dini radikalizm və ekstremizmlə mübarizə

Moskvada "Molotov-Ribbentrop paktı" ilə bağlı arxiv sənədləri toplusunun təqdimatı keçirilib

Moskvada "Molotov-Ribbentrop paktı" ilə bağlı arxiv sənədləri toplusunun təqdimatı keçirilib

Bu gün Rusiya Tarix Cəmiyyəti Evində məşhur Molotov-Ribbentrop paktı ilə bağlı arxiv sənədləri toplusunun təqdimatı keçirilib.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunan dəyirmi masa çərçivəsində keçirilən təqdimatda Rusiya Tarix Cəmiyyətinin sədri, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin iştirak edib.

O, bu paktın bağlanması təşəbbüsünün Hitler Almaniyasının olduğunu söyləyib: "Arxiv sənədləri sübut edir ki, Molotov-Ribbentrop paktı Hitler Almaniyasının təşəbbüsü ilə bağlanılıb, Sovetlər İttifaqı isə bu sənədi öz təhlükəsizliyinin təmin olunması xətrinə imzalamağa məcbur olub. Bu müharibədən əvvəlki illərdə Sovetlər İttifaqı-Almaniya münasibətlərinə həsr olunan sənədlər toplusudur".

Narişkin izah edib ki, topluda təqdim olunan sənədlər Sovetlər İttifaqının deyil, məhz Üçüncü reyxin hücum etməmək barədə müqavilənin imzalanmasının təşəbbüskarı olduğunu təsdiq edir: "İki cəbhədə müharibə etmək istəməyən Almaniya Polşa kampaniyasında Sovetlər İttifaqının neytral olacağının zəmanətini almaq üçün görünməmiş güzəştə gedib".

Onun sözlərinə görə, Sovetlər İttifaqı rəhbərliyi 1930-cu illərin sonunda Hitlerin sülhpərvərliyinə, eləcə də Almaniyanın yekunda SSRİ ilə müharibəyə başlamaq niyyətinə ümid edən Qərb dövlətlərinin real məqsədlərindən xəbəri olub: "Bunu bir çox sənədlər, o cümlədən Sovet xarici kəşfiyyatının əldə etdiyi sənədlər sübut edir. SSRİ üçün Almaniya ilə müqavilənin imzalanması məcburi qərar idi. Aqressor ilə dayanıqlı sülhə əlbəttə ki, ölkəmizin rəhbərliyi inanmırdı".

Qeyd edək ki, Molotov-Ribbentrop paktı 1939-cu ilin avqustun 23-də Sovetlər İttifaqı ilə Almaniya arasında Moskvada imzalanıb. Pakta əsasən, Almaniya Sovetlər İttifaqına hücum etməməli idi. Paktla eyni vaxtda gizli əlavə protokol da imzalanıb. Bu protokola əsasən Sovetlər İttifaqı və Almaniya öz təsir dairələrini bölüşdürüblər. Baltikyanı ölkələr, Qərbi Belarus və Ukrayna, eləcə də Bessarabiya SSRİ-nin təsir dairəsinə daxil edilib və Sovetlər İttifaqının Avropa sərhədləri qərb istiqamətinə genişləndirilib.

Oxunub: 510
Oxşar xəbərlər
SON XƏBƏRLƏR