İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkədə baş verən aksiyalarla bağlı açıqlamasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanını günahlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Baş prokurorun sözlərinə görə, İranda baş vermiş iğtişaşların təşkilatçısı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərindən biri olan Maykl Danrea olub.
2017-ci ildə “New York Times” nəşri “Ayətullah Mayk” ləqəbiylə tanınan, əl-Qaidə lideri Usamə bin Ladenin öldürülməsi də daxil olmaqla, MKİ-nin (CİA) bir çox gizli əməliyyatlarına rəhbərlik edən Michael D'Andrea, CIA-nin İran şöbəsinin rəhbəri təyin olunduğunu yazmışdı.
D'Andrea əl-Qaidənin zəiflədilməsinin pərdə arxasında dayanan bir nömrəli şəxs kimi tanınır və Yaxın Şərqdə çoxsaylı uğurlu əməliyyatlara qatılıb.
D'Andreayla əlaqədar geniş məlumatlara yer verilən məqalədə ən çox maraq doğuran iddia isə onun müsəlman olmasıyla bağlıdır. Bildirilir ki, müsəlman bir qadınla evləndikdən sonra İslam dinini qəbul edən D'Andreanın dini mənsubiyyəti yeni vəzifəsinə mane deyil. Çünki onun yeni missiyası siyasətlə yox, əməliyyat hərəkətilə bağlıdır.