» » Xədicə Abdulla araşdırma

Xədicə Abdulla araşdırma

Seyid Mirbabayev | Xanəndənin taleyi


Xədicə Abdulla araşdırma


Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.


Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir.

1906-cı ildə o, Riqanın “Qrammofon” şirkətindən dəvət alır. Həmin il Riqaya gedərək səsini qrammofon vala yazdırır. Həmin vallar Avropanın bir çox şəhərlərinə yayılır. Bundan sonra xanəndənin şöhrəti dillər əzbəri olur. Bakının zəngin ailələri bir-birinin bəhsinə onu övladlarının toyuna dəvət edirlər.

Deyilənə görə, Hacı Zeynalabdin Tağıyev də Seyid Mirbabayevin pərəstişkarı olub. Onu tez-tez evinə dəvət edib. Yola salarkən birə-üç haqqını verər, sonra da deyərmiş:
— Seyid, səsindən muğayat ol, korlanmasın. Bu səs Allahın sənə verdiyi ən böyük nemətdir. Qədrini bilməsən, sonra peşman olarsan...
Günlərin bir günü şəhərin zəngin ailələrindən olan Şıx Balayevin övladının toy məclisi olur. Məclisə Seyid Mirbabayevin musiqi dəstəsi dəvət olunur. Təmtəraqlı məclis qurulur. Seyid Mirbabayev tarzən Şirin Axundovla məclisi “Segah” muğamı ilə açır. Onlar məclisi necə şənləndirirdisə, hər havanı oxuyub qurtardıqdan sonra çalğıçılar qavalın içinə atılan əsginazları və qızıl pul şabaşlarını yığıb-yığışdırmağı çatdırmırlar...

Onu da qeyd edək ki, Seyid Mirbabayevin “Bala şoranlıq” deyilən yerdə torpaq sahəsi varmış. O, ərazidə neft quyusu qazdırsa da, bu işdən bir fayda hasil olmamışdı. Toyun ən şən vaxtında bir nəfər məclisə daxil olur. Üzünü Seyid Mirbabayevə tutub deyir:
— Ağa, muştuluğumu ver, quyu fontan vurdu!

O gündən xanəndə Seyid dönüb olur sahibkar Seyid Mirbabayev...
Belə deyirlər ki, bir gün Bakıda fəaliyyət göstərən əcnəbi iş adamları qonaqlıq təşkil edir. Ziyafətə şəhərin bir çox iş adamları kimi, Seyid Mirbabayev də dəvət olunur. Yeyib-içib şənlənirlər. Sonra bir alman sahibkarı üzünü məclis üzvlərinə tutub deyir:
— Necə olardı, Seyid Mirbabayev bir “Segah” oxuyardı. Biz də feyziyab olardıq.
Əcnəbi qonaqlar buna təəccüb edirlər. O, bildirir ki, bəs Seyid əsilzadə deyil. O, əvvəllər musiqiçi olub. Şəhərdə zəngin ailələrinin toy şənliklərində xanəndəlik edib.

Seyid bu sözdən bərk tutulur. Ziyafəti yarımçıq tərk edir. Bu hadisə onun əhvalını dəyişir. Keçmişindən, əlində qaval «Segah» deyib varlı balalarının toyunu aparmasından xəcalət çəkir. Tarixin yaddaşında xanəndə-artist kimi qalmasın deyə, vaxtilə Varşava və Riqa şəhərlərində yazdırtdığı qrammofon vallarını iki-üç qat bahasına satın alıb məhv edir. Onun bu hərəkəti sənətinin vurğunu olan Hacı Zeynalabdin Tağıyevi yamanca sarsıdır. Hətta Hacı özünü saxlaya bilməyib deyib:
— Belə şey olar, səsi ilə bülbülləri susduran, varlığı ilə fəxr etmək əvəzinə, xəcalət çəkir?

Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb. Eh, fani dünya! Demə, sahibkar olandan sonra Seyid səsindən utanarmış. O gün yanıma gəlmişdi ki, Hacı, mənim səsim olan qrammofon valını satın almaq istəyirəm. Çox əsəbiləşdim. Nə qədər yalvarıb-yaxarsa, qiyməti birə-yüz artırsa da, valı ona satmadım. O gün yenə təkrar gəlmişdi ki, Hacı, bəs hamıdan vallarımı geri aldım, səndən savayı. Cavab verdim ki, bala, hər axşam Seyidə qulaq asıb feyziyab oluram. Sonra da ona təklif etdim ki, sonuncu dəfə bir xeyriyyə konserti versin, oradan yığılan pulu qız balalarımızın təhsilinə sərf edək. Razılaşdı. Axırda soruşdum ki, Seyid, baha qiymətə geri aldığın valları neylədin? Başını aşağı dikib susdu və dedi: «Hacı, hamısını sındırdım...»

Keçmişinə arxa çevirən xanəndə Seyid Mirbabayev də digər milyonçular kimi cah-cəlal qurmağa başlayır. Milyonçulara layiq imarət tikdirmək istəyir. Məsləhət üçün Hacı Zeynalabdin Tağıyevin yanına yollanır. Onun məsləhəti ilə Tiflisə gedir. H.Z.Tağıyev kontorunda çalışan hesabdar Mir Həbibi də ona qoşur. Qafqaz Canişinliyinə də bir məktub göndərir. Bildirir ki, bu məktubu Qafqaz Canişinliyi İdarəsinə verərsən. Bildirərsən ki, Qori Seminariyasını hamiliyə götürürsən…

Seyid Mirbabayev Hacının məsləhətinə əməl edir. Tiflisə gedib Qafqaz Canişinliyi İdarəsinə müraciət edir. Qori Gimnaziyasını hamiliyə götürmək istədiyini bildirir. Tiflis şəhərində keçmiş xanəndənin atdığı addım böyük bir hadisəyə çevrilir. Yerli qəzetlər Bakı milyonçusunun əliaçıqlığından xeyli yazır. Şəhərdə hamı ondan danışır: “Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı, təsadüf nəticəsində neft milyonçusu olan Seyid Mirbabayev elmin tərəqqisi üçün yüksək məbləğli ianə verdi...".

Haqqında yazılanlardan razı qalsa da, «xanəndə» sözü Seyidi dilxor edir...

1920-ci il inqilabı zamanı Bakının bir çox milyonçuları kimi, Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qalır. Gedərkən sərvətinin bir hissəsini özü ilə Parisə aparır. Gətirdiyi sərvət bir neçə il sonra əlindən tamam çıxır. 1929-cu ildə tamamilə müflisləşir. Bir gün səfil halda Parisin küçələrini dolaşarkən «Patterqrammofon» şirkətinin elanına tuş gəlir. Elanda şirkət inqilaba qədərki azərbaycanlı müğənnilərin səsi yazılmış köhnə valları satın aldığını bildirir. Əyin-başı çox pis vəziyyətdə olan Seyid şirkətə girir.

Qarşısına çıxan ilk adama müraciət edir:
— Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi Varşavada qrammofon valına yazılmış, tanınmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm. Yeganə nüsxədir.
Şirkətin işçisi soruşur:
— Müsyö, şərtləriniz necədir?
— Yenidən buraxılacaq valların satışından əldə ediləcək pulun 50 faizi mənə çatacaq. İşçinin üzündə yaranan təəccüb onun diqqətini çəkir. Fikrinə əlavə edir — Çünki o səsin sahibi mənəm.

İşçi bu əlavədən duruxur və sakitcə dillənir:
— Gedin həmin valı gətirin.
Seyid sevincək şirkətdən çıxıb yaşadığı pansiona gedir. Keçmişindən xatirə tək saxladığı valı əşyalarının arasından çıxardır. Bir vaxt ayaqlarının altında əzdiyi səs indi onu həyata qaytaracaqdı. Gözlərinin qarşısına ümid elədiyi gələcəyini gətirir… Valı götürüb şirkətə qayıdır. Təmkinlə içəri keçir. Dərindən köks ötürür. Valı şirkətin sahibinə uzadır. Bu an onun əli əsir. Uzatdığı val titrəyən barmaqlarının arasından sürüşüb yerə düşür və çilik-çilik olur. Son yaşamaq ümidi gözlərində ildırım kimi çaxıb sönür. Heç bir söz deməyib yerə çökür və bir müddət beləcə qalır. Birdən kimsə onu səsləyir:
“Seyid, qalx ayağa, ayıbdır. Sənə ağlamaq yaraşmaz!”

Qulaqlarına inanmır. Başını yuxarı qaldırır. Qarşısında Bakının tanınmış milyonçusu Teymur bəy Aşurbəyovu görür. Qucaqlaşıb öpüşürlər. O vaxt Teymur bəy Tehranda yaşayırmış. Parisə də alış-verişə gəlibmiş. Teymur bəy Seyidi özü ilə geyim əşyaları satılan mağazaya aparır. Əyin-başını tamam təzələyir. Sonra yaşadığı mehmanxanaya gedirlər. Həmin günün səhəri birlikdə Tehrana yollanırlar. Seyid Mirbabayev həmişəlik Tehranda qalır. Orada məskunlaşan bakılıların çayxanasında xanəndəlik edir… O, vətəni bir milyonçu kimi tərk edir. Ancaq kasıb bir xanəndə kimi səksən altı yaşında (1953) Tehran şəhərində dünyasını dəyişir…

Xədicə Abdul

Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930