Gürcüstan müxalifəti bazar günü Tbilisidə mitinq keçirmək niyyətindədir. Bunu Gürcüstanda keçirilmiş prezident seçkilərində müxalifət partiyasından namizəd Qriqol Vaşadze deyib.
Q.Vaşadzenin sözlərinə görə, Rustaveli prospektində dinc nümayiş keçirməyi planlaşdırırlar:
"Bununla biz bu hökumətə göstərmək istəyirik ki, əsl gürcü, əsl avropalı olmaq nə deməkdir".
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub. Yekun nəticəyə görə, prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qalib olub. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.