dini radikalizm və ekstremizmlə mübarizə

Kəmalə Abiyeva : -ELÇİN


Yox, gənclik illərindən oxuduğum, ədəbiyyatımızın tanınmış imzalarından olan hörmətli Elçin Əfəndiyev haqqında deyil yazı. Elçin müəllim bir yazı, lap bir cümlə də yazsa, münasibət bildirənlər çox olur.

Djb.az xəbər verir ki, müəllifin söz açmaq istədiyi şəxs Elçin Məmmədovdur.

Görən uçar səmada dərd yükün daşıyan ruh?

Cisim asılı qalar, vücudu boşayar ruh,

Mənəm ölü bədəndə əbədi yaşayan ruh,

Ruhum torpağın altda, özüm üstə gəlmişəm.


Əvvəl şeirləri diqqətimi çəkdi. Sonra imzası yadımda qaldı. Sonra əyani tanış olduq. Dünyaya, həyata baxışımı fərqlidi, düşüncəsimi, görməsimi, eşitməsimi,… bunları poeziyaya gətirməsimi? Dəqiq deyə bilmərəm. Məncə hamısı fərqlidi. Elçin özü fərqlidi.

Mənim anam nə gəzir, mənim atam nə gəzir,

Mən dünyaya Allahın dizi üstə gəlmişəm...

deyir və düşünürsən düz deyir. Onun adına tərif siyahısında rast gəlməzsən. Orda 3-5 şeirini anlaya bilmədiyin 3-5 nəfər olur. Bütün tədbirlərdə, bütün təriflərdə, saytlarda, qəzetlərdə və s-də eyni imzalardı. Elçin Məmmədova oralarda da rast olmazsan. Oxucular üçün yazır.

Məni, məni öz anamın bətni belə tulladı,

Hamı məni atıb getdi, atıb getdi, ilahi,

Bircə məni ayaqlarım atmadı...

Mənə elə gəlir ki, bu sadiq ayaqlar elə onun oxucularıdır. Heç vaxt onun poeziyasını atmayacaq ayaqlarıdı oxucuları.

Poetik ruh, poetik ifadə, poetik yanaşma və s. kimi ifadələrə çox rast gəlirik kiminsə poeziyası haqqında olan yazılarda. Düşünürəm ki, əslində ruhumuz görməmiz, duyumumuz poetikləşir. Yəni nə qədər görürüksə, necə duyuruqsa o qədər poeziya yaradırıq.



Küsübsə bu şəhərin gündüzü gecəsindən,

Boğulursa bu şəhər özü öz küçəsində.

Ən sonuncu ümidlər bir qızıl balıqdasa,

Ən böyük sevgilərin sonu ayrılıqdısa.

Dən atdığın göyərçin əllərinə dönüksə,

Bu şəhərdə ölümlər ömürlərdən böyüksə,

Gəl, gedək bu şəhərdən.

Gileylidimi şair Elçin? Elə görünür? Əslindəsə burda ağrıyan bir sevgi gördüm mən. Gündüzü gecədən küsdürənlərdən, şəhəri öz küçəsində boğanlardan, ümidsizlik yaşadanlardan və s. getmək istəyir. Ya onların getməsini istəyir. Bu şəhəri onu sevən anlayar. Nə qədər sevəsən ki, şəhərini? Ümumiyyətlə necə sevəsən ki. şeir olasan:
Bu şəhərdə neçə qızın saçlarına baxmışam e, qaradır,

Bu şəhərdə neçə qadın saçlarını sənin kimi daradı...

Hördü, kəsdi, tumarladı uclarını,

Səndən sonra neçə qadın saçlarını tutub sağa daradı,

Bir dənəsi, bir dənəsi ürəyimə yatmadı.

Şeirlərində bir yük var Elçinin: duyan, sevən, sevinən, ağrıyan-yaşayan bir ürəyin yükü.

Rahatlıq tapmayan şair ruhu var :Ruhum qiyam qaldırıb üsyan ola bilirsə demək hələ ümid var...-deyən Elçinin.

Bakı ocaq çatıb odumdan yenə.

Uzaqda deyilsən, yaxında yoxsan,

Yoxsansa, bəs hardan düşmüsən yadıma yenə?

Hardan düşdün yadıma ? Şeirlərinlə dolaşırsan yaddaşımda-yaddaşlarda. Bu şeirləri ki, yazırsan, həmişə yada düşəcəksən.

Elçinin şeirlərini GOOgle-də axtarışa verdim. Heç bir mətbuda rastlamadım. Hər hansı sayta, qəzetə veribmi? Çap etməyiblərmi? Bunu dəqiq bilmədim. Cavabı təxmin etdiyimdən özündən soruşmadım.Onun haqqında yazmağımdan xəbərsizdi. Onun şeirlərini tapmaq çətin deyil ki! Özündən kiçik, böyük, xüsusilə də yaşıdları arasında, şeirləri ən çox paylaşılan imzalardan biridir ki, belə imzalar azdı. Onun şeirlərini səsləndirənlər də çoxdu. Elçini kimsə təbliğ eləmir. Şeirlər özləri özünü təbliğ və təqdim edir. Çünki poeziyadır. O, nə təşbeh, nə məcaz axtarmır. Yad poeziyanın(türk, rus, ingilis, alman və s.) təsirindən uzaqdır. Təqlid etmir kimisə-Özüdür. Şeirləri qulaqlarda səslənmir sadəcə, beynimizə, qəlbimizə keçir. Elçin həm də vətəndaşdır-vətəndaş şairdir. Hər narazılıqda Vətəni söyənlər çoxdu və bu daha asandı. Bir məmurdan, ya başqasından narazı olanda vətəni söyməkdən anlamsız nə ola bilər? Buna poeziya demək olarmı? Qətiyyən! Vətəndə nə yaşayırıqsa, özümüz yaradırıq.

Ehh, ay Vətən...

Biz sadəlövh bəndələrik, baş götürüb qaçacaqsan hara bizdən?

Öz dərdinə dərman ara, sənə yoxdur haray bizdən.

İcazə ver öz cismimi bircə məzar yeri boyda torpağına sıxam,Vətən,

Ruhum qalxsın göylərinə, yağış olum o göynəyən yaran üstə yağam, Vətən...



Gördüyü, duyduğu, anladığı qədər hadisələrə, haqsızlıqlara münasibəti var. Bəzən fikirlərimiz üst-üstə düşmür, təbiidir. Hələ cavandı. İnandıqlarının saxtalığını yaşamayıb mənim kimi. Bunu kimsəyə arzulamıram da. Məsələ bunda deyil. Eyni hadisəyə münasibətimiz fərqli ola bilər, amma bu bir-birimizə olan sayğıya xələl gətirmir. Daş deyilik ha bir tərəfdə qalaq. Və birdən kimsə götürüb, ürəyi istəyəndə kiminsə yoluna atsın. Öz yolun olmalıdı. Bu yolda qarşına çoxları çıxa bilər.Təki ürəkdən "Xoş gördük” deyə biləsən. Hər şeirini oxuyanda "xoş gördük, Elçin” deyirəm. Sadəcə iki şeirini təqdim edirəm. Əminəm ki, siz də deyəcəksiz "Xoş gördük Elçin”.

Elçin Məmmədovun bir kitabı çap olunub.Əminəm ki, bu ildən başlayaraq hər il yeni bir kitabla o da oxucularına "xoş gördük” deyəcək.

ŞƏHİD



Bir yanan ocağın qaralan közü,

Bir bəxtsiz atanın bükülən dizi,

Bu yurdun alnına yazılan yazı-

Şəhid!

Qanın asimana qalxan buxarı,

Tanrıdan yuxarı, göydən yuxarı,

Atılan güllənin ətdən məzarı-

Şəhid!

Haqsız divanların qurulan vaxtı,

Yerin göy üzünə burulan vaxtı,

Tanrının kar olan, kor olan vaxtı...

Şəhid.

Üstünə yükləsən parçalar dağı,

Nə var e çiynində bu dərddən ağır?

Kasıb qapısında qurulan çadır-

Şəhid!

Ümidsiz gözlərin çatılan qaşı,

Və ömrün bitməyən soyuğu, qışı,

Səmadan asılı qalan göz yaşı-

Şəhid!

Heç vaxt əriməyən zirvənin qarı,

Arzusu yarımçıq, ümidi yarım,

Mərmidən deşilmiş əsgər paltarı-

Şəhid!

Gəlməyən sabahın itkin günəşi,

Yarımçıq bir bəxtin yarım gərdişi,

Sinədən açılan yaylım atəşi-

Şəhid!

Batan bir günəşin can verən bərqi,

Torpağa qan ilə çəkilən sərgi,

Üçrəngli bayrağın dördüncü rəngi-

Şəhid!













ÇƏKİL, İLAHİ



Ayağı yorulmuş,dizi bükülmüş,

Dodağı çatlamış, qan alıb gözü,

Önü yaraşıqlı,sağı bəzəkli,

Solu gül-çiçəkli,qaralıb üzü...

Allah,

Allah,bu karvanın haradır üzü?

Üstündə nə boyda dəfinə gəlir?

Bu ağrı deyil ki, bu dağ deyil ki,

Bu vücud tabuta dustaq deyil ki,

Bu tabut bu cismə yataq deyil ki.

Bu şəhid deyil ki.

Üstünə sərdiyi bayraq deyil ki,

Bəzəkdir,

Bir oğul bəzənib evinə gəlir.

Bu soyuq, bu külək üşütmür,

yaydır, ilahi.

Bu hansı hesabdı, saydı, ilahi?

Belə al-qırmızı yas ola bilməz,

Qurulan bu yasdı, toydu, ilahi?

Hansı bəxtəvərdi çiyinlər üstə,

evinə sevinə-sevinə gəlir.



Susayan torpağa içirib

son damla qanın,

nəfəsi torpağı isidib,

vücudu donub,

Vətənə atılan namərd qurşunun,

Sıxıb Vətən boyda qəlbinə,gəlir.

Bir dəfə...Barı bir dəfə

yarımçıq yazından çəkin,ilahi,

Çəkin e, özündən çəkin,ilahi,

İncimə,

Göy üzündən çəkil, ilahi,

Bir bəndən ən uca yerinə gəlir.

Oxunub: 3 665
Oxşar xəbərlər
SON XƏBƏRLƏR