşə bilər. Birbaşa dialoq faktının özü yanlış hesablamalar və qarşılıqlı anlaşılmazlıq riskini azaldır”, – ekspert qeyd edib.

Bununla belə, Batırbayev bir görüş nəticəsində beynəlxalq münasibətləri idarə edəcək yeni mexanizmin formalaşacağını söyləməyi vaxtından əvvəl hesab edir. Onun fikrincə, bunun üçün müntəzəm ekspert təmasları, aydın qaydalar və qarşılıqlı proqnozlaşdırıla bilən münasibətlər tələb olunur.

Çinin strateji məqsədləri nədir və Pekin vasitəçi ola bilərmi?

Paolo fon Şirax hesab edir ki, Çin xüsusilə Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən rol oynaya bilər, lakin Pekinin həqiqətən vasitəçilik etmək istəyib-istəmədiyi açıq sual olaraq qalır.

Ekspert bildirib ki, Çin müharibədə birbaşa iştirak etməsə də, Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirir, ona müxtəlif məhsullar tədarük edir və Rusiya nefti ilə qazını alır.

“Çin müəyyən mənada dolayı yolla Rusiyanın müharibə səylərini dəstəkləyir. Bəs Pekin münaqişə tərəflərinin mövqelərinə və gündəliyinə təsir göstərə biləcək vasitəçi rolunu oynaya bilərmi? Bunu indidən söyləmək çətindir”, – o bildirib.

P. fon Şiraxın sözlərinə görə, Çin və Rusiyanın köməyi ilə Ukrayna müharibəsinin həlli Vaşinqton üçün mühüm diplomatik nailiyyət olardı.

Yevgeni Mixaylov isə Çinin ilk növbədə öz milli və iqtisadi maraqlarından çıxış etdiyini vurğulayıb.

“Çin hər şeydən əvvəl öz maraqlarına uyğun hərəkət edir. Bəli, Pekin Rusiyaya müsbət yanaşır. Lakin Çinin elə maraqları var ki, bəzi məsələlərdə Rusiyanın lider mövqeyə yüksəlməsini və ya vəziyyətinin asanlaşmasını istəməyə bilər”, – rusiyalı ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya Çinlə ticarətdən əhəmiyyətli gəlirlər əldə edərək iqtisadiyyatını dəstəkləyir. Çin isə Rusiyadan daha ucuz enerji resursları almaqla beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırır. Mixaylov hesab edir ki, bu qarşılıqlı fayda tərəfdaşlığın mühüm əsasını təşkil etsə də, iki ölkənin strateji maraqlarının tam üst-üstə düşməsi demək deyil.

Kayrat Batırbayev isə Pekinin əsas məqsədini sabit beynəlxalq mühitin qorunmasında görür.

Onun fikrincə, Çin üçün belə bir sammitə ev sahibliyi etmək məsuliyyətli qlobal güc statusunu möhkəmləndirmək imkanıdır. Sabitlik ölkənin daxili inkişaf prioritetlərinin həyata keçirilməsi və beynəlxalq ticarət əlaqələrinin davam etdirilməsi üçün vacibdir.

“Çinin vasitəçilik üçün müəyyən imkanları var. O, hər iki tərəflə işgüzar münasibətlər saxlayır və böyük iqtisadi çəkiyə malikdir. Lakin vasitəçilik yalnız tərəflərin özləri kompromis axtarmaqda maraqlı olduqda səmərə verir”, – ekspert bildirib.

Batırbayev hesab edir ki, Pekin mübahisələrin həllində hakim rolunu üzərinə götürməkdənsə, danışıqlar üçün əlverişli şərait yaratmağa çalışacaq.

Ukrayna, İran və nüvə silahlarına nəzarət məsələlərində razılıq mümkündürmü?

News about - Kairat Batyrbayev: Trump-Xi-Putin summit cannot reshape world order or undermine sovereignty of states - INTERVIEW

Paolo fon Şiraxın fikrincə, Vaşinqtonun əsas prioritetlərindən biri uzun illərdir davam edən Ukrayna müharibəsinin dayandırılmasıdır.

Ekspert qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan müharibə böyük insan itkisinə, dağıntılara və hər iki tərəf üçün ciddi maliyyə xərclərinə səbəb olub.

“Üç lider müharibənin həm Rusiya, həm Ukrayna, həm də ABŞ üçün məqbul olacaq şəkildə başa çatdırılması formulunu tapa bilərmi? Bu, olduqca çətin vəzifədir”, – P. fon Şirax bildirib.

Ekspertin sözlərinə görə, İran məsələsi də danışıqlarda əhəmiyyətli yer tuta bilər. O, ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsindən sonra Vaşinqtonun əsas məqsədinin Tehranın nüvə silahı hazırlamaq imkanlarının və bu istiqamətdə fəaliyyətinin qarşısını almaq olduğunu qeyd edib.

“Rusiya və Çin bu məsələdə kömək edə bilərlərmi? Əlbəttə, edə bilərlər. Bəs kömək edəcəklərmi? Bu, artıq başqa və daha mürəkkəb sualdır”, –ekspert vurğulayıb.

Yevgeni Mixaylov hesab edir ki, ABŞ İran məsələsində Çinin dəstəyini qazanmağa, Rusiya ilə münasibətlərdə isə sanksiyaların yumşaldılması müqabilində müəyyən razılaşmalar əldə etməyə çalışa bilər.

Onun sözlərinə görə, Vaşinqton Çinlə nüvə silahlarının məhdudlaşdırılmasını müzakirə etməkdə də maraqlıdır.

“Bu, Çin üçün sərfəli deyil. Çünki onun nüvə silahlarının sayı ABŞ və Rusiyadan azdır. Moskva isə Pekinin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı mövqeyinin təsdiqlənməsini və Vaşinqtondan müsbət addımlar gözləyəcək”, – politoloq bildirib.

Mixaylov ABŞ şirkətlərinin Rusiyada iri layihələrə, o cümlədən Arktikada birgə iqtisadi fəaliyyətə maraq göstərdiyini də qeyd edib.

Kayrat Batırbayev isə mümkün irəliləyiş üçün ən real istiqamətin strateji sabitlik olduğunu düşünür.

“Etimad tədbirləri, kommunikasiya kanallarının yaradılması və eskalasiya risklərinin azaldılması sahəsində tərəflərin maraqları daha çox üst-üstə düşür. Çünki səhvin nəticələri hər üç ölkə üçün ağır ola bilər”, – o bildirib.

Ekspert vurğulayıb ki, regional münaqişələrin həlli BMT Nizamnaməsinə və beynəlxalq hüququn ümumtanınmış normalarına əsaslanmalıdır. Onun fikrincə, hərtərəfli razılaşmalar gözləməkdənsə, dialoqu davam etdirmək barədə siyasi iradənin təsdiqlənməsi daha real nəticədir.

Görüş yeni dünya nizamının formalaşmasına gətirib çıxara bilərmi?

Trump, Putin and Xi summit - Kremlin reveals when leaders will meet | RBC-Ukraine

Paolo fon Şirax hesab edir ki, beynəlxalq münasibətlərdə daha dayanıqlı sistemin yaranması üç böyük dövlətin qarşılıqlı faydalı qaydalar barədə razılığa gəlməsindən asılıdır.

“Əgər münasibətlər “mən qazanıram, sən uduzursan” prinsipi üzərində qurularsa, bu, qaydalara deyil, gücə əsaslanan sistem olacaq”, – ekspert bildirib.

Onun sözlərinə görə, dövlətlərin milli təhlükəsizlik maraqlarını və xarici siyasət prioritetlərini açıq müzakirə etməsi yanlış hesablamaların qarşısını almağa kömək edə bilər. Bununla belə, tərəflərin bir-birinin prioritetlərini anlaması onların həmin prioritetləri qəbul edəcəyi demək deyil.

P. fon Şirax sammitdən dünya siyasətini kökündən dəyişəcək nəticələr gözləməyi də real hesab etmir.

“Bu görüş aylarla, yaxud illərlə davam edən mürəkkəb danışıqların sonunda əldə edilmiş razılaşmanı elan etmək üçün təşkil olunmayıb. Ona görə də geosiyasi mühiti tamamilə dəyişdirəcək irəliləyişlər gözləməyə ehtiyatla yanaşardım”, – o bildirib.

Yevgeni Mixaylov da görüşdən böyük və konkret nəticələr gözləmədiyini deyib.

Onun fikrincə, tərəflər ilkin razılaşmalar əldə edə, sonradan isə həmin razılaşmaların detalları nümayəndə heyətləri səviyyəsində müzakirə oluna bilər.

“Hazırda hər hansı memorandumun imzalanmasını gözləmirəm. Amma belə bir sənəd imzalansa, bu, böyük uğur olar”, – politoloq vurğulayıb.

Mixaylov hesab edir ki, mövcud beynəlxalq şəraitdə uzunmüddətli razılaşmaların əldə edilməsi çətindir. Onun sözlərinə görə, yalnız tərəflər qarşıdurmanın davam etdirilməsinin daha ağır nəticələr yaradacağını anladıqdan sonra onilliklər ərzində qüvvədə qala biləcək sazişlərə nail olmaq mümkün olacaq.

Kayrat Batırbayev isə yeni dünya nizamının yalnız üç böyük dövlətin razılaşması əsasında formalaşdırılması yanaşmasını düzgün hesab etmir.

“Müasir beynəlxalq münasibətlər sistemi çoxqütblü və çoxsəviyyəlidir. Burada BMT, regional təşkilatlar və müxtəlif maraqları olan dövlət qrupları fəaliyyət göstərir. Heç bir görüş beynəlxalq hüququn əsasını təşkil edən dövlətlərin suveren bərabərliyi prinsipini ləğv etmir”, – ekspert bildirib.

Onun sözlərinə görə, kiçik və orta dövlətlər üçün əsas məsələ böyük güclər arasında dialoqun gərginliyi azaltması, digər ölkələrin maraqlarına toxunan qərarların isə onların iştirakı və suverenliyinə hörmət əsasında müzakirə edilməsidir.

K. Batırbayev Azərbaycan və Qazaxıstanın təcrübəsini misal göstərərək bildirib ki, çoxvektorlu və praqmatik siyasət aparmaq bütün əsas güc mərkəzləri ilə münasibətləri inkişaf etdirməklə yanaşı, milli maraqları qorumağa imkan verir.

Sammit Cənubi Qafqazın gələcəyinə və Azərbaycanın maraqlarına necə təsir göstərə bilər?

Trump, Putin and Xi: Three agendas, one uneasy summit

Paolo fon Şiraxın fikrincə, Cənubi Qafqaz artıq əvvəlki kimi kəskin qarşıdurma məkanı deyil.

Ekspert bildirib ki, Azərbaycanın hərbi və diplomatik səyləri nəticəsində öz əraziləri üzərində tam suverenliyini bərpa etməsi, Ermənistanla münasibətlərin normallaşması perspektivinin yaranması və Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər regionda gərginliyin azalmasına şərait yaradıb.

“Rusiya regionda təsir imkanlarının bir hissəsini itirib. ABŞ isə Azərbaycan və Ermənistan arasında vasitəçi kimi mühüm və konstruktiv rol oynayıb. Bu, Cənubi Qafqazda nəqliyyat, ticarət və investisiyalar üçün yeni imkanlar açır”, – P. fon Şirax bildirib.

Onun fikrincə, Çinin regiondakı birbaşa siyasi rolu hələ tam aydın deyil. Bununla belə, Pekinin Mərkəzi Asiya ölkələri ilə geniş əlaqələri Cənubi Qafqaza da dolayı təsir göstərə bilər.

Ekspert hesab edir ki, regionun iqtisadi inkişafı və nəqliyyat əlaqələrinin genişlənməsi üç böyük dövlətin əsas milli maraqlarına zidd deyil.

“Mən düşünmürəm ki, Cənubi Qafqazın inkişafı Rusiya üçün təhlükə yaratsın. ABŞ da bu inkişafı görmək istəyər və Çinin buna qarşı çıxması üçün səbəb görmürəm”, – o qeyd edib.

Yevgeni Mixaylov isə Cənubi Qafqazda, xüsusilə “Tramp marşrutu” ətrafında geosiyasi fəallığın artdığını bildirib.

Onun sözlərinə görə, bu regionda Azərbaycanın, Rusiyanın və İranın mühüm maraqları mövcuddur. Politoloq hesab edir ki, ABŞ-ın hazırkı fəallığına baxmayaraq, regional qüvvələr nisbəti dəyişə bilər və mümkün razılaşmalarda İranın mövqeyi də nəzərə alınacaq.

Ekspert bildirib ki, Azərbaycan öz milli maraqlarının təmin olunmasında daha fəal mövqe tutmağa başlayıb. Belə ki, Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla əlaqə və dövlətlərarası nəqliyyat marşrutlarının inkişafı baxımından vacibdir.

Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihədir - AZƏRTAC

Mixaylovun fikrincə, Azərbaycan regionla bağlı böyük dövlətlərin planlarında öz maraqlarını müdafiə etmək imkanına malikdir.

“Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan, ən azı onun mövqeyi nəzərə alınmadan heç kim ciddi qərarlar qəbul etməyəcək”, – rusiyalı politoloq vurğulayıb.

Kayrat Batırbayev isə məsələyə daha geniş Avrasiya əməkdaşlığı prizmasından yanaşıb.

Onun fikrincə, region üçün əsas prioritet sabitliyin qorunması, açıq ticarət və nəqliyyat əlaqələrinin inkişafıdır.

“Transxəzər marşrutu da daxil olmaqla nəqliyyat dəhlizlərinin inkişafı, ölkələrimizin nəqliyyat bağlantıları və energetika sahəsində qarşılıqlı fəaliyyəti böyük dövlətlər arasındakı münasibətlərin dəyişkənliyindən asılı olmayaraq regionun dayanıqlığını gücləndirir”, – ekspert bildirib.

Batırbayev qeyd edib ki, məhz qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq regional təhlükəsizliyin möhkəm təməlini təşkil edir. Onun sözlərinə görə, böyük dövlətlər arasında əldə edilə biləcək razılaşmalar mövcud beynəlxalq hüquq sistemini və BMT-nin rolunu əvəz etməməli, əksinə, onları tamamlamalıdır.

Beləliklə, üç ekspertin mövqelərində sammitin potensial nəticələri ilə bağlı fərqli yanaşmalar olsa da, onların qiymətləndirmələrində ortaq məqam birbaşa dialoqun əhəmiyyətidir. Amerikalı ekspert etimadsızlığın və yanlış hesablamaların azaldılmasını, rusiyalı politoloq praqmatik siyasi-iqtisadi razılaşmaları, qazaxıstanlı çinşünas isə beynəlxalq hüquqa əsaslanan sabitliyi ön plana çəkir. Cənubi Qafqaz kontekstində isə nəqliyyat əlaqələrinin genişlənməsi və regional iqtisadi əməkdaşlığın inkişafı mümkün müsbət nəticələr sırasında qiymətləndirilir.(Report)

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR