2026-cı il aprelin 15-də Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universitetinə işgüzar səfər həyata keçirib.
Səfərdə Xəzər Universitetini Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova və Təbiət Elmləri və Mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva təmsil ediblər.
Səfər çərçivəsində İstanbul Texniki Universitetində bir sıra görüşlər keçirilib. Görüşdə hər iki universitet arasında akademik və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları, bakalavr, magistr və doktorantura səviyyələrində ikili diplom proqramlarının yaradılması məsələləri müzakirə olunub.
İstanbul Texniki Universitetini Magistratura Məktəbinin direktor müavini Prof. Dr. Onur Ferhanoğlu, Memarlıq fakültəsinin dekanı Prof. Dr. Mehmet Küçükmehmetoğlu, dekan müavini Prof. Hayriye Esbah Tuncay, İnşaat mühəndisliyi fakültəsinin dekanı Prof. Dr. Vedat Uyak, fakültə əməkdaşları Prof. Dr. Hakan Ali Çırpan və Dos. Dr. Reşat A. Oyuç təmsil edərək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdən sonra nümayəndə heyəti Kompüter və İnformatika Mühəndisliyi fakültəsinin tədqiqat laboratoriyalarına baş çəkib.
Qeyd edilib ki, tərəflər arasında mövcud əməkdaşlıq memorandumu çərçivəsində tələbə mübadiləsi və akademik əməkdaşlıq istiqamətində əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.
Oxunub: 21