dini radikalizm və ekstremizmlə mübarizə

LALƏ dünyasının inciləri


M. Yaqubun bir şeirindən təsirlənərək,
yenə də giley...

Yamaclara yağdı qarım,
Ağaclarda soldu barım,
Yolda qaldı arzularım,
Göy zəmini biçim gedim?!
Bu dünyadan köçüm gedim?!

Əl götürüb sərvətindən,
Qurtulum haqq minnətindən.
Ölüm adlı şərbətindən,
Bir qədər ver içim, gedim.
Bu dünyadan köçüm gedim.

Önündə haqq hesabımdan,
Tut səhvmi cavabımdan,
Qazandığım savabımdan
Kəfənimi biçim gedim.
Bu dünyadan köçüm gedim.

Dözmək olmur " döz"də demə,
"Gələr vaxtın, gözlə! " demə,
Təsəllimi sözlə demə,
Ver cəzamı seçim gedim.
Bu dünyadan köçüm gedim.

Yığ çiynimə qəm yükümü,
Taraz eylə hakk çəkimi,
Həzin çalıb öz türkümü,
Qıl körpüsün keçim, gedim.
Bu dünyadan köçüm gedim.

Fəryad məzlumun ahında,
Qaldım şeytan günahında,
Saxlamadın pənahında,
Allah, yandı içim, gedim.
Bu dünyadan köçüm gedim.

Lalə, yenə bu nə giley?!
Sözü bitən deyər daley,
Kül başına dünya, aley,
Tanrı göndər elçim, gedim.
Bu dünyadan köçüm gedim.


Boyansın

Həkim dilə tutur boş damarımı,
Bərkiməsin, üzüyola dayansın.
Natriumchlorid aldadır qanımı,
Qara dönüb çalsın ala boyansın.

Yaşadığım ağrım, acım qandadı,
Qadam verir nəfəsimə qan dadı,
Körpənəm, gəl bu halımdan qan dadı!
Məndən alıb rəngin, lala boyansın.

Adam olmaz ayaq altda nal olan,
Laxa dönər qırx toyuğa fal olan,
Mətləb qanıb, sözdən əhlihal olan,
Dilin batıb şəkər, bala boyansın.

Bu dünyanın astarı nə, üzü nə?
Daş yamanıb daşlaşmış göy üzünə,
Dəfn eyləyin həsrətimin üzünə,
Göy məzarım açsın tala, boyansın.

Hazır tutub başım üstə ələyin,
Əsirgəmir üstümdən sərt küləyin,
Mən Laləylə düzəlməsə, Fələyin
Sinəm kimi bağrı xala boyansın.


Əgər bir dərd səni tapırsa, heç üzülmə. O dərd əli boş gəlməyəcək sənə. Mütləq özü ilə gətirdiyi gözəlliklər olacaq.
Mən dərdimin sayəsində iki gözəl insan da tanıdım.
Əlövsət doktor və Məsumə xanım.


İlahidən ömrü çalmış kimiyəm

Oddan bir qığılcım, sudan bir damla,
Ruhumda biridir, cismimdə biri.
Xudamla doğulur, ölür Xudamla,
Açan olmayıbdır eşqin sirrini.

Nə gedən gəlibdir, nə gələn gülər,
Səhəri axşamla yarıya bölər,
Əslindən doğular, cismindən ölər,
Məzara beşikdən çəkər yerini.

Əbədi dünyaya fani dünyadan,
Dörd yol ayrıcında qalmış kimiyəm.
Laləni yoxdanmı vermiş Yaradan?!
İlahidən ömrü çalmış kimiyəm.


Dünya

Sıyrılıb, ölümün çıxıb əlindən,
Əcəldən sığındım qoynuna dünya.
Əgər keçəmməsəm bu dərd selindən,
Günahım yazılsın boynuna dünya.

Yenə nə fırlayıb, qarışdırırsan?
Gah isti, gah soyuq, alışdırırsan,
Əlini yaxamla barışdırırsan?
Yoxsa oyuncağam oy(u)nuna dünya?!

Daha bezmədinmi Deccal doğmaqdan?
Bəd nəfis əkməkdən, bəd əl sıxmaqdan?
Ənsənə lənəti bədəl yığmaqdan,
Yaman yoğunlayıb boynun a dünya.

Durulmur suların, süzmür lilindən,
Düzəlmir nə adam, nə daş, gilindən,
Lâ'ləni düşürməz qanan dilindən,
Duzunu halal qoy ununa dünya!

Oxunub: 1 887
Oxşar xəbərlər
SON XƏBƏRLƏR