dini radikalizm və ekstremizmlə mübarizə

DOST İTKİSİ


BİZİ YARIDA QOYDUN, AY XƏDİCƏ...

Elə insanlar var ki, sirli-sehirli, kodlarla, simvollarla zəngin kitablar kimi dopdoludur. Necə ki, o kitabları oxuyub anlamaq, vacehinə yetmək səndən hazırlıq tələb edir, o insanlarla da simsar, yaxın münasibətlər qurmaq üçün mütləq çoxqütblü olmalısan: yeri gələndə yanımcıl, istiqanlı olmalısan, yeri gələndə də çılğın, aşıb-daşan birinə çevrilməyi bacarmalısan. Əslində, belə insanlarla başlanğıcda ünsiyyət yaratmaq asan, yaxından tanıyandan, qəlbinə girəndən sonra qopmaq, qırılmaq çətin olur.
Belə insanları birdəfəlik itirmək, bir daha üz-üzə gəlməyəcəyini, sirrini bölüşə bilməyəcəyini düşünmək isə məşəqqətdir; hamının Xədicə Murad kimi tanıdığı Xədicə İsrafil qızı İsgəndərlini - istiqanlı, yanımcıl, dostun sevincinə hamıdan çox sevinən, kədərini hamıdan əvvəl bölüşən, qəlbi uşaq qəlbi kimi saf dostu, el-obasını, yurdunu, doğulub boya-başa çatdığı Ağsunun Kalva kəndini hər şeydən çox sevən insanı, çılğın, səmimi, ürəyindən keçən hər kəlməni adamın üzünə şax deməkdən çəkinməyən bir simsarı itirmək kimi.
Ömrünə daxil olmuş ağrı xəstəlik Xədicəni bizdən ayırdı. Tək təsəllimiz odur ki, Xədicə neçə illərdən bəri hər birimiz, elə onun üçün də qəlb yarası olan işğal altındakı torpaqlarımızın azad olunduğu möhtəşəm günləri gördü. Vətən müharibəsinin ən qızğın günlərində nə vaxt zəng edirdin, telefonda Qələbəmizin yaxında olduğunu qürurla dilə gətirir, döyüşən oğullarımıza dualar oxuyur, səsinin tonundan hansı ovqatda olduğunu bilmək olurdu. Cəbhəyə getmək imkanı olsaydı, buraxsaydılar, nələri etməzdi, İlahi?!. Hətta əlində silah KİŞİ kimi döyüşən oğulların cərgəsində olardı...
Xədicə nə olursa-olsun, şövqlə yaşamaq, başqalarını da buna ruhlandırmaq eşqi, bütün problemlərə və çətinliklərə baxmayaraq, həyatdan zövq almaq istedadı olan az-az adamlardan idi. Hər kəs kimi, şübhəsiz, onun da qayğıları, problemləri, çətinlikləri vardı. Amma o qayğılar, o problemlər, o çətinliklər onun baxışlarındakı, çöhrəsindəki işığı, qəlbindəki səmiyyəti qətiyyən azaltmazdı. Əksinə, o işıqdan ünsiyyətdə olduğu hər kəsə, bütün dostlara pay düşərdi, onlarda sabahın daha yaxşı olacağına sonsuz ümidlər yaradardı. Onu tanıyanlar, xüsusilə də biz dostları ürəyi həyat eşqi ilə döyünən dostcanlı, istiqanlı bir simsarımızı, əziz adamımızı itirdik...
Xədicə xanım! Cəfakeş ana, qayğıkeş övlad, sevimli bacı, fədakar ömür-gün yoldaşı, xala, bibi, nənə, candan yanmağı bacaran qaynana, dost, qohum, həmkar... Bu insanın evində-ocağında olub, onunla tək bircə dəfə ünsiyyətdə olanlar bura daha çox insanlığa xas olan gözəl keyfiyyətləri əlavə edərdilər. Mən isə 20 il müddətində tanıdığım, sadəliyinə, səmimiliyinə və təmkinliyinə vurulduğum Xədicənin – bacımın, sirdaşımın, hər zaman çətin günlərimdə yanımda olanın aramızdan getdiyini qəbul edə və buna görə də düşüncələrimi həmişə başqaları haqqında yazan qələmimə indi tam söyləyə bilmirəm. Və böyük ürək ağrısıyla, onun yoxluğuna inanmadan bu cümlələri vərəqə köçürürəm.
Onunla bağlı çoxlu xatirəm var. Xədicə ilə tanışlığımız “Xəzərdən dünyaya” adlı qəzetdən başlamışdı. Bir gün qəzetin sahibi Aida xanım bir qonaqla redaksiyaya gəldi. Məni qonaqla tanış etdi: Bax haqqında danışdığım yerlin Daşdəmir bu oğlandır. Gözlərim bir anlığa elə bil işıq saçdı. Donub yerimdə qalmışdım. Əl verib görüşdük. Nədənsə bir neçə saniyəliyə əllərimi əllərinin arasında saxladı, barmaqlarıma diqqətlə baxdı. Bildirdi ki, zəhmətkeşliyin, çalışqanlığın barmaqlarının qabarından hiss edilir. İcazə versən, bu barmaqlardan öpərdim. İcazəni gözləməmiş əyilib xüsusi jestlə əllərimi öpdü. Mən çaşıb qalmışdım, söz deyə bilmirdim onun bu jestinin qarşısında. Otaqda olan Alidə xanım da, Müşkünaz xanım da Xədicənin bu jestinə heyran qalmışdılar.
Aida xanım tanış edəndən sonra otaqdakı stolunun arxasına keçib bizi sərbəst buraxdı. Bir-birimizlə yaxından tanış olduq. Məlum oldu ki, ailəvi dostlaşdığımız kalvalı Zabit müəllim Xədicənin sevimli müəllimi olub, ona böyük hörməti var. Bu söhbət, tanışlıq məni bir xeyli rahat buraxmadı. Elə onu görmək, onunla şirin-şirin danışmaq, məsləhətlərinə maraqla qulaq asmaq, şeirlərini dinləmək istəyirdim. Bir gün gəlməyəndə darıxır, Aidadan gəlməməyinin səbəbi ilə maraqlanırdım. Gəlməməyində əsaslı səbəb görməyəndə özüm telefonla onu redaksiyaya çağırırdım. O da xahimi yerə salmır, az keçmirdi gəlib dəstəmizə qoşulurdu.
Qeyd edim ki, onda Xədicə Lənkəranda universitetdə çalışırdı.
O, kitab aşiqi idi, maraqlı kitabların birini belə buraxmırdı, bir sözlə, kitab sevən idi. Onu çox sevən tələbələri (Lənkəran Dövlət Universiteti) də, həmkarları da bu sevgidən bəhrələndilər.
Xədicə iki oğul anası idi. Bütün analar kimi sonsuz sevgiylə bərabər, təhsil də verdi övladlarına. Onun yoxluğuyla barışa bilməyən övladları öz çalışdıqları sahələrdə də başıuca, ləyaqətlə fəaliyyət göstərirlər və valideynlərinin verdiyi öyüd-nəsihəti ətraflarında olan hər kəsə sərgiləyirlər. Bu ailənin səadəti və xoşbəxtliyi ondadır ki, övladların hər biri valideynlərinə əbədi ehtiram, sonsuz sevgi bəsləməklə Yaradanımızın sevmlisidirlər. Qəlbimin dərinliyində öz ata-anama, sevdiklərimə əbədi ehtiram və sonsuz məhəbbət hisslərini yaşadan biri kimi bu övladların nə qədər ana canlı olduqlarını görmüşəm hər zaman. Və bir daha bunları Xədicənin dilindən duyanda fəxarət hissi yaşamışam. Xədicənin övladlarının ona olan hörməti, izzəti bir yazıya sığmaz...
Xədicəyə baxanda özümün ata-anama olan hörmətim, sayğılarım yadıma düşür. Yaxşı yadımdadır, anam rəhmətə gedəndə Aida ilə Xədicə anamın yas mərasiminin keçirildiyi məkana gəlmişdilər. Son bir neçə gündə zəiflədiyimi və gerilədiyimi görən Xədicə məni bağrına basdı, təsəlli olmağa çalışdı. Ağlayıb, - sən də mənim kimi anadan yetim qaldın, - deyib boynumu qucaqladı. İkimiz də hönkürtü ilə ağladıq...
Xədicə 2007-ci ildən AMEA Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent idi. Bir alim kimi də çalışdığı ziyalı kollektivində böyük hörməti vardı. Elə buna görə Ədəbiyyat İnstitutunda YAP Qadınlar Şurasının sədri vəzifəsini aparırdı. “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri, Məlhəm” jurnalının baş redaktoru kimi fəaliyyət də göstərirdi. YAP fəxri fərmanları və diplomları ilə təltif edilmiş, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Məhsəti Gəncəvi mükafatlarına layiq görülmüşdü. Qeyd edim ki, o, 1967-ci il aprelin 6-da Ağsu rayonunun Kalva kəndində anadan olmuşdu. Orta məktəbi burada oxumuşdu. Erkən yaşlarında anasını itirmişdi. Evin qadına aid qayğıları onun çiynində idi. Buna baxmayaraq Lənkəran Dövlət Universitetində ali təhsil almış, ədəbiyyat ixtisasına yiyələnmişdi. Doktorluq dissertasiyası Nəbatinin yaradıcılığına həsr edilmişdi. Bu iş üzərində gərgin işləyir, tez bir zamanda müdafiə etməyə çalışırdı. Amma...
Məni bu ailənin yaxını edən, doğma üzvünə çevirən Xədicənin ailəcanlığı, övladsevərliyi, valideynə olan məhəbbəti oldu. Ona minnətdarlıq borcum ondan ibarətdir ki, bu ailədən, bu ocağın istisindən çox şeylər görüb-götürüb, əxz edə bildim özümə. Xədicənin ailəyə olan isti, səmimi münasibəti, övladlarına olan sonsuz diqqəti və ən əsası zəhmətsevərliyi həqiqətən nümunəyə çevrilmişdi mənim gözlərimdə. İlahi, bu insanda nə qədər sadəlik, təvazökarlıq və insansevərlik ola bilər? Nə qədər qohum-əqrəbaya qucaq açmaq bacarığı olar? Bu yazını böyük məmnunluqla, lakin o qədər də böyük təəssüf hissi və ürək sızıltısıyla yazdığımı tək özüm və kədəri bir ömür içində gəzdirən ürəyim bilir. Keçmiş zamanda yazdığıma görə özüm-özümü tənbeh edirəm və peşmançılığım boğazımda qəhərə dönür...
Yəqin ki, hələ üzun illər bizim hər birimizin gözlərimiz dost məclislərində Xədicəni axtaracaq, ən mübhəm söhbətlərimizdə onun xatirəsini yad edəcəyik. Allahdan əziz dostuma - sirdaşıma rəhmət diləyir, ailəsinə, yaxınlarına və doğmalarına başsağlığı verirəm.

Ruhun şad olsun, ay Xədicə! Bizi nə tez, yarıda qoyub getdin?!.

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 188
Oxşar xəbərlər
SON XƏBƏRLƏR