» » ÜLVİ ƏLƏKBƏRZADƏ DÜNYASI

ÜLVİ ƏLƏKBƏRZADƏ DÜNYASI


Haqqında danışdığım insanla ilk dəfə Gənc ədiblər məktəbində tanış olmuşdum. Elə ilk dəfədən diqqətimi çəkən bu gənclə münasibətim sosial şəbəkədə davam etdi. Fərqli bir insan olduğunu o zaman anlamışdım hələ. O zamanlar mən onu sadəcə bir şair kimi tanımışdım. Münasibətim dərinləşdikcə, onun daxili dünyasına baş vurduqca, bu insanın nə qədər dərin, və yazdığı şerlərlə səsləşən ruhunu gördüm.
Gənc şair və jurnalist Ülvi Ələkbərzadə 1999- cu il 8 oktyabrda Bakı şəhərində anadan olmuşdur. Xətai rayonu 263 saylı orta məktəbi bitirib turizm ixtisasına qəbul olunmuşdur və hal- hazırda da bakalavr üzrə ali təhsilini davam etdirir. 2012 - ci ildən etibarən dövrü mətbuatda şer və hekayələri dərc olunur. İlk şeri 2012- ci ildə " Oxu məni " qəzetində dərc olunan " anadır balanın ən müqəddəsi" şeri olub. Davamlı olaraq
"Cümhuriyyət qəzeti", "Xəzan jurnalı", "Dünyaxəbər saytı", " Respublika tv" və.s portallarda dərc olunub. Şairin ilk kitabı " Sonbahar nəğməsi"
2018 - ci ildə, ikinci kitabı "Söz yağışları" kitabı 2019 - cu ildə işıq üzü görüb. " Gənc Azərbaycan Ziyalısı", " Gənc jurnalist" fəxri diplomları, İqtisadiyyat Nazirliyində keçirilən gənc jurnalistlərin müsabiqəsində fərqləndiyinə görə fəxri diplomla təltif olunmuşdur.
2017 və 2018- ci illərdə " Dünya ana və uşaqları" İB- də mətbuat katibi, Dünyaxəbər İnformasiya Agentliyində məsləhətçi kimi çalışıb. 2019 - cu ilin əvvəlində "Qızıl qələm " ədəbi məclisini yaradıb. Nəsimi ili ilə əlaqədar olaraq "Cahana sığmazam" almanaxında dörd şeri dərc olunub. Hal - hazırda sayt rəhbəri kimi fəaliyyət göstərir.
Gənc şairin çox incə bir ruhu var. Onun müşahidə qabiliyyəti güclü olduğu qədər də fərqlidir. Bizlər sadəcə görürük şair isə toxunur hər şeyin ruhuna, ağrısını hiss edir, onu yazdığı şerlərə yansıdıb gözəl təsvir edir. Sanki, bir təbiət mənzərəsi yaradır. Öz üslubu ilə həmyaşıdlarından tamamilə seçilir. O, şerləri ilə ruhun təkcə canlılarda deyil, elə cansızlarda da olduğunu sübut edir. Ülvi ilə həmsöhbət olduqdan sonra bu insana olan hörmətim daha da artdı. Daxilən zərif olan bu şair şerləri ilahi nemət kimi qoruyur və sanki bütün şerləri duadır. Gəlin yaradıcılığına səyahət edək kiçik ürəyində böyük dünya olan şairin.
Bir şer yazmaq istədim
bu gün həyatın real üzü üçün.
Bülbülün səsini batırmaq istəyən qarğa üçün.
Həsrətlə uşaq evində
ana-atalarının yolunu gözləyən körpələr üçün.
Qocalar evinə atılmış
gözü yaşlı valideynlər üçün
şer yazmaq istədim.
Yolumuzu gözləyən
Qarabağ, Şuşa, Laçın, Xocalı üçün
bir şer yazmaq istədim.
Özünü hər kəsin yerinə qoyub ruhuna qədər ruhları hiss edən şair göz yaşlarını qələmlə kağıza tökür, ən incə detalına kimi analiz edir. Vətən dərdinin nə qədər ağır olduğunu son misrada qeyd edir.
amma bu qədər ağrını,
bu qədər dərdi çəkməyə
nə mənim, nə də qələmin gücü çatdı.
Ülvi Ələkbərzadə vətənpərvər şair olduğu qədər də məhəbbət şairidir. Onun məhəbbət şerlərlərində qəribə bir peyzaj var. Romantik aşiq və məşuq sanki canlı şəkildir, əlini uzatsan toxunacaqsan.
Yanağında bir misra
öpüş qalıb, gül üzlüm.
İzin ver dərim onu
taxım qəlbə, gül üzlüm.


Göydən yerə səpmişəm
misraları başına.
Sevgi pıçıldamışam
sənin gözəl adına.
Başqa bir şerində isə həsrətin acısının şəklini çəkib " Şəhid rədiflər" adı ilə. Öz sevgisinin həsrətini əyani şəkildə çatdırır və göstərir oxucuya.
Sən gedən yollardan
ayaq izlərini yığdım.
Səpirəm həsrətin başına.
Sən gedəli bir sətir də yuxu getmir bu gözlərə.
Payız yağışı yağır çöldə
Sənsizlik pəncərəmi döyür.
İstəmirəm açam.
Açsam, soyuq olacaq
sənli xatirələrimə.
Sərbəst şerlər yazan şair heca vəzninə də yer ayırır.
Bilmirəm hardasan ünvanın hara?
Getmisən çəkirlər canımı dara.
Sənsiz günlərim olubdu qara,
ətirli öpüşün yuxuma girir.

De görüm son görüş nə vaxt olacaq?
Göz yaşım qəlbimə yenə dolacaq,
dərdin məni yarı yolda qoyacaq,
ətirli öpüşün yuxuma girir.
Bu misraları oxuduqca şairlə birgə o öpüşlərin ətrini hiss edirsən.
Yazdığım sətirlər çiçəktək solub,
gözümə bir misra həsrətin dolub,
gündüzüm gecətək qaranlıq olub,
bir payız axşamı görüşək yenə.


Gözümdə süzülür sənli günlərim.
Ayrılıq qoxuyur qəmli sözlərim.
Yanaqda üşüyər öpüş izlərim,
Bir payız axşamı görüşək yenə.
deyərək elə şerin adıtək " payız melodiyası" yaradıb.
Şairin " yuxuda ", " qaldı bahara ", " sənsizlik " kimi məhəbbət, " Qarabağın yaddaşı " kimi vətənpərvər, " şəhər və küçələri " kimi ictimai şerləri var.
Özünün gənc olmasına baxmayaraq bu özü də gənclərə dəstək olur Ülvi. Gənc şairimizə həyat və yaradıcılıq yollarında uğurlar arzulayıram.


KÜLƏYİN DODAQLARI

Eşqimizin kitabını taxdım
bu gün gözlərimə .
Kirpiklərimlə səhifələyib
Ümid -ümid,
arzu- arzu oxudum ..
Oxuduqca göz yaşlarım bulud-bulud
Süzüldü kitabın səhifələrindən..
Süzülən göz yaşım,
ovucuma töküldü...
Ovucumda sənli xatirələrim
Yarpaqladı.
Payız yaxınlaşır,
qorxuram ovucumda
Yarpaqlayan xatirələrim
Xəzan-xəzan tökülsün
Xan çinarın başından..
Sənli xatirələri
Sərmişdim küləyin
Dodaqlarına
Sənə çatdırsın deyə..
Amma payız küləyi,
Dağların sinəsinə
Vurdu xatirələrimizi..
Elə həmin anda
Ayrılığ nəğməsi
Çalındı bizim üçün,
..bizim üçün...



Ürək ağrısı

Parça-parça buludlar,
Yenə göyləri alıb.
Ürəyimin ağrısı,
Sanki göylərə qalxıb.

Fəryadım göy yandırır,
Ağrıların içində..
Göydən yağış tək yerə,
Dərdlərimə bələnib,
Mənim göz yaşım axır.

Yağdıqca yağış yerə,
İnlədir o hər yeri.
Mənim ürək nisgilim,
Ağladır göyü, yeri.


Atlaz Rzayi
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930