dini radikalizm və ekstremizmlə mübarizə

Abdulla Saymaz poeziyasının inciləri


Gələn deyilsən

Çəkdiyim əzabı bilən deyilsən,
Gözümün yaşını silən deyilsən,
Bilirəm, yanıma gələn deyilsən,
Bəs niyə özünə öyrətdin məni?

Ömür Tanrı payı, qısa bir zaman,
İllər sənsiz ötür, darıxdım yaman.
Olmayacaqdınsa, dərdimə loğman,
Bəs niyə özünə öyrətdin məni?

Bulud arxasında gizlənən Ayım,
Deyirsən, oturum, günümü sayım?
Artıq qışa döndü baharım, yayım,
Bəs niyə özünə öyrətdin məni?

Yaralı sinəmə vurmusan oxu,
Hər gecə, hər gecə görürəm yuxu.
Düşdüyüm bu hala ağlayır çoxu,
Bəs niyə özünə öyrətdin məni?

Dərd-qəmdən uzaqsan, rahat yatırsan,
Uyqusuz gecəmə zəhər qatırsan.
Yazdığım naməni çırıb atırsan,
Bəs niyə özünə öyrətdin məni?

Çəkdiyim əzabı bilən deyilsən,
Gözümün yaşını silən deyilsən,
Saymazın yanına gələn deyilsən,
Bəs niyə özünə öyrətdin məni?

Ay bala

Çoxalsın şərabxana,
Sökülsün kitabxana.
Bol olsun kababxana,
Yeyək-içək ay bala.

Yalana doğru deyək,
Haqqı nahaqqa əyək.
Lətifələr söyləyək,
Deyək-gülək, ay bala.

Nə dərdə sinə gərək,
Nə əkək, nə becərək.
Hazır meyvəni dərək,
Alaq-sataq, ay bala.

Qoy savaş olsun yenə,
Özümüz keçək önə.
İnsanların ömrünə,
Kədər qataq, ay bala.

Fırlanan Yer dayansın,
Bəşər odlara yansın.
Bütün aləm oyansın,
Yataq, qalaq, ay bala.

İçib gəlmışəm

Bir dünya qurmusan, Cənnət adında,
Cəhənnəm ətri var onun dadında.
Adəmlə qovduğun, İblis yadında?
Onlara qoşulub, qaçıb gəlmişəm.

Bütün arzuları boğub bitirdim,
Bilmirəm, nə tapdım, nəyi itirdim.
Bahar gözləyirdim, qışı gətirdim,
Payızlıq zəmimi biçib gəlmişəm.

Dua eləyirəm yenə mən Sənə,
Təki pozulmasın köhnə ənənə
Dörd zövcə bəxş etdi “Kitab”ın mənə,
Verdiyin tarlanı əkib gəlmişəm.

Uymadım yalana, özgəyə, yada,
Kökümü qorudum, vermədim bada.
İmansız saydılar, düşmədim oda,
Sırat körpüsündən keçib gəlmişəm.

Acı söz demərəm, dili ballıyam,
Nağılla böyüdüm, xam xəyallıyam.
Bəzən kədərliyəm, bəzən hallıyam,
Nəşəni, tiryəki çəkib gəlmişəm.

Yalvardım, dinləyən yoxdu ahımı,
Heç vaxt unutmadım öz Allahımı.
Mümkünsə, bağışla tək günahımı,
Mən son mənzilə də içib gəlmişəm.

Küsə bilmədim

Səni unutmağı, gəl, öyrət mənə,
İnan ki, çox sağ ol deyərəm sənə.
Savaş içindəyəm özümlə yenə,
Meh oldum, küləktək əsə bilmədim.

Çirk-ləkə yaraşmaz, inan, adıma,
Səndən bir özgəsi yetməz dadıma.
Ötən günlərimiz salır yadıma,
Yolunu-izini kəsə bilmədim.

Dünyanın qəm yükü üstümə endi,
Çarəsiz qalmışam, neyləyim indi?
Başımda sual yüz, bəlkə də, mindi,
Axtardım cavabı, nəsə bilmədim.

Saldığın naxışlar, ilmələr itmir,
Sənli xatirələr məzara getmir.
Mən sənə gəlirəm, bu yollar bitmir,
Düşmüşəm dumana, sisə bimədim.

Elə gecə-gündüz çəkdiyim ahdır,
Saymazı unutdun, gör neçə vaxtdır?..
İnan, zərrə qədər günahım yoxdur,
Küsmək istəyirdim, küsə bilmədim.

Gəlirəm

Sevirəm söylədi içimdəki səs,
Olub, ötənlərə, yenə ver nəfəs.
Sənli günlərimə qaytardı həvəs,
Ağ atın tərkinə qonub gəlirəm.

Həyatın işidir, olan, olacaq,
Köz üstə köz qala, sönməsin ocaq.
Yolumu gözləsin o isti qucaq,
Şaxtada, boranda donub gəlirəm.

Əl-ələ, göz-gözə dayanaq yenə,
Arzum, istəyimə qalma biganə.
Sənin saf eşqindən oldum divanə,
Keçən xoş günləri anıb gəlirəm.

Haçandır, əllərim əlinə dəymir,
O incə tellərin, telimə dəymir.
Qollarım boş qalıb, belinə dəymir,
Od-alav saçıram, yanıb gəlirəm.

Uca dağlar kimi başı qarlısan,
Bal-şəkər dadırsan şirin barlısan.
Bilirəm, əzəldən ehtibarlısan,
Məni sevdiyini sanıb gəlirəm.

Oxunub: 262
Oxşar xəbərlər
SON XƏBƏRLƏR