Zaman ağır, vədə ağır.
Yara ağır, zədə ağır.
Başım üstə hədə ağır -
Mən atamdan tez qocaldım.
Ayağımda yol yoruldu.
Ağarmaqdan tel yoruldu.
Diş arxası dil yoruldu,
Mən atamdan tez qocaldım.
...Dözməyə ürək tapılmır!
Dik gördüyün dik tapılmır.
Hər oda körük tapılmır,
Mən atamdan tez qocaldım.
Axşamıynan, səhəriynən,
Ağısıynan, zəhəriynən.
Səngər qazan qəhəriynən
Mən atamdan tez qocaldım.
Tural Turan, itməz bu haqq;
Mükafatı qara torpaq!
Alınyazım qaldı axsaq -
Mən atamdan tez qocaldım.
2026
Oxunub: 0